Bəlkə də, çox az adam bilir ki, Xocalı soyqırımının qurbanlarını lentə almış əfsanəvi jurnalist, Milli Qəhrəman Çingiz Mustafayev hadisə yerinə çatanda helikopterdən minalanmış sahəyə tullanmalı olub. Soyqırım törətmiş Ermənistan silahlı qüvvələri xüsusi vəhşilik elədikləri əraziləri minalayıblarmış ki, meyitlər nə jurnalistlərin, nə də Azərbaycan əsgərlərinin əlinə keçsin. İzləri bu cür itirmək istəyirmişlər.

Çingiz Mustafayevi aparan helikopter hadisə yerinə yaxınlaşanda Azərbaycan əsgərləri artıq orada imiş. Əsgərlər yaxınlaşan helikopteri görəndə işarə verirlər ki, ərazi minalanıb, geri qayıtsın. Lakin Çingiz Mustafayevin və yoldaşlarının təkidini nəzərə alan pilot yerdən 2 metr hündürlüyə qədər enir, jurnalistlər tullanmalı olurlar. Bəlkə, bu da bir tale sınağı idi - sonradan məlum olmuşdu ki, jurnalistlər yerə düzülmüş minalardan 1-2 metr aralı düşüblər.

Həmin dəqiqələrdə Çingiz Mustafayevlə birlikdə olmuş əməkdar jurnalist Mais Məmmədov Xocalıya getmək üçün helikopteri çox çətinliklə əldə etdiklərini deyir. “Xocalıda soyqırım olduğunu eşidən kimi Ağdama tələsdim. Çingiz artıq orda idi. Şəhər faciənin təsiri altında çaxnaşma içində idi. Bir tərəfdən meyitlər gətirilir, o biri tərəfdə tabutlar düzəldilirdi, meyitlər dəfn edilirdi. Hadisə yerinə getmək üçünsə helikopter lazım idi. Ağdamda bizə heç kim kömək edə bilmədi. Bakıya, hətta Ayaz Mütəllibova qədər müraciət elədik. Bizə yardım eləmədilər. Sanki faciənin izini itirmək istəyirdilər”,- deyə Mais Məmmədov ANS PRESS-in əməkdaşı ilə söhbətində bildirib.

Faciə isə çox dəhşətli idi. Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərini işğal etmişdi. SSRİ dövründən Xankəndidə yerləşən 366-cı motoatıcı alayı da öz zirehli texnikası və hərbi heyəti ilə Ermənistan ordusuna yardım etmişdi. Şəhəri tərk edərək Ağdama getmək istəyən 2500 Xocalı sakini gülləbəran edilmişdi. Yaralılara ağır işgəncə verildikdən sonra öldürülmüşdülər. Hadisə nəticəsində 613 azərbaycanlı qətlə yetirilmişdi. Ölənlərin 404-ü kişi, 146-sı qadın, 63-ü uşaq olub. 1275 Xocalı sakini əsir götürülüb, 150 nəfər itkin düşüb.

Ermənilər bu müdhiş soyqırımı bilərəkdən etdiklərini gizlətmirlər. İndiki Ermənistan prezidenti Serj Sarkisyan britaniyalı araşdırmaçı jurnalist Tomas de Vaalla söhbət zaman Xocalıda yaşayan azərbaycanlıları bilərəkdən qırdıqlarını etiraf edib. "Xocalıya qədər azərbaycanlılar düşünürdü ki, erməni ordusu dinc əhaliyə toxunmaz. Biz bu fikri dəyişmək üçün Xocalıda azərbaycanlıları qırdıq", - deyə Serj Sarkisyan vurğulamışdı. Ermənistanın indiki müdafiə naziri Seyran Ohanyan o vaxt 366-cı motoatıcı alayın mayoru idi və dinc azərbaycanlıları qıran cəlladlara o rəhbərlik edirdi. Xocalı əməliyyatında iştirak etmiş bir Livan ermənisi Seyran Ohanyanın təkidi ilə insan dolu çaladan keçərək getdiyini yazır: "Bu adamların çoxu yaralı idi. Bir qızın imdad diləyən gözləri sifətimə dikilmişdi. Mən bu gözləri görməmək üçün çəkməni onun sifətinə basdım. Çalanın o biri tərəfinə çatanda sinəmə qədər qanın içindəydim".

