Bakı, 24 fevral, AzərTAc
OPEC neftin qiymətlərinə dair fövqəladə iclas keçirə bilər. Bu barədə The Financial Times qəzeti Nigeriyanın neft naziri, OPEC-in prezidenti Diezani Alison-Maduekeyə istinadla məlumat yayıb.
AzərTAc xəbər verir ki, Alison-Maduekenin sözlərinə görə, Ərəb ölkələri istisna olmaqla demək olar ki, OPEC-ə üzv bütün dövlətlər hazırda elə də yaxşı vəziyyətdə deyil. Əgər dünya bazarında neftin qiyməti daha da aşağı düşərsə, çox güman ki, növbəti altı həftə ərzində OPEC-in fövqəladə iclası çağırılacaq, - deyə o, The Financial Times qəzetinə müsahibəsində bildirib.
Xanım nazir artıq təşkilata üzv ölkələrlə danışıqlar aparıldığını da deyib.
Fevralın 24-də Londonun ICE birjasında keçirilən hərracların nəticələrinə görə brent markalı neftin barrelinin aprel fyuçerslərinin qiyməti 0,56 faiz ucuzlaşaraq 58,56 dollardan satılıb. 2014-cü ilin iyun ayından bəri brent markalı neftin barrelinin qiyməti təxminən 50 faiz aşağı düşüb.