Millimizin üzvü Aygünlə Röyadan danışdı - MÜSAHİBƏ

Millimizin üzvü Aygünlə Röyadan danışdı -   MÜSAHİBƏ
11:07 2 Noyabr 2016
46 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın qadınlardan ibarət voleybol üzrə milli komandasının və "Azerreyl"in üzvü Valeriya Məmmədova (Karatenko) femida.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik. 


- Necəsiniz? İşləriniz necə gedir?

- Təşəkkür edirəm. Hər şey yaxşıdır. Azərbaycan çempionatı başlayır. Ona hazırlaşırıq. Bütün günü məşqlərdəyik. Ümid edirəm ki, bu il biz qalib olacağıq.


- İstərdim, idmana gəldiyiniz ilk vaxtları xatırlayaq. Niyə məhz voleybolu seçdiniz?

- İdmana gəldiyim gün bu günə kimi yadımdadır. Mənə elə gəlir ki, hər bir peşəkar idmançı həmin illəri unutmaz. Həmçinin, mən də. 3-cü sinifdə oxuyurdum. Voleybola həddindən artıq marağım var idi. Həmin vaxt anladım ki, voleybolçu olmalıyam. İdman müəllimim Yuri Məmmədov ilk vaxtlardan mənə xüsusi diqqət edirdi. Bütün günü qaçırdım, məşq edirdim. O da məni kənardan görürdü. Voleybolda ilk məşqçilərim Olqa Valerevna və Tatyana Simonovna olub. Daha sonra Faiq Qarayevlə tanışlıqdan sonra mən yığma komandaya gəldim. Bu, mənim tanınmağımın başlanğıcı oldu. İlk uğrumu da 2000-ci ildə qazandım.


- Voleybolu seçərkən ailənizin münasibəti necə oldu?

- Əvvəllər mənə qadağa qoydular. Evdə deyirdilər ki, Azərbaycanda qızın idmana gəlməsi o qədər də yaxşı qəbul edilmir. O vaxtlar vəziyyət bir qədər fərqli idi. Ancaq sonradan ailəm mənə dəstək oldu. Bu gün də mənimlə fəxr edirlər. Onlara minnətdaram ki, mənə şans yaradıblar ki, sevdiyim sahəni seçim.


- Ailənizdən danışdınız. Bacınız, qardaşınız varmı?

- Qardaşım məndən balacadır. Evlidir. Mən də bibiyəm. O, idmanı seçməyib. Bank sistemində çalışır. Ümumiyyətlə ailəmizdən idmanı seçən yeganə şəxs mənəm. Qardaşımın oğlu idmana meyillidir. Futbola marağı böyükdür. 


- Uşaqlığınız harada keçib?

- Uşaqlığım Bakıda - Günəşli tərəfdə keçib. Biz ümumiyyətlə elə Günəşli tərəfdə yaşamışıq. Demək olar ki, uşaqlıq yaşamamışam. Çünki bütün vaxtı idmanda keçirmişəm. Uşaqlğım elə idmanla bağlıdır.


- Bildiyimə görə həyat yoldaşınız da idmançı olub. Tanışlığınız necə oldu?

- Tanışlığımız tam təsadüfi olub. Komanda yoldaşım Kseynya Poznyakın vasitəsi ilə tanış olduq. Daha sonra münasibətlərimiz dərinləşdi. Sonda ailə həyatı qurduq. Həyat yoldaşım cüdo ilə məşğul olub. Hazırda bizneslə məşğuldur. İdmanda deyil. Şəxsi həyatımda çox xoşbəxtəm.


- Sizin kişi fanatlarınız da çoxdur. Yoldaşınızla aranızda mübahisəyə səbəb olmur ki, bu?

- Şəxsi həyatımla idman həyatım başqadır. İdman həyatım elə meydançada qalır. Yoldaşımı görsəniz onun yanında mənə yaxınlaşmazsınız. Mənə meydançada yaxınlaşmaq olar, şəxsi həyatda yox.( Gülür)


- Övladınız var?

- Bəli, bir oğlumuz var. Adı da Tamerlandır. O, bizim xoşbəxtliyimizi daha da dərinləşdirir. İdmandan gedəndən sonra 3 uşaq anası olmaq istəyirəm. İstəyirəm onu gələcəkdə idmançı kimi görüm.


