Milli.Az Azərbaycan Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçusu seçilən Renan Alveşin goal.az-a müsahibəsini təqdim edir.
- Ötən ayın ən yaxşı futbolçusu seçildiniz. Belə mükafat alacağını gözləyirdiniz?
- Xeyr. Mənə etimad göstərən komanda yoldaşlarım, məşqçilər və azarkeşlərə təşəkkür edirəm. Yenidən bu uğura nail olmaq üçün daha yaxşı oynamağa çalışacam.
- Azərbaycan, xüsusilə Gəncə azarkeşləri barədə nə deyə bilərsiniz?
- Gəncə azarkeşlərinin mənə, Darioya dəstəyini həmişə görürəm. Ev oyunlarında fanatlar stadionu doldurur. Bu isə komandanın yaxşı oynamasına şərait yaradır.
- Azərbaycan millisinin 2018 DÇ seçmə mərhələsindəki çıxışı haqqında, yəqin ki, məlumatınız var. Qazanılan nəticələrin ardı gələ bilərmi?
- Ümid edirəm milli uğurlu çıxışını davam etdirəcək. Komanda yaxşı oynayır, hazırda 7 xalı var. Azərbaycanı, buranın xalqını sevirəm. Milli komandaya mundiala getməyi arzu edirəm.
- "Kəpəz" ötən mövsüm Avroliqada qənaətbəxş çıxış etdi. Yenidən bu turnirə qatılmaq istəyirsinizmi?
- Hər şeyi mərhələlərlə etmək lazımdır. Çempionatı ilk üçlükdə başa vurub növbəti dəfə Avropa Liqasına vəsiqə qazanmağa çalışacağıq. Artıq bu turnirdə 2-3 mərhələ keçmək istəyirik.
- Azərbaycan Premyer Liqasında hansı komandaların çempionluq şansı daha çoxdur?
- "Qarabağ", "Qəbələ", "İnter" hazırda yaxşı təsir bağışlayır. Çempionun hansı komanda olacağını bilmirəm. Bəlkə, "Kəpəz" də bu mübarizəyə qoşuldu, kim bilir. Hazırda yaxşı formada olan "Qarabağ" və "Qəbələ"nin şansları daha yüksəkdir.
Milli.Az