“ATV maqazin onlarla” verilişinin “Hit-parad” rubrikasının növbəti qonağı müğənni Sevda Yahyayeva olub.

Axşam.az-ın məlumatına görə, sənətçi Əhməd Mustafayevin duetini onuncu yerə layiq görüb:

“Hələ bu mahnı hit deyil, heç yanda eşitməmişəm. Ceyhun Əliyevi çox bəyənirəm, çox istedadlıdır. Bu onluğun içində olmaq da uğur sayılır. Yeni mahnısı hələ özünü tam tutmayıb və onu doqquzuncu yerə layiq görürəm.

Səkkizinci yerdə Murad Arif olsun. Onun mahnısı rəqs etmək, dincəlmək üçün yaxşıdır. Aramızda inciklik olmuşdu, amma danışıb yoluna qoyduq.

Yeddinci yerdə dostum Rəhim Rəhimli olsun".

S.Yahyayeva həmkarı Günay İbrahimlini altıncı pilləyə qoyub:

"Mən nə qədər stress keçirirəm bilə bilməzsiniz. Günay altıncı yerdə olsun. Uğurlar arzulayıram, istedadlı qızdır. Nələrsə etmək istəyir, yaxşı mahnılar da seçir. Yeni mahnısı çox da xoşuma gəlmədi, maşında qulaq asmaram. “Dəlisiyəm gecənin” bəstəsi daha yaxşı idi. Bizim ifalarımız oxşadırlar, amma qətiyən bənzəmirik.

Zamiq Hüseynov kişi müğənniləri arasında çox zövqlüdür. Geyim tərzini bəyənirəm, yeni mahnısını təbrik edirəm. Bu yaxınlarda aramızı vurmaq istədilər, imkan vermədik. Yeni mahnısı beşinci yerdə olsun.

Sevda Ələkbərzadənin “Sən və rəqs” mahnısı dördüncü yerdə olsun. Bu xanımın fərqli ifa tərzi var, onu bəyənirəm".

S.Yahyayeva üçüncü yerə müğənni Nigar Camalın yeni klipini layiq görüb və mahnını bəyənmədiyini etiraf edib:

“Mahnıdan çox klipi xoşuma gəldi. Elə ona görə də üçüncü olsun. İkinci yerə çox sevdiyim Zülfiyyə Xanbabayevanı layiq görürəm. Ona baxanda dincəlirəm.

Həftənin birincisi isə Brilliant Dadaşovadır. O xanım məktəbdir, onu sevə-sevə dinləyirəm və nəsə öyrənirəm”.

İfaçı Nadir Qafarzadəni “Hit-parad”dan uzaqlaşdırıb:

"Yeni mahnısını bəyənmədim. Özü birincidir, onu çox istəyirəm".