Uşaqlıq illərimdən yadımda qalan xatirələrdən biri də odur ki, o bizə tez-tez gələrdi. Atamla şahmat oynayardılar. Təqdim etdiyim şəkildə atamla (solda) üzbəüz şahmat oynayan (sağda) da odur. Bu şəkil onların tarixə dönmüş xatirələrindəndir. Amma bizim evdə deyil, illər öncə məktəbimizin müəllimlər otağında çəkilmiş bir xatirə şəklidir. İllər sonra məktəbdə oxuduğum zaman məlum oldu ki, məktəbimizin ən yaxşı müəllimlərindən biridir və riyaziyyat müəllimidir. Hər bir oxuyan şagird kimi mənim də arzum bu idi ki, onun sinfində oxuyum, o mənə dərs desin. Xoşbəxtlikdən VI-XI siniflərdə bizə riyaziyyatı o tədris etdi. Ondan riyaziyyatın çox sirlərini öyrəndim, hətta ali riyaziyyatın da ilk anlayışlarını ondan öyrəndim. Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olduğumu ilk söylədiyim insan da o oldu və azından mənim valideynlərim qədər sevindi. Magistratura və doktoranturada oxuduğum illərdə də, doktorluq dissertasiyamı müdafiə etdiyim zaman da, hər bir uğuruma sevinib və məni öz yetirməsi kimi hiss etmiş bir müəllimim haqqında xatirələri qələmə almaq həm şərəflidir, həm də çox ağırdır.
Dadaşov Əsəd 1932-ci ildə, Xaçmaz rayonunun Xəzər dənizi sahilində yerləşən kiçik bir Sibiroba kəndində anadan olmuşdur. Sibiroba kəndində orta məktəbin olmaması səbəbindən də, təhsil illərində böyük çətinliklərlə üzləşmişdir. 1939-cu ildə qonşu Bostançı kəndində I sinfə getmişdir. İbtidai təhsilini aldıqdan sonra 5 il təhsildən ayrı düşmüşdür. Atasını erkən itirdiyinə görə, uşaqlıq illərindən ailənin ağır yükünün məsuliyyətini öz üzərinə götürmüş və kiçik qardaşlarını oxutmuşdur. Lakin orta məktəb müəllimlərinin təkidi ilə yenidən orta məktəbə qayıtmış və VIII sinfə qədər təhsilini Bostançı kənd orta məktəbində davam etdirmişdir. XI-X sinifləri Xudat şəhərində 1 saylı orta məktəbdə davam etdirmişdir və oranı 1955-ci ildə bitirmişdir. 1956-cı ildə V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (İndiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur və 1961-ci ildə həmin fakültənin məzunu olmuşdur.
Əmək fəaliyyətinə başlamaq məqsədilə Xaçmaz rayon təhsil şöbəsinə gələn gənc müəllim, rayonda yeni açılmış Dədəli kənd orta məktəbinin direktoru ilə görüşmüşdür. Direktorun təkidi ilə həmin orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışdır. Əsəd müəllim müxtəlif illərdə həm də fizika fənnindən dərs demişdir. O, 2012-ci ildə təqaüdə çıxana qədər Q.Mövlanov adına Dədəli kənd orta məktəbində çalışmışdır. İşlədiyi müddətdə müəllimlik fəailiyyətindəki zəhmətinə görə Əsəd müəllim dövlət tərəfindən də qiymətləndirilərək "Əməkdar fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Bütün bunlar Əsəd müəllimin əmək fəaliyyətinin yalnız bir hissəsidir. Əsas fəaliyyəti ondan ibarətdir ki, işlədiyi orta məktəbi, öz əməyi nəticəsində sanki texniki təmayüllü bir orta məktəbə çevirmişdir. Baxmayaraq ki, Dədəli kənd orta məktəbinin məzunları arasında filalogiya elmləri doktoru, filalogiya üzrə fəlsəfə doktoru elmi dərəcələri, "Əməkdar jurnalist" fəxri adı almışlar də vardır, əsas etibarilə bu məktəbin məzunları teniki sahələrə maraq göstərirlər. Ona görə də, bu məktəbin məzunları arasında texnika elmləri doktoru, fizika üzrə fəlsəfə doktoru, mühəndislər, iqtisadiyyatçılar, müəllimlər, tibb sahəsində çalışan mütəxəsislər say etibarilə çoxluğ təşkil edirlər. Bu mütəxəsislərin riyaziyyat istiqaməti üzrə yetişməsində Əsəd müəllimin böyük rolu olmuşdur.
Müəllim sözü son zamanlarda artıq bir müraciət formasına çevrilmişdir ki, bu da haqlı olaraq bir çox ziyalıların etirazına səbəb olmuşdur. Əslində isə, müəllim adını nəinki digər sahələrdə çalışan insanlara müraciət zamanı, hətta öz peşəsinə ciddi yanaşmayan təhsil işçilərinə də müraciət forması kimi işlətmək düzgün deyildir. Yalnız Əsəd müəllim kimi şərəfli bir müəllim həyatı yaşamış, hazırladığı şagirdlərin peşəkar mütəxəsislər və alimlər kimi yetişməsinin şahidi olmuş, ən əsası isə öz şagirdlərinə təmənnasız və heç bir maliyyə qarşılığı olmadan dərs demiş, yalnız öz halal əmək haqqı ilə həyatını təmin etmiş insanlar müəllim adına layiqdirlər!
Dadaşov Əsəd ömrünün 84-cü ilində, 18 dekabr 2016-cı ildə bütün əzizlərini tərk etdi. İlin əvvəlində ilk müəllimimi - atamı, ilin sonunda isə əziz müəllimimi itirmiş bir insan kimi 2016-cı ilə əlvida deyirəm və qeyd etmək istəyirəm ki, öz ömrünü şərəflə yaşayan, yaxşı övlad və tələbə yetişdirən insanlar əbədi yaşayan insanlardılar.
Əsəd müəllimin vəfatı ilə əlaqədar, ailə üzvlərinə, yaxınlarına, Dədəli kəndinə, doğulduğu Sibiroba kəndinə, Xaçmaz rayonunun bütün təhsil ictimaiyyətinə və ziyalılarına dərin hüznlə baş sağlığı verirəm.
ALLAH RƏHMƏT ELƏSİN!
Cabarov Sakin
Fizika üzrə fəlsəfə doktoru