Bu gün UEFA-nın Gənclər Liqasının 2016/17 mövsümündə "Çempionlar yolu"nun püşkü atılacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

AFFA-nın keçirdiyi U-19 Liqasının qalibi olan "Qəbələ" öz ölkəsinin çempionu olan 32 komanda arasında mübarizə aparacaq. Təmsilçimizin I mərhələdəki rəqibi püşkatmada bəlli olacaq. Tədbirdə təkcə I deyil, həm də II mərhələnin cütləri bilinəcək. İlk mərhələnin 16 cütü növbəti raundda 8 duel təşkil edəcək.

"Çempionlar yolu"ndan pley-offa 8 vəsiqə üçün UEFA-nın reytinq cədvəlində ilk 32 pillədə qərarlaşan ölkələrin çempionları çıxış edir. Lakin bu qaliblərdən 7-si - "Bavariya" (Almaniya), PSJ (Fransa), "Mançester Siti" (İngiltərə), "Portu" (Portuqaliya), "Dinamo" (Xorvatiya), "Seltik" (Şotlandiya) və "Legiya" (Polşa) əsas komandası Çempionlar Liqasında oynadığından yarışın digər hissəsində - qrup mərhələsində oynayacaq.

Bu üzdən həmin ölkələr "Çempionlar yolu"nda təmsil olunmayacaq. Onların əvəzində Gürcüstan, Finlandiya, İslandiya, Bosniya və Herseqovina, Makedoniya, İrlandiya, Monteneqronun çempionlarının yarışa yolu açılıb. Sonuncu iki ölkə isə tarixində ilk dəfə çempionunu Gənclər Liqasına yollayacaq.

Gənclər Liqası
"Çempionlar yolu"nun iştirakçıları

"Malaqa" (İspaniya), "Roma" (İtaliya), "Dinamo" (Moskva, Rusiya), "Ayaks" (Hollandiya), "Anderlext" (Belçika), "Sürix" (İsveçrə), "Altınordu" (Türkiyə), PAOK (Yunanıstan), "Sparta" (Çexiya), "Viitorul" (Rumıniya), "Zalsburq" (Avstriya), APOEL (Kipr), "Makkabi" (Hayfa, İsrail), "Şaxtyor" (Belarus), "Midtyulland" (Danimarka), AİK (İsveç), "Levski" (Bolqarıstan), "Rusenborq" (Norveç), "Çukariçki" (Serbiya), "Domjale" (Sloveniya), "Qəbələ" (Azərbaycan), "Nitra" (Slovakiya), "PFLA-Felçút" (Macarıstan), "Kayrat" (Qazaxıstan), "Şerif" (Moldova), "Dinamo" (Gürcüstan), HİK (Finlandiya), "Breydablik" (İslandiya), "Zrinski" (Bosniya və Herseqovina), "Vardar" (Makedoniya), "Kork Siti" (İrlandiya), "Mladost" (Monteneqro).

I mərhələnin ilk oyunları sentyabrın 27-28-də, cavab matçları oktyabrın 18-19-da baş tutacaq. II mərhələ isə noyabrın 1-2 və 22-23-də keçirilməlidir.

"Çempionlar yolu"nda mübarizə aparan 32 klubla paralel olaraq, Çempionlar Liqasında çıxış edən 32 komandanın gənclərdən ibarət kollektivləri qrup mərhələsində ən yaxşıları müəyyənləşdirəcək. Qrup qalibləri birbaşa 1/8 finala yüksələcək. İkinci yer sahibləri isə "Çempionlar yolu"nun ən yaxşı 8 komandası ilə pley-offda qüvvəsini sınayacaq. Bu mərhələnin püşkatması dekabrın 12-də baş tutacaq. Bir oyundan ibarət olub, ölkəsinin çempionlarının meydanında baş tutacaq pley-offun qarşılaşmaları gələn il fevralın 7-8-də keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın Gənclər Liqasındakı ilk təmsilçisi "Rəvan" I mərhələdə Rusiya "Spartak"ına uduzub - 0:4, 0:0.

Milli.Az