- İdmançı qadın və ailə. Mane olmur ki, bunlar sizə? 

- İdmançı qadın və üstəlik ana bir qədər çətindir. Ancaq mən güclü qadınam. Öhdəsindən gəlirəm.


- "Azerreyl"in Türkiyəyə sonuncu səfəri o qədər də uğurlu olmadı. Səbəb nədir?

- Komanda bu yarışa o qədər də yaxşı hazırlaşa bilmədi. Vaxt az oldu. İlk əvvəl komanda yaxşı oyuna başlasa da, sonradan uğursuz oldu. Bu idmandır. 


- Siz həmçinin yığma komandanın liberosunuz. Bu gün milli komandamızda boşluqlar çoxdur. Əgər, millinin baş məşqçisi dəyişsəydi, kimi bu postda görmək istərdiniz?

- Gəlin məsələnin kökündən başlayaq. Bu gün problemlərin olmasının günahkarı baş məşqçi deyil. Xarici ölkələrin voleybolçuları ilboyu yarışlarda iştirak edir və yerli çempionatlar keçirilir. Buna görə də idmançılar hər zaman formada qalır. Bizdə vəziyyət tam fərqlidir. Çempionat keçirmək üçün klublarımız azdır. Biz gözləyirik ki, 6 aydan sonra yerli çempionat başlayacaq. İdmançının yenidən özünü bərpa etməsi çətindir. Bu səbəbdən də baş məşqçidə gühan görmürəm.


- Özünüz də dedisiniz problemin kökündə komandaların azlığı durur. Bu mövsüm Azərbaycam çempionatı cəmi 4 komanda ilə keçiriləcək. Səbəb nədir? 

- Bütün dünyada olduğu kimi bizdə də krizis oldu. Bu da komandalara da təsir etdi. Bir voleybol klubunun formalaşması və yarışa qatılması üçün böyük pul tələb olunur. Bu səbəbdən də klubların çoxsu çətinlik yaşayır.


- Bəs sizin şəxsi vəziyyətiniz necədir?

- Azərbaycanda yaşayıramsa mənə də təsir edir.


- Əmək haqqını hansı valyuta ilə alırsınız?

- Manatla.


- Oksana Kiselyova, Ceyran Əliyeva, yoxsa, Yuliya Kərimova?

- Bu hər 3 liberonun özünəməxsus oyun tərzi var. Fikrimcə, Yulyanın təcrübəsi daha çoxdur. Oksana və Ceyran hələ gəncdir.


- İdmanla sıx məşğul olursunuz. Sizə idmandan kənar baş verən hadisələr maraqlıdırmı? Məsələn, Azərbaycanda hansı nazirləri tanıyırsınız?

- İndi ağlıma heç kim gəlmir. Siyasətə qarışmıram. Hesab edirəm idmançı elə idmanı ilə, siyasətçi isə siyasətlə məşğul olmalıdır.(Gülür)


- Dünya təcrübəsində belə deyil. Məsələn Ukraynanın tanınmış bokusçusu Vitali Kliçko böyük idmandan sonra siyasətə qatıldı. Sizi nə vaxtsa siyasətdə görə bilərikmi?

- Fikrimcə, idmandan ayrıldıqdan sonra istədiyin sahəni seçə bilərsən. Ancaq idmanla məşğul olduğun dövrdə siyasətə qarışmaq olmaz. Məsələn mən ola bilər ki, idmandan ayrıldıqdan sonra deputatlığa namizədliyimi verim. Hər şey zamanla həll olunur.


- Bəs idmanda sizin kumiriniz kimdir?

- Bu əvvəllər olub. Amerikalı libero Skora. O çoxdan voleybolu tərk edib. Onun oyununu çox izləmişəm. Ancaq bu gün kumirim yoxdur.


- Belə söz-söhbət gəzirdi ki, siz Yekaterina Qamovanı sevmirsiniz?

- Düz söhbət deyil. Qamova mənim sevimli rəfiqəmdir. Tez-tez danışırıq, yazışırıq. İmkan olanda görüşürük. Qamova öz o yunu ilə tarix yazan voleybolçudur. Qamova elə Qamovadır.


- Hər hansı bir voleybolçu ilə aranızda konflikt yaşanıbmı?

- İdmanda olan rəqabət elə idmanda qalır. Belə konfliktləri sevmirəm. Olan mübahisə elə meydançada qalır. Oyunda biz rəqib, həyatda dost ola bilərik. İdmanın qanunu belədir.


- Siz insanların yaddaşında balaca və gözəl qız kimi qalmısınız. Bir neçə il bundan əvvəl dünyanın ən gözəl 40 voleybolçusu sırasında sizin də adınız var idi. Bunun sirri nədədir?

- Bu ətrafdakılərin fikridir. Özümü o qədər də gözəl hesab etmirəm. Məndən də gözəl qızlar var. Hesab edirəm ki, insanın xarici görünüşü yox, daxili gözəl olmalıdır.


- Müsahibədən öncə sizi sevən azarkeşlərinizə bir neçə sual verdim. Onları maraqlandıran suallardan biri də sizin milliyətinizlə bağlıdır.

- Mən Azərbaycanlıyam. Özüm də Bakılıyam.(Gülür)


- Özünüz də dediniz ki, Bakıda doğulmusunuz, böyümüsünüz. Bəs niyə Azərbaycan dilində danışa bilmirsiniz?

- Azərbaycan dilində danışa bilirəm. Başa da düşürəm. Ancaq müəyyən ləhcəm var. Belə mənə yaxınlaşan olanda onlarla Azərbaycan dilində danışıram. Ancaq bütün müsahibələrimi rus dilində verirəm. Bunun da səbəbi fikrimi daha rahat bildirməkdir. Ona görə də, sizinlə rus dilində danışıram. Məni sevənlərə sözüm odur ki, Azərbaycan dilini sevirəm və başa düşürəm. (Red- Gülür)


- Azərbaycan sizin üçün nə deməkdir?

- Azərbaycan mənim Vətənim. Sözlə ifadə edə bilmədiyim məhəbbətimdir, Azərbaycan. Azərbaycan olmasaydı, mən də olmazdım. Ümumiyyətlə vətənimi, dövlətimi, prezidentimi sevən şəxsəm. Özüm də vətənpərvər insanam. 


- Dediniz ki, vətənpərvərsiniz. Bizim ən böyük problemimiz Qarabağdır. Nə bilirsiniz bu münaqişə haqqında?

- Qarabağ Azərbaycan torpağıdır. Bu gün işğal altındadır. Mən siyasətə qarışmıram. Xalqaları da bir-birindən seçmirəm. Ermənilərin də yaxşısı və pisi var. Bütün bunlar hamısı siyasətlə bağlıdır. İdman və siyasət bir-birindən ayrı olmalıdır. 


- Deyirsiniz ki, ermənilərin də yaxşısı və pisi var. Bəs erməni klublarından təklif gəlsə oynayarsınız?

- Əlbəttə, yox. Mən vətənimi çox sevirəm. Buranı tərk etmərəm.


- İstərdim, idmandan kənara çıxaq. Azərbaycan musiqisinə qulaq asırsınız?

- Bəli, Aygün Kazımovaya qulaq asıram. Fanat olmasam da, bəyəndiyim mahnıları çoxdur. Röya da yaxşı oxuyur. Musiqinin milliyəti olmur.


- Avropa klublarından sizə təkliflər edən olubmu?

- Çox olur. Türkiyə, Almaniya, Polşa klublarından təkliflər gəlmişdi. Amma mən öz klubumu sevirəm.


- Bəs, voleybolçular arasında dostluq etdiyiniz idmançılar var?

- Həyatda ən yaxın dostum həyat yoldaşımdır. İdmançılar mənim komanda yoldaşlarımdır.


- Azərbaycan voleybolunun ən böyük problemi nədir?

- Profesionallıq çatmır. Bunun da səbəbi bayaq dediyim kimi klublarımızın sayının az olmasıdır.


- Sosial şəbəkələrdə varsınız?

- Bəli, feysbukdan və instaqramdan istifadə edirəm. Mən publika üçün yalnız idman meydançasında açığam. Şəxsi həyatım qapalıdır.


- Sonda sevənlərinizə sözünüz nədir?

- Hər kəsə dəstəyə və sevgiyə görə təşəkkür edirəm. Bizi izləməyə davam etsinlər.


Fanat.Az











Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-uzvu-aygunl-royadan-dand-t53832.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR