2 nömrəli Baza Tibb Kollecində təhsil kredit sistemi ilə aparılır

2 nömrəli Baza Tibb Kollecində təhsil kredit sistemi ilə aparılır
12:17 1 Noyabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ 2 nömrəli Baza Tibb Kollecində media nümayəndələri üçün brifinq keçirilib. 
"Report"un məlumatına görə, kollecin rəhbəri Dilarə Məmmədəliyeva bildirib ki, müəssisə hüquqi formasına görə dövlət orta ixtisas təhsil müəssisəsidir və təsisçisi Səhiyyə Nazirliyidir.
Onun sözlərinə görə, 1975-ci ildən fəaliyyət göstərən kollecdə 7 ixtisas üzrə (mamalıq, feldşer, tibb bacısı, diş texniki, sanitar-feldşer, əczaçı və feldşer-laborant), orta tibb kadrlarının hazırlığı və onların təkmilləşmə prosesi həyata keçirilir: "Kollec baza statusuna görə respublikada fəaliyyət göstərən digər 10 kollecə metodik kömək göstərir. Kollec 2013-cü ildə Təhsil Nazirliyi tərəfindən akkreditasiyadan keçirilib. Akkreditasiya kollecin statusunu, mütəxəssis hazırlığının dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu və məzunlara ayrı-ayrı istiqamətlər üzrə diplom vermək hüququnu təsdiq edir".
Kollecin Tədris-tərbiyə işləri üzrə direktor müavini Vəfa Əliyeva qeyd edib ki, son üç ildə kollecin müəllimləri tərəfindən 9 dərs vəsaiti hazırlanaraq tələbələrin istifadəsinə verilib: "Kollecdə təhsil kredit sistemi ilə aparılır. Kredit sistemində təhsil alan tələbənin diplomu beynəlxalq səviyyədə tanınır, digər ali təhsil müəssisələrində təhsillərini davam etdirməyə şərait yaradır. Tələbələrin biliyinin qiymətləndirilməsində ilk növbədə şəffaf və obyektivlik təmin olunur".
Kollecin Diplomdan sonrakı təhsil şöbəsinin müdiri Tahirə İmanıyeva əlavə edib ki, burada orta tibb işçilərinin ixtisasartırma və təkmilləşdirilməsi aparılır: "Kollecdə 7 ixtisas üzrə kurs və 20-ə yaxın tematik kurslar təşkil edilir. Müdavimlər üçün bütün ixtisaslar üzrə yeni proqramlar təsdiq olunub. 2015-2016-cı tədris ilində 8 280 dinləyici ixtisasartırma və təkmilləşdirilmə kurslarında iştirak edib".

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/2-nomreli-baza-tibb-kollecinde-tehsil-kredit-sistemi-ile-aparilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR