A–
Bakı, 30 mart, AZƏRTAC
2015-ci ildə Yer kürəsində rekord sayda qəzalar və təbii fəlakətlər baş verib və onlar ümumilikdə 92 milyard dollar həcmində iqtisadi zərərə səbəb olub. Bu barədə məlumatlar İsveçrənin “Swiss Re” sığorta kompaniyasının hesabatında yer alıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ötən il 353 qəza qeydə alınıb ki, onların da 198-i təbii xarakter daşıyıb. Statistikaya görə bu, bir il ərzində baş verən ən çoxsaylı kataklizmdir. 2015-ci ildə həm təbii, həm də insanın səhvindən baş verən bütün kataklizmlərin vurduğu ümumi iqtisadi zərər 92 milyard dollar təşkil edib.
“Swiss Re” sığorta kompaniyasının məlumatına əsasən, keçən ilin ən dağıdıcı təbii fəlakəti Nepalda baş verən və 9 min nəfərin həyatına son qoyan zəlzələ olub. Bu zaman dəyən zərərin böyük hissəsi sığorta ödəmələri hesabına aradan qaldırılıb.
Bununla yanaşı, ən böyük texnogen qəza Çinin Tyantzin liman şəhərində baş verən və 173 nəfərin həyatına son qoyan partlayış hesab edilir. Qəza nəticəsində dəyən 2,5-3,5 milyard dollar həcmində zərər də sığorta kompaniyaları tərəfindən ödənilib.
Hesabatda qeyd olunur ki, keçən il ən çox Asiya ölkələri zərər çəkib. Müxtəlif növ kataklizmlərdən onlara dəyən iqtisadi itkilər 38 milyard dollar təşkil edib.
AZERTAG.AZ :Ötən il Yer kürəsində rekord sayda təbii kataklizm qeydə alınıb