Texnologiyanın inkişafı bütün sferalarda olduğu kimi, radio-televiziya sahəsinə də öz müsbət təsirini göstərir. Artıq televiziyanın ənənəvi analoq yayımı öz yerini rəqəmsal yayıma verməklə tarixə köçməkdədir. Əlbəttə ki, qəbul olunan və geniş yayılan hər bir yenilikdə olduğu kimi, bu tərəqqinin də öz müsbət tərəfləri var.
Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, artıq dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyəti analoq yayımla vidalaşıb. Səbəb, yeni yayım formatının meydana gəlməsindən sonra ənənəvi yayımın mənfi cəhətlərinin özünü daha aydın göstərməsidir. Analoq yayımda bir tezlikdə yalnız bir tv kanalının yayımı mümkündür. Görüntünün keyfiyyəti aşağı, siqnallar isə zəif olur. Yeni DVB-T formatında, yəni rəqəmsal yayımda isə təsvir və səs siqnallarının ötürülmə və qəbul edilmə keyfiyyəti yüksəkdir.
Osman Gündüz - ekspert: "Rəqəmsal yayım, əlbəttə, ilk növbədə, keyfiyyətli yayım deməkdir. Yəni analoq yayımla müqayisədə, bu yayım kifayət qədər keyfiyyətlidir. İkincisi, bu yayımla təkcə televiziya xidmətini yox, digər xidmətləri də vermək mümkündür. Yəni, deyək ki, data xidmətləri, internet xidmətləri və s. müxtəlif xidmətləri vermək mümkündür. Üçüncüsü də, rəqəmsal yayıma keçməklə digər resursları sərbəstləşdirmək olur. Yəni, televiziya yayımını göstərmək üçün tezlik resursları lazımdır, əlavə resurslara ehtiyac var. Bu baxımdan - keyfiyyət, əlavə xidmətlər, əlavə imkanlar baxımından əlbəttə ki, rəqəmsal yayıma çatan digər yayım növü yoxdur. Bu, kifayət qədər sərfəlidir".
Rəqəmsal yayım zamanı kənar maneələr hiss edilmir - əvvəlki kimi kanallar qarışmır, kölgələnmə baş vermir, informasiyaların saxlanılmasında itki olmur. Rəqəmsal yayımın üstünlüklərindən biri də mobil və portativ qəbuledicilərdə izləməyin mümkünlüyüdür. TV proqramları ilə yanaşı əlavə xidmətlər üzrə - hava haqqında, nəqliyyatın hərəkət cədvəli ilə bağlı məlumatların da ötürülmə imkanı var.
Yayım texnologiyaları inkişaf etdikcə, təsvirin, səsin keyfiyyəti yüksəldikcə bunu, çox asanlıqla hiss etmək mümkündür. Əgər əvvəllər yalnız bu sahədə işləyənlər, tele-radio sahəsində çalışan peşəkarlar keyfiyyətin fərqinə varırdılarsa, indi tamaşaçıların özləri analoq və rəqəmsal yayımın fərqini çox asanlıqla ayırd edirlər və əlbəttə ki, keyfiyyətli görüntüyə baxmağa üstünlük verirlər.
Gəncə sakini: "Əvvəl televizorlara baxanda qane etmirdi, səs yaxşı olmurdu. Görüntü tez-tez itirdi. İndi televizorlar bizi qane edir, daha yaxşı göstərir".
Gəncə sakini: "Yaxşıdır. Problem yoxdur".
Gəncə sakini: "Yaxşıdır, ay bala. Gözəl".
Tovuz sakini: "Görüntüsü, səs effektləri... Kanal fərqi də var".
Tovuz sakini: "Rəqəmsaldan sonra heç bir donma yoxdur. Rənglər də, görüntülər də, hər şey öz qaydasındadır".
Lənkəran sakini: "Analoq verilişlərin keyfiyyəti rəqəmsala qat-qat uduzur. Rəqəmsal yayımda təsvirin keyfiyyəti analoqa nisbətən qat-qat güclüdür".
Mingəçevir sakini: "Loru dillə deyəsi olsaq, analoqda cimcimələr olur tam ekran göstərmir. Amma rəqəmsalda tam ekran göstərir".
Azərbaycanda rəqəmsal yayıma keçidlə bağlı ilk test işlərinə 2004-cü ildən başlanılıb. Ötən ilin sonuna qədər ölkənin bütün ərazisinin rəqəmsal yayımla tam əhatə olunması nəzərdə tutulurdu. Bakıda keçirilən ilk Avropa Oyunları ilə əlaqədar bu işlər müvəqqəti təxirə salındı. Hazırda respublikada yaşayış məntəqələrinin 99 faizi rəqəmsal TV siqnalı ilə əhatə olunub. Vətəndaşlara iki - sosial və kommersiya tipli paketlər təklif olunur. 10-11 kanalın daxil olduğu sosial paketlərdə yerli, yəni dövlət və özəl televiziyaların yayımı pulsuz həyata keçirilir. Kommersiya tipli paketlərdə isə 90-a yaxın kanalı izləmək mümkündür. Bu paketlər hələlik Bakı, Gəncə, Quba və Lənkəranda izləyicilərə təqdim olunur.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

