Xaçmaz rayonunun Xudat şəhərində qətl hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, 80 yaşlı Fatma Ramazan qızı İbrahimxəlilova 53 yaşlı qonşusu Rafiq Məhəmməd oğlu Xudaverdiyev tərəfindən bıçaqla qətlə yetirilib. Mərhuma 3 bıcaq zərbəsi endirilib.
"Hadisəni törədən Rafiq Xudaverdiyev saxlanılıb".
Hazırda Xaçmaz polis şöbəsinin Xudat bölməsinin əməkdaşları hadisə yerindədir. Qətlin başvermə səbəbləri araşdırılır. Hadisəni törədən Rafiq Məhəmməd oğlu Xudaverdiyev Xudat Şəhər Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Xaçmaz rayon prokurorunun böyük köməkçisi Əlibaba Şahverənov ANS PRESS-ə verdiyi aşıqlamasında faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işinin başlandığını bildirib. Əlibaba Şahverənov hadisə ilə bağlı əlavə məlumatların veriləcəyini bildirib.

Analoji hadisə ötən il Xaçmazda baş verib. Qətl hadisəsi 92 nömrəli texniki peşə məktəbinin qarşısındakı küçədə baş verib. Əlihəsən Fətullayev qonşusu Polad Nəbiyevi aralarında yaranan mübahisə zəminində bıçaqlayaraq qətlə yetirib. Xaçmaz Prokurorluğunda Əlihəsən Fətullayevə qarşı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.