A+
A–

Bakı, 18 aprel, AZƏRTAC
“Youth Inc.” gənclərin sahibkarlıq proqramı öz biznesinə başlamaq istəyən və hazırda yeni biznesini inkişaf etdirən gənc sahibkarları “Paylaş. Qazan. Biznesinə başla!” adlı onlayn müsabiqədə iştirak etməyə və 2 500 AZN-dək ilkin investisiya əldə edərək “Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin imkanlarından yararlanmağa dəvət edir. “Coca-Cola” və Gənclər və İdman Nazirliyini dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) tərəfindən 2013-cü ildən həyata keçirilən “Youth Inc.” proqramı gənc sahibkarlığın inkişafı geniş imkanlar təklif edir.
DVC-dən AZƏRTAC-a bildirilib ki, bu müsabiqə vasitəsilə gənc sahibkarların biznes-ideyaları ictimaiyyət tərəfindən qiymətləndiriləcək və gənclər ideyalarını reallaşdırmaq üçün müəyyən investisiya əldə edəcək. Biznes ideyası olan və ideyanı həyata keçirməyə hazır hər bir 18-35 yaş arasındakı gənc sahibkar komandası ilə birgə müsabiqəyə qatıla bilər.
Bunun üçün biznes-ideyanı share.youthinc.az ünvanında qeydiyyatdan keçirmək lazımdır. On gün ərzində biznes-ideyanın müsabiqəyə buraxılması təsdiqlənəcək və “Youth Inc.” proqramının “Facebook” səhifəsində yerləşdiriləcək. Bundan sonra, səhifədən biznes-ideyanın paylaşımları (“share”) həyata keçiriləcək – daha çox paylaşım, daha çox investisiya deməkdir. Hər bir paylaşan şəxs biznes-ideyaya dəstək göstərmiş və onu təqdim etmiş gənc sahibkar üçün investisiya gətirmiş olacaq. On dörd gün ərzində müsabiqənin qaydalarına əməl etməklə, ən çox paylaşılan biznes-ideya sahibi hər paylaşıma görə 1 AZN əldə edəcək. Qalib biznes-ideya 2 500 AZN-dək investisiya qazanacaq. Müraciətlərin qəbulu aprelin 22-də saat 18:00-da başa çatacaq.
"Youth Inc." proqramı haqqında daha ətraflı məlumatı www.youthinc.az saytından əldə etmək olar.
AZERTAG.AZ :“Youth Inc.” biznesə başalamaq istəyən gənclər üçün müsabiqə elan edir