Kəndurtoxuma: 300 illik dədə-baba sənəti - REPORTAJ

Kəndurtoxuma: 300 illik dədə-baba sənəti - REPORTAJ
13:14 3 Dekabr 2016
62 Digər
Ölkə mətbuatı
A- A+

Masallıda hamının yaxşı tanıdığı bir ailə var. Bu ailə 300 ildir ki, kəndirtoxma sənəti ilə məşğul olur.
 
APA TV-nin cənub bürosunun məlumatına görə, ailənin toxuduğu müxtəlif növ kəndirlər gəmiçilik, idman və kənd təsərrüfatı sahələrində geniş istifadə olunur.
 
Masallı rayonunun Digah kənd sakini Fikrət Babayev ixtisasca iqtisadçı olsa da,  kəndirtoxuma sənətini də özü üçün əsas məşğuliyyət seçib. Onun sözlərinə görə, bu  sənət onların ailəsinə ulu babalarından miras qalıb. Daha sonrakı dövrlərdə digər ata-babaları kəndirtoxuma sənətini davam etdirərək bugünkü nəslə çatdırıblar.
 
Fikrət Babayev isə böyük zəhmət tələb edən bu işi atasından öyrənib. Beləcə, Masallıda bir nəslin məşğul olduğu kəndirtoxuma sənəti nə az, nə çox - düz 300 ildir ki, yaşadılır və nəsildən-nəslə ötürülür.
 
"Pambıq kanatı demək olar ki, idman sahəsində çox lazımdır. Pambıq kanatı yerli məhsuldur. Azərbaycanda istehsal olunan pambıq müxtəlif zavodlarda ip halına salınır. Bizə 40-lıq və 45-lik iplər lazım olur. İdmanda işlədilən kəndirlər pambıqdan olmalıdır".    
 
Babayevlər ailəsinin istehsal etdiyi kəndirlərin xammalını əsasən yerli məhsullar təşkil edir. Hazırlanan iplər 4 növ məhsuldan - pambıq, poliprapilin, xebi və kaprondan ərsəyə gətirilir. İstehsal olunan kəndirlər gəmiçilik, idman, kənd təsərrüfatı və digər sahələrdə geniş istifadə olunur. Məhsulların yüksək keyfiyyətli olduğunu laboratoriya  müayinələrinin cavabları da sübuta yetirib. Fikrətin ən böyük arzusu istehsal etdiyi kəndirləri Azərbaycan brendi olaraq dünya bazarına çıxarmaqdır.
 
Fikrət Babayevin sözlərinə görə, onlara maddi kömək göstəriləcəksə, dünya bazarına çıxmaq mümkün olacaq:
   
"Pambıqla dünya bazarına çıxmaq mümkündür. Çünki pambığın dünya bazarında qiyməti var.  Mənim yerim, şəraitim zəifdir. Bağlı yerim olsa, gün ərzində 500-800 kiloqram pambıqdan kəndir toxuya bilərəm. Mənim toxuduğum kəndirlər dünya standartlarına uyğundur. Sertifikata da layiq görülmüşəm. Biz həmçinin gəmilər üçün də kəndirlər toxuyuruq. Gəmi kəndirləri də polipraplindən, kaprondan olur".
 
Fikrət Babayev istehsal etdiyi məhsulların üzərində “Made in Azerbaijan” sözlərinin yazılması arzusundadır:
 
"Mənə kömək göstərilsə, dünya bazarına çıxa bilərik. Gün ərzində 700-800 kq ip toxumağa hazırıq. Belə olsa, burada hətta 30-40 nəfər üçün yeni iş yerləri açıla bilər".
 
Kəndirlərin ərsəyə gəlməsində nəslin kişiləri ilə yanaşı, qadınları da fəal iştirak edir. Əslində zərif cinsin nümayəndələri gördükləri işlə kişilərdən heç də geri qalmırlar. Bu sənəti yaşadan Tofiqə Babayeva deyir ki, əvvəllər çox çətinlikləri olub:
 
"Əvvəllər çətinliklərimiz vardı. İndi hər şeyə öyrəşmişik. Qabaq əl əməyindən istifadə edirdik. İndi maşınlar işimizi xeyli asanlaşdırıb. Bir ailə olaraq hamımız bu işdə çalışırıq. Mən özüm 20 ildir ki, bu sənətdəyəm. Kəndirləri, xırda ciyələri, ipləri biz toxuyub Bakıya yola salırıq".
 
Fikrət Babayev gələcəkdə kəndirtoxuma sənətini daha da inkişaf etdirmək, bu məqsədlə geniş və müasir sex yaratmaq barədə düşünür. Bunun üçün dövlətin ona dəstək olacağına ümid bəsləyir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261369

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR