Müharibə alovundan qaçıb, Bakıda külə dönən ailə - YANĞIN YERİNDƏN REPORTAJ

Müharibə alovundan qaçıb, Bakıda külə dönən ailə - YANĞIN YERİNDƏN REPORTAJ
15:19 29 Noyabr 2016
195 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu gün Bakının Nizami rayonunda Elşən Süleymanov küçəsində yerləşən yarımçıq tikilidə baş vermiş dəhşətli yanğın bir ailəni məhv etdi. Gənc ata-ana və 2 körpə övladı yanaraq öldü...

 

“İmkanı olsaydı bu damda yaşayardımı”?

 

Biz hadisə yerinə çatanda ərazidə xeyli polis vardı. Yarımçıq tikilinin zirzəmisində məskunlaşmış onlarla məcburi köçkün ailəsi isə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun başına cəmləşmişdi. Əli Həsənovun “burada yeni bina tikilməsi nəzərdə tutulur, bütün problemlər həll ediləcək” deməsindən sonra insanların üzündəki narazı ifadə bir qədər dəyişmişdi. Kənarda dayanmış qadınlar isə “yazıq uşaq necə yanmışdı, gözümün qarşısından getmir”, digəri isə “bədbəxt bazarda badımcan satırdı, imkanı olsaydı bu damda yaşayırdımı” deyərək sitəm edirdi.

 

“Elə bildik, dünyanın sonudur”

 

Hadisənin şahidi olan Elnur adlı sakin deyir ki, gecə yarısı yanğın elə Babaşovların evindən başlayıb: “Burada elə çığırtı, elə ah-nalə səsləri gəlirdi ki, elə bilirdik dünyanın sonudu. Biz vedrələrlə su daşımağa başladıq. Seymurgil içəridə qalmışdı, çıxa bilmirdilər, nalələri ətrafa yayılmışdı”. Kənardan kimsə əlavə edir: “Çıxa bilməyəcəklərini görüb, yoldaşını və uşağı hamam salıb ki, özlərini su ilə qorusunlar. Amma elə tüstü vardı ki, ordan sağ çıxmaq mümkün deyildi”.

 

Hadisə vaxtı ailənin böyük övladı olan 9 yaşlı Fərhad qurtulmaq üçün özünü qapıya tərəf atıb. Bir qədər irəliləyən uşaq qapının ağzında huşunu itirib və yıxılıb. Şahidlər Fərhadın qanı olan yeri göstərib deyirlər: “Bura baxın, görün hansı şəraitdə yaşayırıq. O, yazıqların günahı nə idi. İmkanları olsaydı, normal evləri olsaydı, belə olardımı?”

 

Siqaret kötükləri

 

Burada yaşayan ailələr gecəni diri açıblar. Onlara müvəqqəti qalmaq üçün kirayə pulu veriləcəyi deyilsə də, çoxları məişət əşyalarını itirib. Yanğının söndürülməsi zamanı ətrafdakı evlərin də su altında qalması insanları bir başqa cür qayğılandırır.

 

Əsasən Cəbrayıl və Füzulidən olan məcburi köçkünlərin yaşadığı bu binanın tikintisi elə başlar-başlamaz yarımçıq qalıb. 1989-1990-cı illərdə yaradılmış kooperativlərdən birinin inşa etməli olduğu binanın zirzəmisindən başqa heç nəyi yoxdur. 1993-cü ildə Bakıya axışan məcburi köçkünlərin bir hissəsi bu cür yarımçıq tikililərə sığınmağa vadar olub. Lakin o vaxtdan bəri burada heç bir kommunal xarakterli iş aparılmayıb. Elektrik, qaz, su xətləri kortəbii formada çəkilib və heç bir texniki şərtə cavab verməyib. Yanan evlərin bir neçə metrliyində ucalan çoxmərtəbəli binaları göstərən Elnur deyir: “İnanırsız, neçə dəfə yuxarı mərtəbələrdən siqaret çəkib atıblar. Burda da hamısı taxtadandı, evlərin üstü zibillik kimidi. Başlayıb yanmağa. Neçə dəfə yanğınsöndürənlər gəlib buranı söndürməyə. Amma bu dəfəki kimi olmamışdı”.

 

Gecə Seymurun, Cəvahirin və iki uşağın meyiti morqa, oradan da Füzuli rayonuna aparılıb. Yəqin ki, onlar artıq dəfn edilib, bəlkə də indilərdə torpağa tapşırılacaqlar. Füzuli işğal olunarkən Seymurun 10, Cəvahirin isə 7 yaşı vardı. Rayonlarını doyunca görə bilməmişdilər. Fərhadla Elşad isə Füzulini heç vaxt görməyiblər. Və görməyəcəklər.

 

Onlar müharibənin alovundan qaçıb Bakıya gəldilər, amma bu alov 23 il sonra onları Bakıda yaxaladı. Sığındıqları yer onların həyatlarının puç olduğu yerə çevrildi...

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260912

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR