Firəngiz Mütəllimova: "Ona uzaqdan-uzağa aşiq olmuşdum" - FOTO

Firəngiz Mütəllimova: "Ona uzaqdan-uzağa aşiq olmuşdum" - FOTO
11:22 6 Oktyabr 2016
63 Şou
Ölkə mətbuatı
A- A+

Oktyabrın 5-i Müəllim Günüdür. Bu münasibətlə müəllimlərin peşə bayramında sənət aləminin tanınmış simalarından olan xalq artisti Firəngiz Mütəllimovanın qonağı olduq.

- Firəngiz xanım, Şuşada 4 saylı məktəbdə təhsil aldığınızı bilirəm. Məktəb illəriniz necə keçib, ilk müəllimlərinizi necə xatırlayırsınız? 

-Müəllim ailəsində doğulmuşam. Ona görə ilk yadıma gələn atamla anamın Ağcabədinin məşhur Üzeyirkənd-Avşar kəndində təyinatla dərs deməsidir. Mən, qardaşımla birlikdə həmin kənddə birinci sinfə getmişik. Hətta ilk dərs günü qardaşım sinfə ayaqqabısız gəldi. Məlum oldu ki, sən demə, ayaqqabısını bilməyib çöldə çıxarıb. (Gülür) Mən də ağlayıb, özümü öldürdüm ki, kənddə heç kim belə çanta götürmür. Hamıda parçadan tikilmiş uzun, içərisində mürəkkəbqabı qoymaq üçün yer olan çantalar var idi. Anama dedim ki, həmin çantadan istəyirəm. Yazıq anam, gecə oturub, həmin çantanı tikdi və səhər məktəbə getdim. Qardaşımla bir sinifdə oxumuşam və hər zaman onun arxasında gizlənmişəm. Çünki çox utancaq olmuşam. 3-cü sinifdə oxuyanda yenidən Şuşaya qayıtdıq.

- Siz Şuşada doğulmusunuz, amma bəzi mənbələrdə Ağcabədidə dünyaya gəldiyiniz yazılır...

- Siz yazılan mənbələrə fikir verməyin. Məndən soruşun. Ona qalsa, doğum günümü iyunun 6-da yazıblar. Əslində mən aprelin 3-də Şuşada anadan olmuşam. Amma yaş kağızım Ağcabədidə yazılıb və doğulduğum gün mayın 1-i qeyd edilib. Həqiqət isə belədir ki, aprelin 3-də Şuşada, qarlı gündə doğulmuşam. 4 nömrəli məktəbdə oxumuşam. Oranın direktoru Xavər müəllim idi. Ona "gestapo" deyirdilər. Çünki çox ciddi qanunları var idi. Saç səliqə ilə arxaya yığılmalıdır, məktəbli forması dizdən aşağı olmalıdır, sadə corab geyinmək lazımdır, tənəffüsdə boş oturmaq olmaz. Kitab oxumaq lazımdır və s. Məktəbdə müəllimlərimdən çox qorxmuşam. Baxmayaraq ki, anam-atam müəllim olublar. Müəllimlərimdən sağ qalanlar çoxdur. Bu gün onları görəndə kövrəlirəm. O illər yadıma düşür. Şuşa... uşaqlıq... gənclik... Mən həm orta məktəbdə, həm də İnstitutda məsuliyyətli şagird və tələbə olmuşam. İncəsənət İnstitutunu fərqlənmə diplomu ilə bitirmişəm. Bu gün sənətimdə də beləyəm. Söz verdiyim yerə hamıdan tez gəlirəm. Çox məsuliyyətli, çox məlumatlıyam. Tələbələrimdən çox mütaliə edirəm, yeni texnologiyalarla maraqlanıram. Çalışıram ki, hər şeydən məlumatım olsun ki, tələbələrimin iradına, qınağına tuş gəlməyim.

- Firəngiz xanım, orta məktəbdə vurulduğunuz, aşiq olduğunuz müəllim olub?

-Hə, Bakıdan hərbi hazırlıq (mülki müdafiə) dərsi deməyə müəllim gəlmişdi. Cavan oğlan idi. Ona uzaqdan-uzağa aşiq olmuşdum. Amma mən tək deyildim. Bir neçə qız həmin müəllimə vurulmuşdu (gülür). Bu, platonik məhəbbət idi. O yazığın bundan heç xəbəri olmadı.

- Məktəbdə sizə əl qaldıran, küsülü olduğunuz müəlliminiz olub?

- Yox, əl qaldıran olmayıb. Amma bir dəfə biologiya müəllimim xətrimə dəymişdi. Yadımdadır, qiymətimi aşağı yazmışdı. Mən də ağlamışdım. Amma küsülü qaldığım müəllim olmayıb. Mən ümumiyyətlə, küsülü qalmağı sevmirəm. Ürəyimdə kinim yoxdur. Evdə mənim adımı "sülh bayrağı" qoyublar. Davanı sevmirəm. Müvəqqəti həyatdır. Tələbələrimlə də beləyəm. Çalışıram, heç kimin xətrinə dəyməyim.

-Nümunəvi şagird və tələbə olduğunuzu dediniz. Heç dərsdən qaçmamısınız?

- Nümunəvi olmuşam, düzdür. Amma dərsdən qaçmaq da olub. Bir dəfə Şuşada bütün sinif dərsdən qaçıb, meşəyə getmişdik (Gülür). Vay-vay, sonra o meşə gəzintisini bizim burnumuzdan gətirdilər. Direktorumuz Xavər müəllim valideyn iclası çağırdı. Bütün valideynlərə meşə gəzintisini elə danışmışdı ki, bir həftə yun çubuğu ilə döyüldüm. Baxmayaraq ki, qardaşım da mənimlə idi. Amma Xavər müəllim belə şeylərə baxan xanım deyildi. Atama demişdi ki, "Sıx meşə, ətrafda oğlanlar, sənin qızın tək. Qız uşağının orada nə işi var? Bəlkə, qardaşı yanında olmayaydı?"

- Sizdən başqa qız yox idi?

(Gülür) Bütün sinif qaçmışdıq. Qızlı-oğlanlı. Amma özü bütün valideynlərə elə demişdi ki, effektli olsun. O qaçmaqdan sonra hər şey bitdi.

- İnstitutda müəllimləriniz kim olub?

- Bizim kursumuz Rza Təhmasib və Böyükağa Kazımovdan dərs alıb. Amma Rza Təhmasib xəstə olduğuna görə, Böyükağa müəllim bizə dərs deyirdi. Allah rəhmət eləsin, yaxşı insan idi. Məni dəfələrlə kənara çəkib deyirdi ki, "Sən aktrisa olma, get müəllimlik et, ailə qur, ev xanımı ol". Bizim kursdan 3 nəfər teatra gəldi. Mən, İlham Əsgərov, Zemfira Nərimanova.

-Tələbələriniz sizi çox istəyirmi?

-Tələbələrimlə qarşılıqlı hörmətimiz var. 3-cü kursdur. Amma yaman həvəslidirlər. Adətən kursdan-kursa həvəs ölür. Ancaq bunlarda tərsinədir. Deməli, belə olur. (Gülür) Tələbə birinci kursda xalq artisti olur, ikinci kursda əməkdar artist, üçüncü kursda adi aktyor, sonuncu kursda bilir ki, heç nəyə lazım deyil. Amma mənim uşaqlarım istedadlıdırlar. Elçinin "Şekspir" əsərini tələbələrimlə hazırlayıram. Çətin və maraqlı əsərdir. İnanıram ki, öhdəsindən gələcəklər.

- Hələ professor adını almamısınız?

- Yox, mən onun arxasınca düşmürəm. Ona ehtiyacım yoxdur. Heç dosent də olmaq istəmirəm. Onsuz da təqaüdə çıxanda xeyri olmayacaq. Ad arxasınca düşüb, sərf elədiyim vaxtımı, tələbələrimə və teatra həsr etmək istəyirəm.

Primitime.az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/476589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR