Aktau şəhər ictimaiyyəti Xocalı soyqırımı ilə bağlı həqiqətlər barədə məlumatlandırılıb

Aktau şəhər ictimaiyyəti Xocalı soyqırımı ilə bağlı həqiqətlər barədə məlumatlandırılıb
12:08 23 Fevral 2015
137 Ölkə
Ölkə mətbuatı
A- A+


Aktau, 23 fevral, AzərTAc
Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun dəstəyi ilə şəhərin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbirdə Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri, Aktau ictimaiyyətinin, şəhərdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, diaspor təşkilatlarının və yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Xocalı soyqırımını əks etdirən fotosərgi, faciə ilə bağlı müxtəlif dövrlərdə nəşr edilmiş, həmçinin ermənilərin azərbaycanlılara qarşı uzun illər boyu apardığı işğalçılıq siyasətindən bəhs edən kitablar nümayiş etdirilib.
Baş konsul Rəşad Məmmədov 1992-ci ilin fevral ayında Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində yaşayan azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş soyqırımı haqqında məlumat verib. O, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində keçirilən tədbirlər barədə danışıb. Xocalı soyqırımına dünya ölkələrinin rəhbərləri və parlamentləri tərəfindən siyasi qiymət verilməsinin vacibliyini diqqətə çatdırıb.
Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin sədri Vaqif Nəbiyev çıxış edərək, Qazaxıstanın qərb regionlarında “Xocalıya ədalət!” kampaniyası ilə bağlı regionda fəaliyyət göstərən azərbaycanlıların icma təşkilatlarının gördüyü işlər barədə məlumat verib.
Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələri Fatimə Hümbətova və Aygün Əliyeva, uzun illərdir Aktau şəhərində yaşayan həmyerlimiz, şair Rövşən Həsənli Azərbaycan və rus dillərində Xocalı soyqırımı ilə bağlı şeirlər söyləyiblər.
Sonra Aktau şəhərində yaşayan azərbaycanlı gənclər Firuzə Nəsibova, Abbas Əliyev, Aytən Məmmədova, Aygün Əliyeva, Aslan İsayev, Aidə Əliyeva və Elşən Mehtiyev tərəfindən baş konsulluğun dəstəyi ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanmış “Çağırış” adlı videoklip nümayiş olunub.
Bundan başqa, Ermənistanın xalqımıza qarşı törətdiyi qanlı cinayətlər, xüsusilə də Xocalı soyqırımı barədə faktların dünyaya yayılması, ölkəmizə qarşı məkrli siyasətin həyata keçirilməsinin qarşısının alınması, Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün “Xocalıya ədalət!” kampaniyasına dəstək olaraq, Azərbaycanın Aktau şəhərindəki baş konsulluğu tərəfindən Qazaxıstanın informasiya məkanında yaradılmış www.xocali.kz saytının yenilikləri barədə təqdimat keçirilib.
Daha sonra Aktau şəhərində yaşayan gənclərin birgə səyi nəticəsində hazırlanmış “Справедливость Ходжалы” adlı rep üslubunda kompozisiya Elşən Mehtiyev tərəfindən ifa edilib.
Mərasimin sonunda tədbir iştirakçıları “Renessans-Aktau” otelinin qarşısında, şəhərin iri yol qovşaqlarının biri olan ərazidə toplaşıb “Xocalı” şüarı formasında düzülərək, müxtəlif dillərdə “Xocalıya ədalət!” sözləri yazılmış yüzlərlə qara rəngli şarı səmaya buraxıblar.
Tədbir zamanı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində imza kampaniyası təşkil edilib və 200-ə yaxın petisiya imzalanıb.
İlahə Əhmədova
AzərTAc-ın xüsusi müxbiri
Aktau











Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Aktau_seher_ictimaiyyeti_Xocali_soyqirimi_ile_bagli_heqiqetler_barede_melumatlandirilib-834130

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR