İranın Avropanın qaz yarışına qoşulması Azərbaycana nə verəcək?

İranın Avropanın qaz yarışına qoşulması Azərbaycana nə verəcək?
11:08 5 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Rus xəbərlər xidməti

Emil İsmayılov - Trend:

Qərblə İranın münasibətlərindəki istiləşmə tədricən öz bəhrəsini verməyə başlayır ki, bundan Azərbaycan da xeyli divident əldə edə bilər.

Yaxın keçmişin qəddar düşmənləri indi dialoqa gedirlər. Buna parlaq misal bəzi Avropa ölkələrinin (Fransa, Böyük Britaniya, Almaniya və İtaliya) İran Milli Qaz Şirkəti ilə həm ölkə daxilində, həm də İrandan İraqa, Türkiyəyə, Pakistana və digər ölkələrə qaz kəmərlərinin çəkilişi və qaz emalı zavodlarının tikintisi sahəsində əməkdaşlığa dair danışıqlar aparmasıdır.

Əgər artıq qaz kəmərlərinin inşası sahəsində əməkdaşlıq məsələsi qarşıya qoyulubsa, onda İran qazının Avropaya ixracı məsələsi də aktual olacaq. Avropa ilə Rusiya arasındakı münasibətlərdə qəti şəkildə qoyulan qaz ixracı məsələsi hələ də açıq qalır və öz həllini tələb edir. Qaz məsələsində Avropa və İranın yaxınlaşması Azərbaycan qazının nəql olunacağı Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirildiyi şəraitdə reallığa çevrilə bilər.

Cənub Qaz Dəhlizinə daxil olan bütün qaz nəqliyyat infrastrukturu başqa mənbələrdən də əlavə qaz həcmlərinin qəbul edilməsi imkanlarına hesablanıb. Həmin şərtlərlə yalnız Azərbaycan İran qazını Avropa bazarlarına çatdıra biləcək etibarlı və əlaqələndirici halqa ola bilər.

Məlum olduğu kimi, Azərbaycanla İranı Qazı Məhəmməd-Astara-Bind-Biand qaz kəməri bağlayır. Həmin kəmərlə Azərbaycan qazı “svop” əməliyyatlar çərçivəsində Naxçıvan Muxtar Respublikasının (NMR) tələbatının təmin olunması üçün İrana tədarük olunur. Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində muxtar respublika blokadadır.

NMR-in enerji təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə artıq Türkiyədən qaz kəmərinin tikintisi məsələsinə baxılır. 180 kilometr uzunluğunda İqdır (Türkiyə)-Sədərək (NMR) qaz kəmərinin inşası Azərbaycan-İran qaz kəmərinin əks istiqamətdə işini tamamilə reallığa çevirir. İndiki halda müxtəlif ssenarilərə baxmaq olar, amma Qərb və İran arasında münasibətlərin istiləşməsində tam uğura nail olmaq şərti ilə.

Bundan əlavə, İranı Türkmənistanla da qaz kəməri birləşdirir və Avropa bu ölkənin qazına böyük maraq göstərir. Bu, Türkmənistan qazının Cənub Qaz Dəhlizinə qədər çatdırılmasını təmin etmək üçün böyük imkanlar açır. İndiki şərtlərlə Türkmənistan qazının Avropaya çatdırılması üçün Xəzərin dibi ilə Azərbaycana qədər qaz kəmərinin çəkilməsi vacibdir.

Qərblə İran arasındakı münasibətlərdə sülhün təntənəsi hamı üçün və hər bir mənada, o cümlədən qaz tədarükü məsələsində də əlverişli olacaq. Avropa əlavə qaz mənbələri əldə edəcək, İran və Türkmənistan onun Avropa bazarına çıxışını təmin edəcəklər. Azərbaycan isə, öz növbəsində, Aİ ilə İran arasındakı qaz məsələsinə dair münasibətlərdə bir növ “büllur körpü” rolunu oynayacaq. Bu zaman İran və Türkmənistan qazının tranziti və nəqlindən yaxşı dividentlər əldə edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR