Musiqili Teatrın Yaradıcılıq Studiyasında yeni tamaşa - FOTO

Musiqili Teatrın Yaradıcılıq Studiyasında yeni tamaşa - FOTO
19:42 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Musiqili Teatrının Yaradıcılıq Studiyasında yeni tamaşanın məşqlərinə start verilib. Dövlət Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğlu Milli.Az-a bildirib ki, yeni səhnə əsərini Anar Sadıqov Ceyms Barrinin "Piter Pen və Vendi" və Qrimm qardaşlarının məşhur "Bremen musiqiçiləri" nağıllarının süjeti əsasında səhnələşdirib. "Bremen musiqiçiləri və Pen" adlanan musiqili nağıl-tamaşanın quruluşçu-rejissoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin gənc məzunu Zaur Əliyevdir. "Tamaşanın əsas məqsədi dostluğun insan həyatında necə mühüm rol oynadığını maraqlı, dinamik süjet xətti vasitəsilə balaca tamaşaçılara aşılamaqdır. Dünyaca məşhur nağılların əsasında hazırlanan bu səhnə əsərində Xeyirlə Şərin mübarizəsinin sonunda dostluğun, qorxmazlığın, dürüstlüyün və ən vacibi - ləyaqətin qalib gəlməsi tərənnüm olunur. Kapitan Kruk yanlış məlumat əsasında Piter Peni həbs etmək istəyərkən çaya yıxılır. Bu zaman onun əlini timsah yeyir. Və bu, kapitan Krukun Piter Penə düşmən kəsilməsinə səbəb olur. Getdikcə bu mənasız düşmənçilik böyük bir ədavətə çevrilir. Bu arada onların yaşadığı şəhərcikdə vals yarışması təşkil olunur. Piter Penin sevgilisi Vendi çox gözəl bir qızdır. Onlar bu yarışmada iştirak etməyə qərar verirlər. Hamı onların qalib gələcəyinə inanır. Bunu eşidən kapitan Kruk Piter Penin sevgilisi Vendini qaçırır. Məhz bundan sonra xeyirxahlıqları və cəsurluqları ilə dünyaya səs salan Bremen musiqiçiləri işə qarışmalı olur. Və hadisələrin cərəyanı pik həddinə çatır", - deyə eyni zamanda tamaşanın musiqi tərtibatçısı olan quruluşçu-rejissor Zaur Əliyev söyləyib.

Qeyd edək ki, tamaşanın rejissoru Elməddin Dadaşov, quruluşçu-rəssamı Afaq Bayramova, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, konsertmeysteri Fidan Babayeva, işıq rəssamı Fuad Qədirov, rejissor-assistenti Sara Kərimlidir. Tamaşada rolları tetarın gənc aktyorları Əmrah Dadaşov, Nicat Əli, Zaur Əliyev, Ruslan Mürsəlov, Aydan Həsənova, Dəniz Tacəddin, Zarina Qurbanova, Cəlalə Novruzlu, Fərid Rzayev, Murad Əliyev, Eleanora Mehdiyeva və Elməddin Dadaşov ifa edəcəklər.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/478731.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR