Dünya futbolunda ən maraqlı anlardan biri də qardaş futbolçuların üz-üzə gəlməsidir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, belə hallarda çox vaxt komandalar yox, qardaşlar daha çox diqqət mərkəzində olurlar.

Jerom və Kevin-Prins Boatenq qardaşları DÇ-2010 və DÇ-2014-ün qrup mərhələsində bir-birlərinə rəqib olmuşdular. Bundan başqa, Stiv və Parfait Mandanda qardaşları da Fransa ilə Konqo arasında baş tutmuş yoldaşlıq görüşündə hər iki komandanın çərçivəsini qoruyublar.

Daxili çempionatlarda bir-birinə rəqib olmuş qardaşlar kifayət qədərdi. Ancaq avrokuboklarda nadir hallarda belə vəziyyət yaşanır. Cari mövsüm Avropa Liqasının 1/16 final mərhələsində də azarkeşləri qardaş dueli gözləyir. Çünki Pol Poqbanın klubu "Mançester Yunayted" Florentin Poqbanın formasını geyindiyi "Sent-Etyen"i sınağa çəkəcək.

Maraqlıdı, buna qədər hansı qardaş futbolçular Avropa arenasında üz-üzə gəliblər? Bu yazıda həmin siyahı ilə sizi tanış edirik:

Taulant və Qranit Xaka
11.06.2016: AÇ-2016, qrup mərhələsi
Albaniya - İsveçrə - 0:1
28.09.2016: Çempionlar Liqası, qrup mərhələsi
"Arsenal" - "Bazel" - 2:0
06.12.2016: Çempionlar Liqası, qrup mərhələsi
"Bazel" - "Arsenal" - 1:4

"Biz oyunlarımız zamanı öz aramızda mərcləşirik. Amma mükafat müəyyənləşdirməkdə çətinlik çəkirik". Bunu qardaşlar arasında daha tanınmışı olan Qranit deyib. O, böyüdüyü İsveçrə yığmasına üstünlük veribsə, böyük qardaşı Taulant valideynlərinin doğulduğu Albaniya millisini seçib. Yayda Fransada keçirilən Avropa çempionatında üz-üzə gələn qardaşlar bu mövsüm Çempionlar Liqasının qrupunda da iki dəfə bir-birlərinə rəqib olublar. Hər 3 görüşdə sevinən tərəf Xaka olub.

Lukaş və Adrian Çisleviç
01.07.2015: Çempionlar Liqası, I təsnifat mərhələsi
"B36 Torshavn" - "Nyu Seint" - 1:2
07.07.2015: Çempionlar Liqası, I təsnifat mərhələsi
"Nyu Seint" - "B36 Torshavn" - 4:1

Lukaş qardaşı ilə müqayisədə Polşada daha məşhurdu. Buna baxmayaraq, qardaşların ÇL-in I təsnifat mərhələsindəki duelindən Adrian qalib ayrılmışdı. Cavab görüşündə Lukaş bir dəfə fərqlənsə də, bu, "B36 Torshavn" üçün yalnız təsəlli qolu idi. Lukaş onların fərqli komandada olmaları üzündən analarının stadiona gəlmədiyini söyləyib: "Anam deyir ki, daha stadiona gəlməyəcəm. Çünki hansı komandaya azarkeşlik edəcəyini bilmir. Adriana qarşı oynamaq mənə maraqlı gəlir".

Tiaqo və Rafinya Alkantara
23.04.2013: Çempionlar Liqası, yarımfinal
"Bavariya" - "Barselona" - 4:0
01.05.2013: Çempionlar Liqası, yarımfinal
"Barselona" - "Bavariya" - 0:3
06.05.2015: Çempionlar Liqası, yarımfinal
"Barselona" - "Bavariya" - 3:0
12.05.2015: Çempionlar Liqası, yarımfinal
"Bavariya" - "Barselona" - 3:2

Qardaşların ataları Mazinyo "Valensiya" və "Fiorentina"nın futbolçusu olub. "Barselona"nın yetirməsi olan istedadlı qardaşlar eyni yığmada mübarizə aparmırlar. Tiaqo futbolçu kimi yetişdiyi İspaniyanın, Rafinya isə vətəni Braziliyanın millisinin formasını geyinir. Maraqlıdı ki, iki dəfə Çempionlar Liqasının yarımfinalında bir-birlərinə rəqib olublar. İlkində Tiaqo final sevinci yaşayıbsa, iki ildən sonra Rafinya revanşı ala bilib. Braziliya yığması ilə DÇ-1994-ün qalibi olan Mazinyo oğullarının üz-üzə gəlmələrini arzulamır: "Belə püşkatmalar mənim üçün arzuolunmazdı. Axı hər ikisi oğlumdu, hansınınsa uğursuzluğunu istəyə bilmərəm".

