Rabitə xidmətlərinin keyfiyyəti ilə bağlı keçirilən sorğunun nəticələri açıqlanıb

Rabitə xidmətlərinin keyfiyyəti ilə bağlı keçirilən sorğunun nəticələri açıqlanıb
19:57 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Aztelekom” MMC əhaliyə göstərilən rabitə xidmətlərinin keyfiyyətini, mövcud olan problemləri və müştəri məmnunluğunu müəyyən etmək üçün əhali arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan “Report”a bildirilib ki, sorğu Azərbaycanın müxtəlif infrastruktura və relyefə malik 4 regionunu əhatə edib. İlkin mərhələdə Abşeron, Xaçmaz, Lənkəran rayonları və Gəncə şəhərinin sakinləri sorğuya cəlb olunub. Sorğu iki müxtəlif auditoriyanı (400 nəfər iştirak edib) - rabitə xidmətlərindən istifadə edən və bu xidmətlərdən istifadə etməyən vətəndaşları əhatə edib.
Sorğunun nəticələrinə görə, rabitə xidmətlərindən istifadə edən vətəndaşların 24%-i texniki keyfiyyətin aşağı olmasını, 13%-i tariflərin yüksək olmasını, 63 %-i isə rabitə xidmətlərindən razılığını bildiriblər. Telefon rabitəsindən istifadə edənlərin 82%-i göstərilən xidmətlərdən razılığını, 18% telefon xətlərindəki problemlərdən narazılığını bildirib.
“Rabitə və internet xidmətlərində hansı üstünlükləri və dəyişiklikləri görmək istərsiniz” sualına sorğuda iştirak edənlərin 55%-i keyfiyyətin yüksəldilməsini, 19%-i tariflərin endirilməsini istəyiblər. Respondentlərin 26%-i isə mövcud xidmətlərin onları qane etdiklərini deyiblər.
Rabitə xidmətlərindən istifadə etməyən vətəndaşların 48%-i mövcud xidmətlərdən və tariflərdən məlumatsız olduqlarını, 13%-i isə rabitə xidmətlərinə ehtiyaclarının olmadığını qeyd ediblər. Sorğuda xidmətlərdən istifadə etməyən vətəndaşların 39%-i yaxın gələcəkdə rabitə xidmətlərindən istifadə etməyi planlaşdırdıqlarını vurğulayıblar.
Respondentlərin 22%-i “Aztelekom”un “170 çağrı mərkəzi”nin xidmətlərindən istifadə etdiyini, 14% bu xidmət haqda məlumatsız olduqlarını, 64%-i isə ehtiyac olmadığı üçün istifadə etmədiklərini bildirib.
Qeyd edək ki, MMC-nin əhali arasında sorğu keçirməkdə də əsas məqsədi mövcud rabitə infrastrukturunda olan problemlərin müəyyən edilərək aradan qaldırılması və müştəri məmnunluğunun təmin edilməsi ilə bağlı araşdırmalara vətəndaşların rəyinin də alınmasıdır.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/rabite-xidmetlerinin-keyfiyyeti-ile-bagli-kecirilen-sorgunun-neticeleri-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR