A–
Qadınların sinxron çıxışlarında qaliblər müəyyənləşib.
Belarus təmsilçiləri Anna Narçonak və Tatsiana Piatrenia 47.500 xalla dünya kuboku yarışlarının qızıl medalına sahib olublar. Ukraynalı cütlük Nataliya Moskvina-Marina Kiko 46.700 xalla ikinci, Rusiya batutçuları Yana Pavlova və Viktoria Voronina isə 46.000 xalla üçüncü olublar.
Azərbaycan təmsilçiləri Svetlana Makştarova-Sabina Zaytseva isə dünya kuboku yarışlarını 14.000 xalla yeddinci pillədə başa vurublar.
12:44
Bakı, 6 mart, Səxavət Quliyev, Həsrət Mahmudova, AZƏRTAC
Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) batut gimnastikası üzrə dünya kuboku yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə dünya kuboku ölkəmizdə ilk dəfədir təşkil olunur.
Olimpiya ilində batut gimnastikası mövsümünün ilk yarışı olan turnirdə Avropa ilə yanaşı, Yaponiya, Avstraliya, eləcə də ABŞ-ı təmsil edən idmançılar qatılıb. Ümumilikdə yarışlarda 17 ölkədən 77 gimnast fərdi və sinxron proqramda mübarizə aparır. İştirakçılardan 46-sı kişi, 31-i isə qadındır.
Milli Gimnastika Arenasında keçirilən dünya kubokunun sonuncu günündə kişilər və qadınlar arasında fərdi çıxışlar və sinxron cütlüklərin final yarışları təşkil olunub.
Kişilərin fərdi çıxışlarında finalda Dmitri Uşakov (Rusiya), Vladislav Xançarov (Belarus), Dioqo Qançino (Portuqaliya), Mixail Melnik (Rusiya), Nathan Baley (Böyük Britaniya), Mikalay Kazak (Belarus), Katsufumi Tasaki (Yaponiya) və Artur Zakrzevski (Polşa) mübarizə aparacaqlar.
Qadın idmançılarımızdan isə Svetlana Makştarova fərdi çıxışlarda dünya kubokunun finalına vəsiqə qazanıb. O, 99.255 xalla altıncı yerdə qərarlaşıb. Təsnifatdan sonra birinci yeri 102.160 xalla belaruslu Anna Qorçenok tutub. Böyük Britaniyadan Ketrin Driskol və Pamela Klark, Belarusdan Tatyana Petrenya, Rusiyadan Yanna Pavlova və Susanna Koçesok, eləcə də Ukraynadan Marina Kiyko da finalda çıxış etmək hüququ qazanıblar.
Kişi batutçular arasında sinxron cütlüklərin yarışında təmsilçilərimiz Dmitri Fedrovski və Ruslan Ağamirov 84.100 xalla beşinci pillədə qərarlaşaraq finala yüksəliblər. Vladislav Xançarov-Mikalay Kazak (Belarus), Nikolay Federenko-Dmitri Uşakov (Rusiya), Sebastian Martini-Allan Morante (Fransa), Dmitro Sobakar-Anton Davidenko (Ukrayna), Ginga Munetomo-Katsufumi Tasaki (Yaponiya) və Yasen İvanov-Georgi İliyev (Bolqarıstan) də həlledici mərhələdə çıxış edəcəklər.
Qadın sinxron cütlüklərin yarışında isə qızıl medal uğrunda mübarizəni ukraynalı Nataliya Moskvina-Marina Kiko, belaruslu Anna Narçonak-Tatsiana Piatrenia, Azərbaycan təmsilçiləri Svetlana Makştarova-Sabina Zaytseva, ABŞ-dan Klare Conson-Nikole Ahsinger, ispaniyalı Kristina Masfret-Elvira Santiaqo Beato, rusiyalı Yana Pavlova-Viktoria Voronina, almaniyalı Silva Müller-Leonie Adam davam etdirəcəklər.
AZERTAG.AZ :Belarus batutçuları Bakıda dünya kuboku yarışlarının ilk medalını qazanıblar [YENİLƏNİB]