Siyavuş Novruzov: “Heydər Əliyevə təzyiq edənlər Ayaz Mütəllibovun tərəfdarları idi”

Siyavuş Novruzov: “Heydər Əliyevə təzyiq edənlər Ayaz Mütəllibovun tərəfdarları idi”
14:33 19 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

“Əgər Heydər Əliyev ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəlində Azərbaycanda hakimiyyətdə olsaydı, torpaqlarımız işğal edilməzdi və Dağlıq Qarabağ problemi mövcud olmazdı”.

Bu fikirləri Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Deputat deyib ki, hələ ötən əsrin 60-cı illərində SSRİ-də ermənilər Qarabağ məsələsini qaldırmaq istəyəndə, ulu öndər Heydər Əliyev bunun qarşısını alıb:

“Ermənilər Dağlıq Qarabağ məsələsini hələ 1950-1960-cı illərdə qaldırmaq istəyirdi. Ancaq o dövrdə ulu öndər Heydər Əliyev Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbərliyində, daha sonra isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyən zaman ermənilərin Qarabağ planlarının qarşısını aldı və imkan vermədi ki, bu məsələ ilə bağlı ermənilər nəyəsə nail olsunlar. Halbuki, ermənilərin Vəli Axundovun Azərbaycana rəhbərliyi dövründə bu məsələni gündəmə gətirmişdi. Ümumiyyətlə, Azərbaycanda iqtisadi vəziyyət də Vəli Axundovun dövründə ürəkaçan deyil idi. Daha sonra Heydər Əliyev birinci dəfə hakimiyyətə gələn kimi Azərbaycanı SSRİ-də birinci sıraya çıxardı. Həm Dağlıq Qarabağ problemi, həm də digər bu kimi məsələlərin hamısını ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən zaman aradan qaldıra bilmişdi. Hətta, həmin dövrdə Ermənistan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin 1-ci katibi olan Karen Dəmirçiyan açıq şəkildə bəyan edirdi ki, nə qədər ki, Heydər Əliyev vəzifədədir, o zamana qədər də ermənilər Dağlıq Qarabağla bağlı nəyəsə nail ola bilməyəcək”.

S.Novruzov qeyd edib ki, bütün bunlar tarixi faktlardır və tarixçilər bunu daha yaxşı bilir:

“Çox təəssüf ki, ötən sərin 80-ci illərin sonu, 90-cı illərin əvvəlində Azərbaycanda hakimiyyətdə olan qüvvələr Heydər Əliyevi bir müddət Azərbaycana buraxmırdı, ona təzyiqlər olunurdu, təqib olunurdu. Təbii ki, həmin dövrdə Heydər Əliyevə qarşı təzyiq edən qüvvələr Kreml qarşısında gözükölgəli idilər. Ona görə də Heydər Əliyevdən ciddi şəkildə çəkinirdilər, onun Azərbaycana gəlməsinə imkan vermirdilər. Bütün bunların nəticəsində isə Azərbaycan 20 faiz torpaqlarını itirdi. Əgər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsindən uzaqlaşandan sonra Bakıda qalsaydı və məcbur olub Rusiyaya getməsəydi, o zaman nə Dağlıq Qarabağ problemi olacaqdı, nə də Azərbaycan öz ərazilərini itirəcəkdi. Çünki öz xalqına, dövlətinə, millətinə təmənnasız bağlı olan Heydər Əliyev torapqlarımızın itirilməsinə heç zaman imkan verməzdi. Bu baxımdan da həm Əbdürrəhman Vəzirov, həm Ayaz Mütəllibov, həm də AXCP-Müsavat cütlüyü hakimiyyətə gələn kimi Dağlıq Qarabağ problemini həll etmək əvəzinə, xalqa yalan vədlər verdi, xalqın Xankəndi və digər rayonlarda erməni təxribatına qarşı çıxmasına imkan vermədilər. Bütün bunlar isə Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə nəticələndi. Əslində, elə siyasət aparıla bilərdi ki, Azərbaycan xalqı özü separatçılığa meyllənən erməni əhalisini yerində sakitləşdirə bilərdi və o zaman bu qədər insan itkisi də olmazdı”.

YAP rəsmisi söyləyib ki, ulu öndər Heydər Əliyev ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəlində Bakıda olsaydı, o zaman SSRİ-də müstəqillik qazanan ilk dövlət də məhz Azərbaycan olacaqdı:

“Həmin dövrlərdə Heydər Əliyevin hakimiyyətdə olmaması Azərbaycanda hansı problemləri yaratmışdı, buna hər kəs şahid oldu. Çünki Heydər Əliyevin Bakıya gəlməsinə imkan vermirdilər, ona böyük təzyiqlər var idi. Bütün bunların hamısı mənim yaxşı yadımdadır. Heydər Əliyev 1990-cı ilin əvvəlində Moskvadan qayıdanda bütün dövrlər onun yanında olmuşam. Həmin vaxtı Heydər Əliyevə küçəyə çıxmağa belə imkan verilmirdi, onu təqib edirdilər. 1990-cı ilin 20 yanvar faciəsindən dərhal sonra Heydər Əliyev Bakıya gəlmişdi, gedib Şəhidlər Xiyabanı ziyarət etdi. Ancaq bu zaman belə ona təzyiqlər olunurdu. Bunun nəticəsində isə Heydər Əliyev məcbur olub Naxçıvan Muxtar Respublikasına getdi. Yəni, Heydər Əliyevin Bakıda qalması həyati təhlükə daşıyırdı”.

S.Novruzov sabiq prezident Ayaz Mütəllibov hakimiyyətinin Heydər Əliyevə qarşı böyük haqsızlıqlar etdiyini bildirib:

“Ötən sərin 90-cı illərinin əvvəlində Naxçıvan Muxtar Respublikası iki tərəfdən blokadaya alınmışdı. Bunun birini ermənilər, digərini isə Ayaz Mütəllibov və onun komandası edirdi. Həmin dövrdə Heydər Əliyevə qarşı təzyiqlər, parlamentdə çıxışlar təşkil edənlərin hamısı Ayaz Mütəllibovun tərəfdarları idi. Ancaq Naxçıvan Muxtar Respublikası ermənilərə bir qarış belə torpaq verməyib. Çünki Heydər Əliyev bütün naxçıvanlılarla ön sırada dayanıb, torpaqların qorunması üçün ermənilərlə mübarizə aparırdı. Təsadüfi deyil ki, Azərbaycanda ilk milli ordu da məhz Naxçıvan Muxtar Respublikasında yaradılıb, üçrəngli bayrağımız ilk dəfə Naxçıvanda qalxıb, “Sovet Sosialist Respublikası” sözləri ilk olaraq Naxçıvanın adından çıxarılıb. Bütün bunların hamısının təşəbbüskarı Heydər Əliyev olub. Bu baxımdan da cənab Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyinin 25 illiyi ilə bağlı tədbirdə çox doğru vurğulayıb”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/172745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR