A–
Bakı, 4 mart, AZƏRTAC
İtaliya pitsa hazırlanmasının ənənəvi Neapol variantının UNESCO-nun Dünya İrsi siyahısına salınmasını təklif edib. Bu haqda ANSA agentliyi UNESCO Milli Komitəsinə istinadla məlumat yayıb. Təklifin özü Kənd və Meşə Təsərrüfatı və Ərzaq məsələləri üzrə Nazirlikdən gəlib. UNESCO-nun Milli Komitəsi onu təqdir edib. Mədəni İrs, Mədəni Fəaliyyət və Turizm Nazirliyi isə təklifi dəstəkləyib.
Ərizənin “kuratoru” Pyerluici Petrillo bildirib: “Biz UNESCO-ya rəsmi ərizə ilə müraciət edirik. Təklif 200 ölkə nümayəndəsinin iştirakı ilə müzakirə olunacaq”. P.Petrillo qeyd edib ki, pitsanı UNESCO siyahısına daxil etmək asan olmayacaq, çünki indiyədək Dünya İrsi obyektləri arasında kulinar ənənə olmayıb.
Komissiyanın fikrincə, Neapol pitsa (pitsayolo) ustalarının ənənələri kulinariya çərçivələrindən kənara çıxır. Komitənin məktubunda deyilir: “Pitsa təkcə neapolluların deyil, bütün italiyalıların özünüindentikləşdirmə elementidir. O, bütün dünyada İtaliyanın vizit-kartıdır”.
Gözlənilir ki, qərar Parisdə 2017-ci ildə qəbul ediləcək.
AZERTAG.AZ :İtaliya pitsanı UNESCO-nun Dünya İrsi siyahısına salmaq istəyir