"Demək olar ki, film tam hazır formadadır"
Bunu Milli.Az-a "Gizlənpaç" filminin baş qəhrəmanı Müşfiq Şahverdiyev deyib. O vurğulayıb ki, sadəcə, montajda kiçik hissələr qalıb: "Ondan sonra komandanı yığıb birlikdə izləyəcəyik. Tamaşaçılar əmin olsun ki, tamamilə ailə filmidir. Romantik komediya janrında olan filmə gəlib rahatca baxa bilərsiz. "Gizlənpaç" filmi digər iki filmimdən daha doğmadır mənə. Özümü çox gözəl tapıram bu rolda, daha rahat hiss edirəm. Çünki kollektiv də gözəldir. Seçimlərimdə yanılmadığıma sevinirəm. Sizə bir şey danışım. Çəkilişlərin birində kloun geyimində küçə səhnəsi üzərində işləyirdik. Polis əməkdaşları yaxınlaşıb məni saxladı. Daha sonra tanıyan kimi hal-əhval tutdular. Çox sağ olsunlar, şərait yaratdılar. Filmin qala gecəsini noyabrın ortaları planlaşdırırıq. Sevinirəm ki, bizim kinoteatrlara daxil olduğumuz ərəfədə bir neçə kinoteatr daha açılacaq. "Cinema Plus"un dəstəyi ilə böyük işlərə imza atacağıq".
Daha sonra Müşfiq Şahverdiyev yeni bombanı partladacağını açıqladı: "Çox yaxın zamanda tamaşaçıları sevindirəcəyik. 10 ildən artıqdır gözlədiyiniz və intizarda olduğunuz məsələ öz həllini tapacaq. Qısa zamanda bu məsələni sizə açıqlayacağam".
Filmin informasiya dəstəyi - Milli.Az, Day.Az, Trend.Az





