Dünyanın əksər ölkələrində adı Qüds olan, amma yəhudilərin Yerusəlim saydıqları şəhərin qədim məhəllələrindən biri. Bakının əhəngdaşına bənzəyən, amma rəngi sarı olan daşdan tikilmiş binanın ikinci mərtəbəsi, kiçik otaq, divarların kənarı ilə uzanmış böyük rəflər və bu rəflərdəki böyük kitablar. Kitablar, daha doğrusu, kitabələr çox böyükdür. Hər birinin ağırlığı 150-200 kq olar. Uzunu 1 metr, eni yarım metr olan kitablarda yəhudi xalqının dövlətinin qurulması, o zamanlar Fələstin sayılan ərazilərdə ilk yəhudi kəndlərinin, yəni "kibuts"ların yaradılması, ümumiyyətlə, indi İsrail olan dövlətin təməlin qoyulması üçün ianə toplama kampaniyalarında fərqlənən adamların adları var o kitablarda.

Dövlət quran, səhraları bağ edən bir təşkilat var - FOTO

Xırda pulları idiş dilində "puşke" adlanan pulqabına aylarla yığıb sonra "böyük"lərə verən 5 yaşlı qızdan tutmuş, milyonlarla dollarını bu ideyaya, yəni sionizmə bağışlayan məşhur siyasətçilərə, milyarderlərə, baronlara, neft maqnatlarınadək.

"Yəhudi xalqının qızıl kitabları"dır.

Həmin nəhəng kitablardan "Keren Kaemet le İsrael"in, yəni "Yəhudi Milli Fondu"nun rəhbərlərindən biri, "KKL Avrasiya"nın baş direktoru İqal Yasin bəhs edir:

- Bu kitablar tariximizdir. Çünki dünya tarixində ilk dəfə olaraq dövlət böyük təşkilatı yox, təşkilat dövləti qurub. "Keren Kaemet le İsrael", yəni qısaca KKL bütün dünyadakı yəhudilərin ən mühüm, ən nüfuzlu, ən böyük təşkilatıdır.

Kitablarda da ianə verən adamların adları var. Onlar yəhudi xalqı üçün çox önəmli, əziz insanlardır.

Yanımda Marqarita Kaqan durub. ABŞ-ın Nyu-York şəhərindəki yəhudi icmasının tanınmış, məşhur və sevilən simalarından biri.

"Bu kitablar fəxrimizdir. Diqqətlə bax, orada kimlərin adı yox ki..." - Marqarita pıçıldayır.

Dövlət quran, səhraları bağ edən bir təşkilat var - FOTO

İqal Yasin isə danışır:

- KKL-in əsası 1901-ci ilin dekabrın sonlarında, 5-ci Sionist Konqresində qoyulmuşdu, özü də yetərincə konkret məqsədlə.
1880-ci ilədək Fələstindəki yəhudilər Osmanlı Türkiyəsinin ərazisi olan torpaqlarda yaşayan adamlardılar. Əksəriyyəti də şəhərlərdə məskunlaşmışdılar. "Xovevey Sion" təşkilatının və baron Edmond de Rotşildin sayəsində Fələstində yerləşən ilk köçkün yəhudilər torpaq alaraq kənd təsərrüfatı fermaları yartamağa başladılar. 1897-ci ildə Bazeldə Ümumdünya Sionist Təşkilatı qurulanda isə Fələstində artıq yəhudi fermaları vardı.

Sionist təşkilatı Fələstində torpaqlar almaq üçün pul toplayırdı, amma kasıb yəhudi kəndliləri istismar edəcək varlı yəhudi mülkədarlarından ibarət təbəqənin yaranmasını istəmirdi. Buna görə də bərabərliyə əsaslanan cəmiyyətin qurulmasına, kooperativ mülkiyyətin özəl mülkiyyətdən üstün olacağı bir formasiyanın qurulması üçün səylər göstərilirdi.

1897-ci ildə German Svi Şapiro tamamən yeni ideya ilə çıxış etdi. O, bütün yəhudilərin yığdıqları pulların hesabına Yəhudi Milli Fondunun yaradılmasını, sonra da o pulların hesabına torpaqlar alıb İsrail dövlətini qurmağı təklif etdi.

Şapironun arzusu ürəyində qaldı - o, vəfat etdi.

Dövlət quran, səhraları bağ edən bir təşkilat var - FOTO

İsrail belə yarandı...

Ümumdünya Sionist Təşkilatının banisi Teodor Gersl isə bu ideyanı reallaşdırdı. 1901-ci ildə o, 5-ci Sionist Konqresində təklifi səsə qoydu və nümayəndələrin dəstəyini qazandı.

Səsvermənin nəticələri elan olunan kimi nümayəndələr Yəhudi Milli Fondunun ilk ianələrini verən adamlar olmaq istədilər. Bir qədər də keçdi, dünyanın müxtəlif ölkələrindəki yəhudi icmaları "Keren Kaemet le İsrael"ə, yəni Yəhudi Milli Fonduna pul yığmağa başladılar.

Pullar "puşke" adlı mavi qutulara yığılırdı.

Dövlət quran, səhraları bağ edən bir təşkilat var - FOTO

Və o "puşke", o balaca mavi qutu İsrailin əsasını qoyan nəsnəyə döndü. Çünki yığılan pullar Fələstində torpaqların alınmasına sərf olunurdu.

İndi İsrail ərazisinin 14 faizi KKL-ə məxsusdur və təşkilat bu əraziləri dövlətə 50 il müddətinə icarəyə verir. 50 illik, yəni bir "yovel"lik müqavilə başa çatandan sonra müqavilə yenilənir.

KKL ilk "yovel"ini qeyd edəndə və müqavilələri yeniləyəndə Yerusəlimdəki məhəllələrdən birinə "Kiryat Yovel" adı verilmişdi.

KKL Fələstində ilk torpaqları Aşağı Qalileyada və İudeyada, sonra İordan vadisində aldı. İsraildə ilk kibus olan "Dqaniya" da elə İordan vadisində quruldu.

Yəhudilərə torpaqları o zamanlar Beyrutda, Qahirədə, Dəməşqdə yaşayan varlı ərəblər satırdılar. Çünki Fələstində yəhudilərin almaq istədikləri torpaqlar bataqlıq, daşlıq, ya da səhra idi.

Dövlət quran, səhraları bağ edən bir təşkilat var - FOTO

Ərəblər sevinirdilər. Axı Osmanlı Türkiyəsinin qanunlarına görə, satılan torpağın yeni sahibi üç il ərzində orada əkin-biçinə başlamasaydı, torpaq yenidən əvvəlki sahibinə qaytarılırdı.

Fələstin müftisi o vaxtlar deyirdi: "Ey ərəblər, torpaqlarınızı yəhudilərə satın. Çəkinməyin, qorxmayın. Onlardan pulu alın, üç il keçəndən sonra isə torpaq yenə sizin olacaq. Beləcə, həm torpağınız əlinizdə qalacaq, həm də pul qazanacaqsınız".

Fəqət, ərəblər yəhudilərin ağlını və inadkarlığını dəyərləndirmədilər.

Dövlət quran, səhraları bağ edən bir təşkilat var - FOTO

İlk "kibus"ların qurulduğu bataqlıq, daşlıq, ins-cins olmayan məkanlarda yəhudilər ağalsığmaz, dözülməz, məşəqqətli zəhmət hesabına qumsallıqları tarlalara, daşlıq-qayalıq yerləri bağlara, bataqlıqları çəmənlərə çevirdilər.

Bataqlıqların qurudulması zamanı onlarla, yüzlərlə yəhudinin övladları malyariya qurbanı oldular, vəfat etdilər. Amma yəhudilər yollarından sapmadılar, məqsədə doğru irəlilədilər.