Təbii ki, qırğın Ermənistan silahlı qüvvələrinin, onların Moskvadakı havadarlarının planlaşdırdığından qat-qat dəhşətli alınmışdı. Buna görə də ermənilər hər vəchlə faktları gizlətməyə çalışırlar. Hadisə yerinə jurnalistlərin getməsi üçün vertolyotun tapılmaması da bununla bağlı idi. Məsələ bundadır ki, nominal olaraq SSRİ yanvarın 1-dən ləğv edilsə də, hər şey Moskvdan idarə edilirdi və Azərbaycandakı hərbi birləşmələr, hilikopterlər və s. də Rusiyaya tabe idi.

Bakıdan helikopter ala bilmiəyən jurnalistlər Gəncəyə zəng edirlər. O vaxt dövlət müşaviri işləyən Abbas Abbasov doğulduğu Gəncə şəhərində imiş. Abbas Abbasov şəhərdəki hərbi hissə ilə danışaraq helikopter ala bilib. “O bizə iki helikopter aldı. Biri sərnişin helikopteri idi, arxasınca sanitar helikopteri gəlirdi. Abbas müəllim dedi ki, o sizi qoruyacaq. Ermənilər atəş aça bilərdilər. Sonradan öyrəndik ki, hadisə yerinə getməyə helikopter verilməməsi üçün Gəncəyə də tapşırıq verilibmiş. Amma Abbas müəllim rus komandirə xeyli pul verərək helikopter ala bilib”, - deyə Mais Məmmədov vurğulayır.

“Mənim operatorum var idi, amma Çingiz özü çəkirdi. Çingiz dözə bilmirdi, göz yaşları içində hıçqıra-hıçqıra danışırdı. Bilirsən, mən Moskva televiziyasının müxbiri idim. Çəkdiklərimi qayçıladılar, elə bir material verdilər ki, nə baş verdiyini anlamaq olmurdu. Amma Çingiz müstəqil idi, Azərbaycan tarixinin bu dəhşətli faciəsini bütün dünyaya tanıtdı. Üstəlik, məsələ ilə bağlı film də çəkdi”. Mais Məmmədov bu sözlərdən sonra Çingiz Mustafayevlə Xankəndiyə etdikləri səfəri xatırlayır: “Qarabağa səfər edən Yeltsini müşayiət edirdik. Bir dəstə erməni yığılıb Azərbaycan əleyhinə şüarlar səsləndirirdi. Çingiz dözə bilmədi və ayağa qalxdı ki, onların cavabını versin. Bir təhər saxladım. “Mais müəllim, - deyirdi,- icazə ver kəsim səslərini”. Bir təhər sakitləşdirdim. O çox vətənpərvər idi. Düzdür, onu dünyaya gətirmiş ana, belə bir oğul tərbiyə etdiyinə görə bütün Azərbaycanın sevimlisi olan mərhum Naxış ana ona dönə-dönə ehtiyatlı olmağı tapşırırdı və anasını çox sevən Çingiz bu öyüdə qulaq asmağa çalışırdı. Amma Azərbaycanı həddindən çox sevən Çingiz milli məsələdə heç zaman geri dura bilmirdi”.

77 yaşlı əməkdar jurnalist Qarabağın tezliklə Azərbaycana qaydacağına inanır: “Yəqin ki, o günləri mən görəcəm. Onda təklif edəcəm ki, Çingizin həlak olduğu Naxçıvanik kəndində onun heykəli qoyulsun. Həm də arzum budur ki, azad edəndən sonra Xocalının əsas prospektinə Çingiz Mustafayevin adını verək. Axı Xocalının faciəsini bütün dünyaya Çingiz tanıtdı”.
Mənbə
ANS PRESS