A+
A–

Bakı, 19 aprel, AZƏRTAC
Polşanın Pomorski vilayətinin Veyherova şəhərindəki Piaşnitsa məzarlığında Leon Krıçinskinin xatirəsini əbədiləşdirmək məqsədilə abidənin açılış mərasimi keçirilib.
Azərbaycanın Polşadakı Səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbir Pomorski vilayətinin rəhbərliyi, Qdınya şəhərində yerləşən Hərbi Dəniz Qüvvələrinin Baltik dənizindəki üçüncü briqadası və həmin vilayətdə fəaliyyət göstərən Polşa Tatarları Cəmiyyəti tərəfindən təşkil edilib.
Tədbir yüksək hərbi protokol qaydalarına uyğun olaraq keçirilib. Burada Pomorski vilayətində fəaliyyət göstərən Tatar icmasının rəhbəri Yerjı Şahunjeviç Leon Krıçinskinin keçdiyi həyat yolu, Krımın və Azərbaycanın azadlığı uğrunda fəaliyyətindən bəhs edib. O, göstərdiyi dəstəyə görə Azərbaycanın Polşadakı səfirliyinə təşəkkürünü bildirib.
Tədbirdə xristian və müsəlman dini ayinləri icra edilib. Burada iştirak edən üçüncü briqadanın əsgərləri L.Krıçinskinin şərəfinə yaylım atəşi açıb. Səfirlik tərəfindən çap edilmiş, müəllifi Vilayət Quliyev olan “Polyaklar Azərbaycan Demokratik Respublikasında” kitabı tədbir çərçivəsində təqdim olunub. Həmin kitabda Krıçinski qardaşları haqqında dəyərli tarixi məlumatlar öz əksini tapıb.
Abidənin üzərində yazılıb: “Leon Nayman Mirza Krıçınski (1887-1939). Hüquqşünas, yazıçı, səyyah. Krım və Azərbaycanın müstəqilliyi uğrunda fəal iştirakçı. Polşa tatarlarının mədəni dirçəlişinin banisi. Tatar, polyak, müsəlman, avropalı, Polşa Respublikasının vətəndaşı kimi vəzifə başında həlak olub. Tatarlar, Piaşnitsa 10.10.2015”.
Leon və Olqred Krıçinski qardaşlarının Azərbaycan Xalq Cümhuriyyətinin quruculuğunda xidmətləri böyükdür. Belə ki, Olqred Krıçinski AXC-nin ədliyyə nazirinin müavini, Leon Krıçinski isə AXC Nazirlər Kabinetinin katiblik rəisi olub. 1920-ci il aprelin 27-də Azərbaycanı tərk edən qardaşlar AXC-nin süqutunun son gününədək tutduqları vəzifələrində fəaliyyət göstəriblər.
Tədbirdə səfirliyin müşaviri Ülvi Baxşəliyev iştirak edib.
AZERTAG.AZ :Azərbaycan Xalq Cümhuriyyətinin quruculuğunda iştirak etmiş Leon Krıçinskinin xatirəsinə Polşada abidə ucaldılıb