Oktyabrın 16-da Monteneqronun baş naziri Milo Cukanoviç sui-qəsd cəhdi olub. Keçirilən əməliyyat nəticəsində 50-ə qədər şəxs saxlanılıb.
Saxlanılanların arasında Monteneqro və Serbiya vətəndaşları ilə
yanaşı, Rusiya vətəndaşlarının da olması nəzərləri Kremlə doğru
yönəltdi. Monteneqro hökuməti də bəyan etdi ki, baş naziri rus
millətçiləri öldürmək istəyib. Doğrudur, sonradan Kreml bunu təkzib
etdi. Monteneqro hökuməti də Rusiya ilə münasibətlərin yaxşı
olduğunu, Moskvadan şübhələnmədiklərini bildirdi. Lakin burada
məsələ Moskva yox, rus amilidir. Yəni baş nazirin ölüm fərmanında
Rusiya izi var, amma bunun Rusiya dövlətinin olduğunu demək hələlik
tezdir.
Publika.az xəbər verir ki, sui-qəsd cəhdini
araşdırmaq üçün təyin olunan xüsusi prokuror Milivoe Katniç baş
nazirin ölüm fərmanının rus millətçiləri tərəfindən verildiyini
deyib: “Rus millətçiləri cinayətkar qrup yaradıblar. Məqsəd 16
oktyabrda baş nazirə sui-qəsd etmək olub”.
Plan dəyişdi: Cukanoviçi aradan götürün
Ölkədə Rusiyameyilli olan “Demokratik cəbhə” oktyabrın 16-da
parlament binası yaxınlığında mitinq keçirməyi planlaşdırıb. Məqsəd
referendum aktından NATO-ya giriş məsələsinin çıxarılmasını,
həmçinin, saxtalaşdırılmış parlament seçkilərinin nəticələrinin
ləğvini tələb etmək olub.
Rus millətçilər isə Cukanoviçi güc yolu ilə devirməyi planlaşdırıb.
Bunun üçün müxtəlif versiyalar olub. Əvvəlcə polis formasında
rusiyayönümlü müxalifətin parlament binasının yanında keçirəcəyi
mitinqə gəlmək və kütləyə atəş açmaq istəyiblər. Mitinqə hücum
zamanı digər qrup da xüsusi təyinatlı qüvvələri sıradan
çıxaracaqdı. Bununla camaat təxribata çəkiləcəkdi və ölkə
rəhbərliyi, o cümlədən, Cukanoviç ya həbs ediləcək, ya da heç
olmasa istefaya gedəcəkdi.
Prokuror Kantiç hesab edir ki, sui-qəsdçilər güman ki, Cukanoviçin
həbsi planını təxirə salaraq, “qətl planı”nı tətbiq etməyə
başlayıblar.
Serb canavarları
Monteneqro rəsmi şəkildə sui-qəsdin təşkilatçılarının Serbiya
vətəndaşları olduğunu açıqlayıb. Ölkə polisi serb jandarmasının
keçmiş komandiri Dikiç Bratislavı və 20 Serbiya vətəndaşını
saxlayıb. Noyabrın əvvəlində ikinci həbs dalğası da başlayıb.
“Cinayətkar qrupun” yaradılmasında şübhəli bilinən Dikiç yaxın
vaxtlarda yaradılan “Serbiya Vətənpərvərlər Hərakatı”nın lideridir.
Bu hərəkat NATO-ya qarşı Rusiya ilə ittifaqa girməyi sərt şəkildə
dəstəkləyir. Onlar özlərinə “serb canavarları” deyirlər. Məlumdur
ki, Dikiç Ukraynanın Şərqində döyüşüb və terrorçu kimi axtarışa
verilib.
Rusiyadan gələn iki müəmmalı şəxs
Monteneqro prokurorluğu bildirir ki, sui-qəsd hərəkatında iki rus
olub. Onlar Serbiyaya gələrək, bu plana qoşulublar. Həmin vaxt
onlar Serbiya xüsusi xidmət orqanlarının nəzarəti altında olublar.
Bu hadisələrdən sonra isə həmin ruslar Serbiyanı sağ-salamat tərk
ediblər, hazırda Rusiyadadırlar. Serbiyanın onları məsuliyyətə cəlb
etməməsi şübhəli görünür. Lakin haqqında danışılan rusların adları
açıqlanmır. Sadəcə olaraq, oktyabrın sonunda Rusiya Federasiyası
Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Belqrada səfəri
diqqətçəkən təsadüfdür. Media yazır ki, Patruşev Monteneqrodakı
proseslərə görə Serbiyaya gedib.
Açıq qalan suallar
Burada diqqət çəkən məqamlardan biri də odur ki, prokuror Katniç
məhz Patruşevin Belqarada səfərindən sonra “sui-qəsd cəhdinə
Rusiyanın dövlət səviyyəsində daxil olduğu haqda danışmağa heç bir
əsas yoxdur” deyə bildirdi. Yəni söhbət Rusiya dövlətindən yox,
planda iştirak etmiş hansısa rus millətçilərindən gedir. Bu,
dövlətlərarası münasibətləri yoluna qoymağa imkan verir. Lakin açıq
qalan suallar da var.
1. Sui-qəsdçilər ciddi qorunan baş nazir Cukanoviçin peyk
şəkillərini, hərəkət marşrutunu haradan əldə ediblər?
2. Onlarda şifrələrlə idarə olunan üç telefon, həmçinin, yad ələ
düşən zaman öz-özünü məhv etmə qabiliyyətinə malik olan yaddaş
kartı olub. Bunları haradan əldə diblər?
3. Serbiya və Montenoqro polisi üç telefondan ikisini tapıblar.
Üçüncüsü isə Rusiyadadır və əlçatmazdır. Maraqlıdır ki, Rusiyada
şifrəli telefonlar yalnız xüsusi xidmət orqanlarının əməkdaşlarında
olur.
Həmçinin, “Sui-qəsdin arxasında Rusiya dayanırsa, bu, Moskvanın
nəyinə lazım ola bilər?” sualı da müsbət səviyyədə olan
Montenoqro-Rusiya münasibətləri fonunda yada düşür. Versiyalardan
biri belədir ki, hansısa millətçi qruplar bunu həyata keçiriblər.
əgər uğurlu olsaydı, onlar bunun qarşılığında Rusiyadan dəstək
qazanmaq istəyiblər.
NATO-Rusiya müharibəsi
Montenoqroda baş verən sui-qəsd nəzəriyyəsinə bu kontekstdən də
baxmaq lazımdır. Montenoqro limanları NATO-nun Aralıq dənizində
nəzarət etdiyi yeganə ərazidir. Montenoqro 2017-ci ildə NATO-ya
daxil olacaqsa, NATO-nun Aralıq dənizində təsiri daha da artacaq.
Xüsusilə bu limanlarda “lövbər atmaq” Şimal Alyansına Şərqi
Avropada daha yaxşı yerləşmək imkanı verir. Rusiya məhz bunu
istəmir.
Güman ki, “Cukanoviç işi” detallarına qədər ictimaiyyətə
açıqlanmayacaq. Lakin bundan sonra Balkanlarda Rusiya-Qərb
qarşıdurmasının daha da güclənəcəyi gözləniləndir.
Asif