David və Filipp Degen
01.12.2010: Avropa Liqası, qrup mərhələsi
"Yanq Boyz" - "Ştutqart" - 4:2

Gənc yaşlarında "Bazel"in heyətində çiyin-çiyinə çıxış edən qardaşların karyerası fərqli alınıb. Filipp "Liverpul", "Borussiya" (Dortmund) kimi nəhənglərdə uzun müddət çıxış edibsə, Davidin ən güclü komandası Mönhenqladbax "Borussiya"sı olub. Maraqlıdı ki, qardaşların karyeralarındakı son klubları da "Bazel" olub. Avrokuboklarda cəmi 1 görüşdə Degen qardaşları meydana rəqib qismində çıxıblar. Onda da Davidin komandası qələbə qazanıb və o, hesabı açan oyunçu olub.

Qabriel və Dieqo Milito
28.04.2010: Çempionlar Liqası, yarımfinal
"Barselona" - "İnter" - 1:0

2009-10 mövsümündə ÇL-in yarımfinal mərhələsində qardaşlardan biri final sevinci yaşamalı idi. İtaliyadakı ilk görüşü Qabriel ehtiyat oyunçular skamyasından izləyib. Cavab matçında hər iki oyunçu bir-birinə qarşı mübarizə aparıb, ümumi hesabda isə Dieqolu "İnter" finala yüksəlib. Vətənləri Argentinada da qardaşlar bir neçə dəfə rəqib olublar. Maraqlıdı ki, Dieqonun ilk və son klubu "Rasinq" olubsa, Qabriel də karyerasını başladığı "İndependyente"də bitirib. Dieqo meydana çıxanda qardaşlığı unutduqlarını deyib: "Bir dəfə hakim az qala bizi meydandan qovacaqdı. Çünki bir epizodda bir-birimizin üstünə qışqırdıq və əsəbi halda mübahisə etdik. Uşaq vaxtı da evdə tez-tez dalaşardıq".

Yon Arne və Byorn Helqe Riise
22.10.2009: Avropa Liqası, qrup mərhələsi
"Fulhem" - "Roma" - 1:1
05.11.2009: Avropa Liqası, qrup mərhələsi
"Roma" - "Fulhem" - 2:1

Riise qardaşları 2009-10 mövsümündə Avropa Liqasının qrup mərhələsində üz-üzə gəliblər. Düzdü, həmin vaxt Yon Arnenin komandası "Roma" güclü olub. Amma Byorn Helqe sona qədər yoluna davam etməyi bacarıb və yalnız finalda "Atletiko"ya boyun əyib. Byorn qardaşı ilə özünü müqayisə edərək, Yon Arnenin güclü olduğunu bildirib: "Ona qarşı oynayanda çox səbirsizlənirdim. Etiraf etməliyəm ki, Yon daha güclü futbolçu olub. Milli komandada olanda isə bir otaqda qalırdıq".

Ronald və Ervin Kuman
01.02.1989: UEFA Superkuboku
"Mexelen" - PSV - 3:0
08.02.1989: UEFA Superkuboku
PSV - "Mexelen" - 1:0

1988-ci ildə Hollandiya millisi Avropa çempionu olanda kumanlar yığmanın önəmli oyunçuları olublar. Bir il sonra isə UEFA Superkubokunda üz-üzə gəliblər. Həlledici matçlarda daha güclü olan Ervinli "Mexelen" Superkuboku muzeyinə aparıb. Ronald Kuman qardaşına qarşı ehtiyatlı oynadığını etiraf edib: "Hər ikimiz məğlubiyyəti sevmirdik. Bu üzdən də meydana ayaq basanda qardaşlıq yaddan çıxırdı. Amma çalışırdım ona qarşı sakit olum. Çünki Ervin mənim böyük qardaşımdı və istəmirdim ki, məni döysün".

Milli.Az