A+
A–

Tokio, 20 aprel, AZƏRTAC
Mozambik sahillərində tapılan parçalar iki il bundan əvvəl Hind okeanında itmiş Malayziya Hava Yollarına məxsus “Boeing 777-200” sərnişin təyyarəsinə aiddir.
Bu barədə Avstraliyanın infrastrukturun inkişafı və nəqliyyat naziri Darren Çester Kanberradakı laboratoriyada Mozambikdə tapılmış parçaların analizi ilə bağlı şərh verərkən bildirib.
Nazirin sözlərinə görə, həmin parçaların üzərindəki boyaq və işarələr Malayziya Hava Yolları tərəfindən istifadə edilən boyaq və trafaretlərlə uyğun gəlir. Bu isə o deməkdir ki, həmin parçalar MH370 reysini həyata keçirmiş təyyarəyə məxsusdur.
Nazir, həmçinin bildirib ki, itmiş təyyarənin axtarışı ilə məşğul olan qrup Avstraliyanın qərbində yerləşən axtarış zonasının son 20 min kvadratkilometrini təhqiq etməyə başlayıb.
Xəbər verdiyimiz kimi, axtarışlarda iştirak edən Çinə məxsus “Dong Hai Jiu 101” gəmisi ötən ayın sonlarında kabel-trosun qırılması nəticəsində dərin su sonarını itirmişdi. Nazir bildirib ki, həmin sonar tapılaraq uğurla dənizin dibindən çıxarılıb. Frimentla limanında mütəxəssislər tərəfindən yoxlandıqdan sonra gəmi axtarış zonasına dönəcək.
Avstraliyanın Nəqliyyatda Təhlükəsizlik Bürosunun əməkdaşları isə bildiriblər ki, CAR və Mavrikiya sahillərində tapılan təyyarə parçaları da artıq Kanberraya gətirilib. Bu parçaların da itmiş təyyarəyə məxsus olduğu güman edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
AZERTAG.AZ :Mozambikdə tapılan parçalar itmiş “Boeing 777-200” sərnişin təyyarəsinə aiddir