Almaniyanın kütləvi informasiya vasitələrində dərc olunan, bir sıra dövlət və hökumət başçılarının Panamadakı offşor fırıldaqlarında əli olması barədə sənədlərdə İslandiyanın baş naziri Siqmyundur David Qyunnleyqssonun adı da var.
O, 2007-ci ildə yaratdığı şirkət vasitəsilə 1 milyard dollara yaxın vəsaiti vergilərdən yayındırmaqda suçlanır.
Milli.Az Suddeutsche Zeitung-a istinadən bildirir ki, Panamadakı "Mossack Fonseca" hüquq şirkətinin sənədləri buna dəlalət edir.
Sənədlərə görə, Qyunnleyqsson 2007-ci ildə gələcək arvadı Anna Siqurleyq Paulsdottir ilə birlikdə Vircin adalarında "Wintris Inc." adlı şirkət yaradıblar.
Dünən İslandiyanın paytaxtı Reykyavikin mərkəzi meydanına toplaşan minlərlə islandiyalı baş nazirin istefasını tələb ediblər.
Siqmyundur David Qyunnleyqsson isə istefa verməyəcəyini bildirib. O, rəhbəri olduğu Mütərəqqi Partiyanın 2013-cü ilin mayında parlament seçkilərində qalib gəlməsindən sonra baş nazir olmuşdu.
İslandiya Altinqində (ölkə parlamenti) baş nazirə etimadsızlıqla bağlı səsvermənin keçirilməsi nəzərdə tutulur.
Panamadakı offşor qalmaqalında bir çox siyasətçilər, dövlət xadimləri və məşhurların adları hallanır.
Milli.Az









































