A+
A–

Bakı, 4 mart, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrı bu ilin növbəti premyerasına hazırlaşır.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, söhbət martın 10-u, 11-i və 12-də nümayiş olunacaq Xalq Yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyadan gedir.
Premyerası 3 gün nəzərdə tutulan “Baladadaşın toy hamamı” əsərinin ilk nümayişi 10 mart - Milli Teatr Günündə baş tutacaq.
“Tamaşada teatrla kino sintez edilib. Eyni zamanda adət və ənənələrimiz, Bakı kəndlərinin özünəməxsus koloriti ustalıqla əks olunub. Var-dövlətin insanın mənəvi zənginliyinin yanında bir heç olması, dünyanın faniliyi, saf, pak sevgi haqqında olan bu lirik əsər inanıram ki, tamaşaçıların böyük marağına səbəb olacaq”, - deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev bildirib.
Qeyd edək ki tamaşanın quruluşçu rejissoru, Xalq Artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar Artist Nofəl Vəliyev, quruluşçu dirijoru Fəxrəddin Atayevdir. Tamaşada səslənəcək mahnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları Xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, Emma Məlikova, aktyorlar Əmrah Dadaşov, Mehriban Zalıyeva, Fərid Rzayev və başqaları ifa edəcəklər.
AZERTAG.AZ :Musiqili Teatrda “Baladadaşın toy hamamı” komediyasının premyerası olacaq
Musiqili Teatrda “Baladadaşın toy hamamı” komediyasının premyerası olacaq