Bu gün qadın voleybolçular arasında Avropa Liqasının final mərhələsinə start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,Azərbaycan millisi ilk oyunda Slovakiya yığmasının qonağı olub.

Voleybolçularımız Nitrada baş tutan qarşılaşmada da qələbə seriyasını davam etdirib. Faiq Qarayevin yetirmələri 9-cu matçda 3:1 hesabı ilə qalib gəliblər.

Belə ki, oyun Azərbaycan millisinin üstünlüyü ilə başlayıb. İlk setdə ardıcıl hücumlar və müdafiədə inamlı çıxış ev sahiblərini çətin vəziyyətə salıb. Bundan istifadə edən voleybolçularımız hissəni 6 top irəlidə bitiriblər.

İkinci setdə rəqib təşəbbüsü ələ alıb və status-kvonu bərpa edib. Üçüncü hissənin əvvəli də Slovakiyanın inamlı çıxışı ilə yadda qalıb. Lakin Faiq Qarayevin taktiki gedişləri oyunun axarını dəyişib. Onun hesab 20:22 olarkən götürdüyü taym-aut isə komandamızda özünəinamı artırıb. Ardıcıl 5 top (!) qazanan voleybolçularımız yenidən setlərin fərqində önə çıxıb - 2:1.

Dördüncü hissə isə millimizin tam üstünlüyü şəraitində keçib. Ev sahibləri setin sonunda fəallaşsalar da, təmsilçimiz layiqli oyun sayəsində matçın hesabını müəyyənləşdirib - 3:1.

Beləliklə, komandamız iyulun 3-də Bakıda keçiriləcək cavab görüşünə üstün çıxacaq. Millimizə çempionluq üçün 2 setdə qələbə belə kifayət edəcək.

Qeyd edək ki, yarışın qalibi baş mükafatla yanaşı, Dünya Qran-prisinə vəsiqə də əldə edəcək.

Avropa Liqası
Final mərhələsi, ilk oyun
30 iyun


Slovakiya - Azərbaycan - 1:3 (19:25; 25:18; 22:25; 20:25)
Hakimlər: Marko Yankoviç (Serbiya), Tibor Yeva (İtaliya)
Nitra, Şəhər Sarayı
Milli.Az