Səhraların, daşlıq ərazilərin, bataqlıqların, qumsallıqların, ilan mələyən yerlərin abadlaşdırılması KKL-in "ixtisas"ına çevrildi.

İndi İsraildə ağac əkmək adəti var. Yəhudi ailədə toy olanda, övlad doğulanda, ya da kiminsə xatirəsinin anımında ağac əkilir.

"Ölkəni dəyişirik, bilirsinizmi?"

- Biz, sadəcə, ağac əkmirik, yollar salmırıq, fermalar inşa etmirik, qoruqlar yaratmırıq. Biz ölkəni dəyişirik.

KKL-in mərkəzi iqamətgahında təşkilatın rəhbəri Daniel Atar aramla danışır. Mərakeşdə doğulan, sonradan ailəsi İsrailə köçən, burada orduda xidmət edib polkovnik-leytenant rütbəsinə yüksələn, sonra siyasətə atılan və Knessetə, yəni İsrail parlamentinə "Sionist İttifaqı" Partiyasından seçilən, indisə dünya yəhudilərinin ən böyük təşkilatına rəhbərlki edən Atarın sözlərinə görə, KKL indiyədək İsraildə 240 milyondan çox ağac əkməklə yanaşı, ölkənin simasını dəyişib.

1948-ci ildə səhralıq, qumsallıq, daşlıq yer olan İsrail indi, sanki, Avropa ölkəsidir: hər tərəf meşələr, çəmənlər, çaylardır.

Bu yaşıllıq insan zəhmətinin, yəhudilərin inadının və qətiyyətinin bəhrəsidir.

KKL-in fəaliyyəti, sadəcə, ekoloji və ya kənd təsərrüfatı yönümlü deyil, belə olmayıb da.

Dövlət quran, səhraları bağ edən bir təşkilat var - FOTO

İsrail yaranmazdan əvvəl Fələstində yəhudi torpaqlarının, yəhudi miqrantların yaratdıqları kooperativlər və yaşayış məskənləri olan "kibuts"larla "moşav"ların yerləşdikləri məkanlar da həddən ziyadə önəmli idi. Çünki Osmanlı Türkiyəsi 1-ci Dünya Savaşında məğlub olandan sonra Britaniya mandat ərazisinə, yəni müstəmləkəsinə çevirdiyi Fələstində yəhudilərin yaşamını "Ağ Kitab" adlı qaydalar toplusu ilə müəyyənləşdirirdi. 1937-ci ildə qəbul olunmuş qaydalar toplusuna görə, yəhudilərin Fələstinə mühacirəti məhdudlaşdırılmaqla yanaşı, yəhudilərə Fələstinin bir sıra bölgələrində ərəb sahiblərin razılığı olsa belə, torpaq almaq yasaqlanmışdı.

Fələstinin bölünməsini nəzərdə tutan ilk planda isə deyilirdi ki, bu ərazilərdə yaradılacaq ərəb və yəhudi dövlətləri arasında sərhədlər yəhudilərin yaşayış məskənlərinə uyğun keçiriləcək.

BMT-nin 1947-ci ildəki planında da eyni məqam vardı.

Məhz bu səbəbdən KKL Fələstində mümkün qədər geniş ərazidə, bacardıqca daha çox ərazilər satın almağa çalışırdı və buna da qismən nail olmuşdu.

KKL-in uğurları fantastik təsir bağışlayır. Belə ki, BMT hesabatlarına görə, İsrail 20-ci əsrdə meşələrin ümumi sahəsinin artdığı yeganə ölkədir.

Və çox az adam bilir ki, İsraili indi yaşıl diyara çevirmiş meşəliklərdəki hər ağac (!) istixanada yetişdirilib, sonra o ting meşəlik olacaq səhraya, qumsallığa, daşlığa əkilib.

İndi İsrailin dövlət büdcəsinin əhəmiyyətli hissəsi kənd təsərrüfatı məhsullarının, o cümlədən çiçəklərin ixracından əldə olunan vəsait təşkil edir.

