Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsi ilk növbədə qardaş ölkənin prestijinə vurulan zərbədir. Terrorçunun kimliyi bəllidir. Terrorun arxasında hansı gücün durduğu da sirr deyil. Bu terrorun Türkiyə, Rusiya və İranın xarici işlərlə müdafiə nazirlərinin Moskva görüşünə bir gün qalmış törədilməsi özlüyündə hər şeyi açıq-aydın göstərir.
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin üzvü Sahib Alıyev Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsinə münasibətdə bildirib.
Onun sözlərinə görə, üç dövlət Suriya məsələsində razılığa gəlmək və ümumiyyətlə regionda yeni bir əməkdaşlıq modeli qurmaq üçün intensiv danışıqlar aparırlar. Son zamanlar bir-birinin ardınca törədilən terror aktlarıyla sanki biriləri Türkiyəyə xəbərdarlıq edir ki, bu plan, özəlliklə də Rusiyayla sıx əməkdaşlıq ona baha başa gələcək:
"İlkin reaksiyalardan belə görünür ki, həm rəsmi Moskva, həm də Ankara Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsinin arxasında kimin durduğunu yaxşı anlayırlar və bu olay ötən ilin noyabrındakı insidentdən fərqli olaraq iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq".
Pünhan Mirzə
Milli.Az