Xaçmazın Xudat şəhərini çirkab suları bürüyüb.
Milli.Az anspress-ə istinadən bildirir ki, Xudat şəhərinin aşağı hissəsində yaşayan sakinlər yayın isti günlərində də üfunət, kəskin qoxu gələn yerdə yaşamağa məcbur qalıb.
Şəhərdəki konserv zavodunun rəhbərliyi ərazilərindəki, lakin ümumi istifadədə olan kanalizasiya borularını çıxarıb. Nəticədə çirkab suları indi şəhər küçələrinə axır. Sakinlər bu ərazidə qarın yatalağı kimi qorxulu xəstəliyin yayılacağından ehtiyatlanırlar.
Xudat şəhərindən Nabran istiqamətinə yol boyu boruların çıxarıldığı müşahidə edilir. Vaxtilə yerin altı ilə Xəzər dənizinə axıdılan çirkab suları indi açıq halda Xudat şəhərinin ərazisinə, oradan isə sahələrə, həyət-bacalara axmaqdadır. Bu ərazilərdə isə 10 mindən artıq sakin yaşayır. Üstəlik, Xudat sərhəd dəstəsinin şəhərciyi də burada yerləşir.

Xaçmaz İcra Hakimiyyətinin başçısının Xudat şəhəri üzrə nümayəndəsi Akif Mərdanov da işlək vəziyyətdə olan kanalizasiya xəttini Xudat konserv zavodunun dağıtdığını deyib. Xudat konserv zavodunun rəhbəri Məhərrəm Həsənov isə bu ittihamları rədd edir. O bildirib ki, kanalizasiya borularının çıxarılmasında onların əli yoxdur.
Onda zavodun ərazisindən başlayaraq bu boruları kim çıxarıb? Şəhərə axan çirkab sularının qarşısını kim alacaq?
"Azərsu" Səhmdar Cəmiyyətinin Xaçmaz Rayon Şöbəsindən isə bildirilib ki, sözügedən məsələnin onlara heç bir aidiyyəti yoxdur, çünki həmin kanalizasiya xətləri qurumun balansında deyil.
Xudat Polis Şöbəsindən isə bildirdilər ki, məsələ ilə bağlı onlara rəsmi müraciət olunmadığından araşdırma aparılmayıb.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:


