Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Radik Məmmədov və Nazim Zəkərayevin cinayət işi üzrə məhkəmənin baxış iclası davam etdirilib.
Milli.Az report-a istinadən bildirir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən şəxsin nümayəndəsi Adik Xeyirov ifadə verib.
A.Xeyirov ifadəsində təqsirləndirilən Radik Məmmədovun onun qonşusu olduğunu bildirib: "On ildir ki, onu görmürdüm. Qardaşımı içmək adı ilə aparıb linglə vurub öldürüblər".
N.Zəkərayevin atası Şakir Zəkarayev oğlunun günahsız olduğunu deyib: "Hadisədən sonra oğlum özünü asmaq istəyirdi. Onu şahid qismində polis şöbəsinə apardım. Oğlumun günahı yoxdur".
R.Məmmədov hadisəni onun törətmədiyini, qatilin azadlıqda olduğunu deyib.
Məhkəmənin növbəti iclası mayın 23-nə təyin edilib.
Qeyd edək ki, 2015-ci il okyabrın 18-də Xaçmaz rayonunun Ləcət kəndi yaxınlığındakı meşə massivində üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, tapılan cəsəd Xudat şəhərində yaşayan 1982-ci il təvəllüdlü Zamiq Namiq oğlu Xeyirovundur. Hadisədən sonra Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov və N.Zəkərayev tutulub. Təqsirləndirilən şəxslər Z.Xeyirovu quldurluq niyyəti ilə öldürdüyünü bildiriblər.
Milli.Az