"Azərbaycanda qeyri-neft sektorunum inkişaf etməsi sevindirici haldır. Bu il biz ötən ilə nisbətən ölkəyə daha çox turist axını gözləyirik. Qiymətlərin tənzimlənməsi məsələsi isə narahatçılığa səbəb olan əsas amillərdəndir. Bu sərgidə ölkə üzrə münasib qiymətə turpaketlər əldə etmək mümkün olacaq. Qiymətlərin tənzimlənməsi bu sahədə böyük rəqabətə səbəb olacaq. Eyni zamanda, son illər müşahidə etdik ki, Azərbaycana gələn turistlərin əksəriyyəti kənd evlərində qalmağa üstünlük verirlər. Məhz bu səbəbdən bu xidmətləri göstərən ev sahibləri üçün xüsusi təlimlər keçiririk", - deyə nazir qeyd edib.
Ə.Qarayev bildirib ki, bu il əsasən Rusiya, İran və Körfəz ölkələrindən turist axınının artacağı gözlənilir: "Eyni zamanda bu gün AZAL-ın nümayəndələri ilə müzakirələr apardıq ki, Körfəz ölkələrinə birbaşa aviareyslər açılsın. Hazırda danışıqlar gedir. Amma son rəqəmlər onu göstərir ki, ölkəyə turist cəlb etmə sahəsində Avropa da önəmli yer tutur. Çünki hər il Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayı artır. Rəqəmlərlə desək Avropadan gələn turistlərin sayı 20-30% artıb".