Satan çox, alan yox

Satan çox, alan yox
22:12 19 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Son 4-5 aydır ki, Mingəçevirin mənzil bazarında durğunluq yaşanır.

Kimisi bunu rus rublunun dəyərini itirməsi ilə əlaqələndirir, kimisi də başqa səbəblərlə. Artıq ev alğı-satqısı ilə məşğul olanların bəziləri vəziyyətlə əlaqədar obyektlərini bağlayıblar. Hətta bu durğunluq ticarət sektorunda da müşahidə edilir. Belə ki, son bir neçə ayda ticarət obyektlərində, satış mərkəzlərində alıcılıq qabiliyyəti aşağı düşüb. Şəhərdə mənzillərin və bağların alğı-satqısı ilə məşğul olan Asif Əşrəfli bizimlə söhbətində bildirdi ki, 3-4 ildir ki, bu işlə məşğuldur, ancaq son iki ayda bir dənə də olsun ev sata bilməyib: “Bizim də çörəyimiz bu işdən çıxır. İndi vəziyyət gəlib o yerə çatıb ki, ev satanlar alanlardan çoxdur. Demək olar ki, gün ərzində 3-4 adam gəlib evinin satılması barədə elan verir. Onların da bəziləri banklara olan borclarını ödəyə bilmədiklərinə görə satdıqlarını deyirlər. İki gün bundan əvvəl şəhər sakini Səfurə Əliyeva ikiotaqlı mənzilini satmaq üçün bizə müraciət etdi. Dediyinə görə, iki ildir ki, böyrək çatışmazlığından əziyyət çəkir. 3 bankdan kredit alıb, müalicə olunub. Lakin nə qədər iynə-dərman qəbul etsə də, heç bir nəticə əldə olunmayıb. İndi əməliyyat olunmaq üçün evini satmağa məcbur olub. Yəni demək istəyirəm ki, insanlar axır vaxtlar çox pis duruma düşüblər. Mən özüm uzun illər Rusiyada yaşamışam. Orada qazandığım pulla ev də almışam, ailəmin problemlərini də həll etmişəm. İndi bir neçə ildir ki, buradayam, ancaq son vaxtlar bu işdən də qazanc yoxdur”.

“Evini satanlar indi çoxluq təşkil edirlər”

Şəhərin 20 Yanvar - 25 ünvanında maklerliklə məşğul olan Aydın Heydərov son bir neçə ayda evlərin qiymətinin aşağı düşməsinin də alıcılıq qabiliyyətinə təsir etmədiyini bildirdi: “Evlərin satış qiyməti aşağı düşsə də, insanlar gözləyirlər ki, qiymətlər daha da düşsün. Bu, gözlənilir. Çünki əvvəllər Rusiyadan gəlib ev alanlar indi aldıqları evi satıb geri qayıdırlar. Bəziləri orada uzun müddət yaşadıqlarına görə artıq Rusiyadan ev almağa üstünlük verirlər. Onu da deyim ki, ipoteka kreditləri verilsə, yəqin qiymətlər də stabil olar. İndi gənclərimiz ev olmadığına görə evlənmirlər. Evini satanlar indi çoxluq təşkil edir. Heç satlıq evi daha götürmək istəmirik, çünki qeydiyyat kitabçamızda da yazmağa yer yoxdur. Onu da deyim ki, 3-4 otaqlı mənzilini satanlar birotaqlı ev almağa üstünlük verirlər. Çünki evi satıb çöldə qalmamaq xətrinə bir otaq alıb kifayətlənirlər. Ona görə də şəhərin mərkəzi yerlərində birotaqlı evlərin qiyməti bir az fərqlidir. Məsələn, şəhərin mərkəzində “Leninqrad” tipli birotaqlı mənzilin qiyməti ikiotaqlı mənzilin qiyməti ilə eynidir”.

“Binə” Ticarət Mərkəzindən nisyə alıb gətirdiyim malların pulunu ödəyə bilmirəm”

Bu durğunluq təkcə mənzil bazarında müşahidə edilmir. Digər sahələrdə də bunu aydın görmək olur. Məsələn, elə götürək, ticarət mərkəzlərini, bazarları. Mingəçevir şəhərinin ən böyük ticarət mərkəzindən birində bir neçə saat gəzdik, malların qiymətləri ilə, alıcılıq vəziyyəti ilə maraqlandıq. Çox təəssüflər olsun ki, bu bir neçə saat ərzində ticarət mərkəzində müştərilərin sayı çox az idi. Satıcılardan biri əlindəki siyahını bizə göstərib gileyləndi: “Səhər evdən çıxanda evin xanımı bu siyahını mənə verib dedi ki, axşam evə gələndə bu yazdıqlarım ərzaqları alarsan. İndi mən fikirləşirəm ki, axşam evə gedəndə neyləyəcəm. Tək bu gün deyil ki, alverlə bağlı bu vəziyyət. Elə gün olur ki, heç bizə gəlib salam verən də olmur. “Binə” Ticarət Mərkəzindən nisyə alıb gətirdiyim malların pulunu ödəyə bilmirəm. Bir neçə banka da borcum var. Onu da ödəyə bilmirəm. İnsanlarda pul yoxdur, alverimiz getmir, belə getsə, mən də bu obyekti bağlamaq qərarına gəlmişəm”.

“İşsizlik problemi var, həm də Rusiyadan gələn pul azalıb”

Digər satıcı, 2-ci qrup Qarabağ əlili Aqil Hüseynov alıcı qıtlığından gileyləndi: “Bu iki ayda heç yer pulunu çıxara bilməmişəm. Hər gün durub-durub gedirik, nə bir alan var, nə də nisyələrimizi yığa bilirik. Son 3 aydır ki, əməlli-başlı alver etməmişəm. Qiymətlər baha deyil, alıcı yoxdur. Ötən il vəziyyət bundan bir az babat idi. Bunun da əsas səbəbi odur ki, həm işsizlik problemi var, həm də Rusiyadan gələn pul azalıb. Elə müştərim var idi ki, ötən il hər ay məndən alver edirdi. Bu il isə həmin müştəri bir dəfə də olsun alver etməyib. Bunun bir səbəbi də rus rublunun dəyərdən düşməsidir. Mallarımızı endirimlə satmağımıza baxmayaraq, yenə də alıcı qüvvəsi zəifdir”. Bu gün Bakıda və bölgələrdə yeni iş yerləri açılır, özəl qurumlar və hökumət müəssisələri istifadəyə verilir, işsizlik azalır. Hər ay əmək yarmarkaları təşkil edən Dövlət Məşğulluq Xidmətinə iş üçün insanlar müraciət edir və özlərinə məxsus işlə təmin olunurlar. Buna baxmayaraq, gənclər və orta nəsil yenə də işsizlik problemindən əziyyət çəkirlərlər.

"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/325478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR