Onu Amerikada “Allahların qidası” adlandırırdılar. Avropada isə “qara qızıl”. Bir vaxtlar zadəganların, imtiyazlı şəxslərin yeməyi sayılırdı. Amma ötən əsrin əvvəllərində başlayan kütləvi istehsaldan sonra hamı üçün əlçatan oldu. Və indi dünyada elə bir adam tapa bilmərsən ki, onun dadına baxmamış olsun. Bu gün onun günüdür, şokoladın. Ümumdünya Şokolad Günü...
Təxminən bizim eradan 1500 il əvvəl Meksika körfəzi sahillərində, indiki Honduras və Qvatemala ərazisində mayyalılar kakao adlanan ağacdan istifadə etməyə başladılar. İş o yerə çatdı ki, onlar bu ada sahib olan Allaha da inanır, sitayiş edirdilər. Onlar üçün kakao müqəddəs sayılırdı.
Bizim eranın ilk yüz ilində onlar artıq kakaodan müxtəlif məmulatlar hazırlamağı bacarırdılar. Mənbələrə inansaq, ilk dəfə şokolad içkisini də onlar yaratmışdılar. Astek əfsanələrində isə deyilir ki, kakao bitkisi bu dünyaya cənnətdən göndərilib.
Deyilənə görə, Xristofor Kolumb kakao paxlalarını Avropaya, daha dəqiqi ispan kralı Ferdinanda özünün Amerikaya dördüncü səfəri zamanı gətirmişdir. Lakin heç kim Kolumb tərəfindən gətirilən bu qiymətli bitkilərin mənasını dərk edə bilmədi. Kolumbdan sonrakı 100 il ərzində kakao və ondan hazırlanan şokolad Avropada yayılmağa başladı. Kakaonun 1 kilosu 40-60 şillinqə satılırdı. Bunu isə ancaq varlı adamların almaq imkanı vardı. İspan tarixçi Ovyedo yazırdı: “Yalnız varlılar və hörmətli şəxslər özünə şokolad içməyə icazə verə bilərdi, çünki bunu içmək pulu içmək demək idi. Bütün ölkələrdə kakao – paxlalarını valyuta kimi istifadə edirdilər. 100 kakao toxumuna həmin vaxt bir yaxşı kölə almaq mümkün idi”.
Avropaya aparıldıqdan sonra kakao ilk əvvəl kilsəyə və kralın sarayına düşür, burada saray qadınları tərəfindən xüsusən sevilir. İspaniyadan "kcokolatl" Avropanın digər bölgələrinə də yayılır və nəticədə meksikalılardan fərqli olaraq tərkibinə şəkər tozu, həmçinin vanil də əlavə edilir. Alman imperatoru olan V Karl hiylə işlədərək kakaonu öz inhisarına almışdı. Amma XVII əsrdə kakao qaçaqmalçılıq yolu ilə Niderlanda gətirilir. İlk dəfə şokoladın hazırlanması üçün lisenziyanı isə italiyalılar əldə edir. Tezliklə, İngiltərədə "Chocolate Houses" kofe və çay salonları açılır. XIX əsrdə ilk dəfə şokolad plitələri yaradılır, Jan Neaus isə ilk içərisi doldurulmuş konfetin yaradıcısı hesab olunur.
Azərbaycanda şokoladın geniş vüsət alması XX əsrin birinci yarısına təsadüf edir. Həm çar Rusiyası dönəmində, həm də SSRİ-nin tərkibində olarkən, Azərbaycanda da bu məhsulun istehsalı olub. Şokolad Azərbaycanlı ailəsinin də ən sevimli dadına çevrildi. Artıq çay süfrələrində, məclislərdə, qonaqlıqlarda, şənliklərdə, bayramlarda, toylarda və bir sözlə hər yerdə yerli şokolad məhsullarına rast gəlinirdi. Yerli istehsal tez bir zamanda İttifaqda da geniş yayılaraq sevilməyə başlanıldı. Bu sırada orta və yaşlı nəslin yaxşı xatırladığı “Çinar” şokoladlarını göstərmək olar.
Amma təəssüf ki ənənələrə baxmayaraq Azərbaycan şokolad ixrac edən ölkə kimi yox, idxal edən ölkə kimi tanınır. Statistika Komitəsinin məlumatına görə, Azərbaycana şokolad və tərkibində kakao olan digər hazır ərzaq məhsulları idxal edən ölkələrin üçlüyündə Rusiya, Ukrayna, Türkiyə qərarlaşıb.
Azərbaycan təkcə Rusiyadan 2015-ci ilin 6 ayı ərzində 4 min 696,7 ton qeyd olunan məhsul alıb. Hətta Malayziya belə Azərbaycana şokolad ixrac edir.
Rusiyadan söz düşmüşkən, çox az adama məlumdur ki, bu ölkənin ən məşhur şokolad brendi olan “Babaevski” azərbaycanlı şəxsin adını daşıyır. İstər sovet dönəmində, istərsə də indi çox adamın üstünlük verdiyi “Babaevski” brendinin yaradıcısı, əslən Şəkidən olan Pyotr Hakim oğlu Babayevdir.
Bu isə artıq tamam başqa bir yazınını mövzusudur. Odur ki, Lent.az-ı izləyin.