Sadəcə, bir fakt: İsraildə anadan olan hər uşağın adına yeni salınan meşəlikdə ağac əkilir.

Bunu da KKL, yəni "Keren Kaemet le İsraiel" gerçəkləşdirir.

KKL İsraildəki yollar, uşaq meydançaları və bağçalar, istirahət yerləri, qoruqlar, parklar, meşələr, tarlalar, istixanalar, elmi-tədqiqat mərkəzləridir.

İsraildə 613 Xocalı xatirəsi

"Xocalı bəşər tarixindəki ən dəhşətli qırğınlardan biridir. İsrail xalqı Xocalıda həlak olanların ailə üzvləri, yaxınları və qohumları, bütün Azərbaycan xalqı ilə həmrəydir".

115 yaşı tamam olan KKL-in, yəni Yəhudi Milli Fondunun vitse-prezidenti Zaev Noyman belə dedi.

İsrailin ilk prezidenti Xaim Vaysmanın adını daşıyan meşədə Xocalı meşəliyi də var. 613 ağac var o meşəlikdə. Xocalı soyqırımının 613 günahsız qurbanının xatirəsinə 613 ağac.

Dövlət quran, səhraları bağ edən bir təşkilat var - FOTO

"Meşəlikdəki ağaclar İsrail xalqının Xocalı dəhşətində həlak olanların ailələri, bütün Azərabycan xalqı ilə həmrəyliyinin canlı abidələridir. O ağaclar insani dəyərlərlə həmrəliyimizin simvoludur. Biz yəhudilər, israillilər əziz azərbaycanlı qardaşlarımızın hisslərini anlayırıq. Biz də dövlətimizin müstəqilliyi üçün çox baha ödənc verdik və hələ də azadlığımızı qanımız, canımız bahasına qoruyuruq. Müstəqillik uğrunda savaşımızda bu təpəliklərdə vuruşduq. Yerusəlimin blokadasını bu təpələrdən yardıq. Xocalı təki, Yerusəlim də o vaxt blokadada idi. İsrail Azərbaycan xalqının dostudur, biz qardaşıq", - Zaev Noyman söylədi.

İsraildə Eyn Şofet adlı bölgədə salınan meşəlikdə artıq Milli.Az-ın, Day.Az-ın və Trend.Az-ın da adlarına ağaclar əkildi.

Böyüsünlər, Xocalı meşəliyindəki ağaclar boyda olsunlar.

Dövlət quran, səhraları bağ edən bir təşkilat var - FOTO

Kül olmuş meşələr "dirilir"

Bu ilin noyabrın 22-də İsraildə çox güclü meşə yanğınları oldu. Hayfada başlayan yanğınlar sonradan Latrun, Təl-Əvivin həndəvərləri, Yerusəlim, Xadera, Zixron-Yakov və Neşerada da yaşandı. 130 nəfər tüstüdən zəhərləndi.

İsrailin baş naziri Binyamin Netanyahunun dediyinə görə, həddən artıq quru və yağıntısız keçmiş aylardan dolayı "quru barıt"a dönmüş şam, küknar meşələrinə bilərəkdən, qəsdən od vurulmuşdu.

Dövlət quran, səhraları bağ edən bir təşkilat var - FOTO

Maliyyə naziri Mrşe Kaxlon da yanğınları terror aktları hesab etdi, zərər çəkmiş əhaliyə təzminatların ödənməsinə göstəriş verdi.

İsraildəki güclü meşə yanğınlarının söndürülməsi üçün Azərbaycan olay yerinə FHN-nin "BE-200ÇS" amfibiya təyyarəsini yollamışdı.

İsraillilər buna görə Azərbaycana minnətdarlıq edirlər.

Hayfa ətrafında yanıb kül olmuş meşəliklərdə indi yeni ağaclar əkilir, həmin yerlər "dirilir".

İsrail yaralarını sarıyır, aldığı zərbələrdən özünə gəlir.

Elçin Alıoğlu
Milli.Az