"Report"un məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, N.Zəkərayevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, 2015-ci il okyabrın 18-də Xaçmaz rayonunun Ləcət kəndi yaxınlığındakı meşə massivində üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, tapılan cəsəd Xudat şəhərində yaşayan 1982-ci il təvəllüdlü Zamiq Namiq oğlu Xeyirovundur. Hadisədən sonra Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Radik Məmmədov və N.Zəkərayev tutulub. Təqsirləndirilən şəxslər Z.Xeyirovu quldurluq niyyəti ilə öldürdüyünü bildiriblər.
N.Zəkərayev Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham olunub.
Bu il iyul ayının 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Məmmədov ömürlük, N.Zəkəriyyəyev isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan N.Zəkəriyyəyev apellyasiya şikayəti verib.