A+
A–

Tokio, 3 aprel, AZƏRTAC
“Malayziya Hava Yolları”na məxsus itmiş “Boeing-777-200” sərnişin təyyarəsinin növbəti parçasının Hind okeanında, Mavrikiya sahillərində aşkar edildiyi güman olunur. Bu barədə aprelin 3-də “New Straits Times” qəzeti məlumat yayıb. İlkin məlumatlara görə, söhbət təyyarənin daxilində, biznes-klas salonunda olmuş hissədən gedir.
Malayziyanın Mülki Aviasiya İdarəsinin baş direktoru Azharuddin Abdul Rahmanın sözlərini sitat gətirən qəzet yazır: “Bizim idarənin nümayəndələri mavrikiyalı həmkarlarımızla əlaqə saxlayaraq həmin parçanın nəzarətə götürülməsini xahiş ediblər”. Lakin müxtəlif təxribatlar barədə xəbərdarlıq edən baş direktor əlavə edib ki, hələlik yekun rəy vermək tezdir.
Bir neçə gün bundan əvvəl Malayziyanın nəqliyyat naziri Liou Tionq Lay bildirmişdi ki, itmiş “Boeing-777-200” təyyarəsinin mümkün parçalarının aşkar edilməsi məqsədilə Mozambik və CAR-dan olan həmkarlarından bu dövlətlərin sahil zonalarını tədqiq etməyə icazə istəyib. Nazir deyib: “Əgər biz daha çox parça toplaya bilsək bu, təyyarənin olduğu yeri dəqiqləşdirməyə yardım edə bilər”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
AZERTAG.AZ :Malayziyanın itmiş təyyarəsinin növbəti parçası Mavrikiya sahillərində aşkar olunub