A–
Bakı, 2 mart, AZƏRTAC
Martın 2-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Ziyad Səmədzadə Prezident İlham Əliyevin ötən gün ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamların əhəmiyyətindən danışıb. O, dünya iqtisadiyyatında baş verən sarsıntılara baxmayaraq, Azərbaycanda əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldığını bildirib.
İclasda “Lisenziyalar və icazələr haqqında” qanun layihəsinin mühüm əhəmiyyətə malik olduğu bildirilib. Qeyd edilib ki, yeni iqtisadi şəraitdə aparılan islahatların davam etdirilməsi siyasəti Azərbaycanın iqtisadi inkişafı üçün əlverişli imkanlar yaradır.
Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdiri Rauf Hacıyev deyib ki, qanun layihəsində əsas dəyişikliklərdən biri lisenziyanın verilməsi qaydalarının daha da sadələşdirilməsi və anlaşıqlı olmasıdır. Layihədə lisenziyanın verilməsi prosesi ardıcıllıqla göstərilib. Bu isə layihə ilə tanış olan sahibkarların lisenziyanın alınması üçün bütün proseduralara bələd olmasına imkan yaradır.
Əsas dəyişikliklərdən birinin də lisenziya ilə bağlı proseslərin elektronlaşdırılması olduğu vurğulanıb. Belə ki, hər bir sahibkar “Elektron lisenziya” portalında öz kabinetini yarada biləcək. Lisenziya üçün müraciət edən sahibkara kağız formasında sənəd deyil, kod veriləcək. Sahibkar bu kodu lazım olan təqdirdə yoxlayıcı orqana təqdim edəcək. Yoxlayıcı orqan bu kod vasitəsilə sahibkarın hansı fəaliyyətlə məşğul olduğunu, onun aldığı lisenziya və icazələri müəyyənləşdirə biləcək. Bununla da yoxlayıcı orqan sahibkarlıq fəaliyyətinin lisenziyaya uyğunluğunu aydınlaşdıracaq. Sahibkar istədiyi təqdirdə kağız formatda da lisenziyanı ala biləcək.
Bildirişlərin göndərilməsi haqqında məlumat verilərək qeyd edilib ki, bildirişlər artıq elektron qaydada təqdim olunacaq. Lisenziya verən orqan sahibkara bildirişi mobil telefon, SMS və elektron poçt, yaxud poçt vasitəsilə göndərə biləcək.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qanun layihəsi haqqında fikirlərini bildirib. O deyib ki, qanun layihəsi beynəlxalq təcrübəyə əsasən hazırlanıb. Lisenziyalarla bağlı məsələlər əvvəllər də tənzimlənirdi. Bununla əlaqədar hüquqi baza mövcud idi. İcazələr sahəsinin isə normativ hüquqi bazası tam mükəmməl şəkildə formalaşmamışdı. Bu qanun layihəsində yeniliklərdən biri də icazələrin hüquqi əsasının qanun şəklində formalaşdırılmasıdır. Qanun layihəsi sahibkarlıq subyektlərinə lisenziya və icazələrin verilməsi prosedurunun sadələşdirilməsi və vətəndaş məmnunluğunun artırılması, qaydaların təkmilləşdirilməsi məqsədilə hazırlanaraq Milli Məclisə təqdim olunub.
Sonra deputatlar qanun layihəsi haqqında fikir və təkliflərini səsləndiriblər.
Qanun layihəsi üçüncü oxunuşda müzakirə olunması üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
AZERTAG.AZ :“Lisenziyalar və icazələr haqqında” qanun layihəsi müzakirə edilib