“Görünüşümü bəyənirəmsə, neçə nəfər onun əksini desə belə, mən öz fikrimdə qalıram”
Bakı. 31 dekabr. REPORT.AZ/ Tanınmış modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Report”a müsahibəsi:
- Bu ilin payız-qış mövsümü üçün hansı rənglər daha çox dəbdədir?
- Son illərdə dəbdə olan bir çox rənglər öz aktuallığını qoruyub saxlayır. Lakin dəbdə olan bəzi rəng çalarları daha çox önə çıxır. Bu ilin payız-qış mövsümündə bozun açıq çalarından tündünə qədər olan hər bir rəng rahatlıqla istifadə olunur. Əsasən bütün rənglərin bir qədər solğun, ilk baxışda sanki tozlanmış kimi görünən çalarları dəbdədir. Açıq süd və açıq qəhvə, həmçinin bişmiş kərpic rənginin çalarları da hazırda gündəmdədir. Bunlarla yanaşı yaşıl, xardal, hərbi geyimlərin rəngləri, mavi, çəhrayı rəngin şux tonları gündəmdə olacaq. Qırmızı, qara, ağ isə hər zaman, bütün fəsillərdə istifadə oluna bilən klassik rənglərdir.
Hazırda isə dəbdə həm rəng, həm də forma çeşidləri çox genişdir. Xanımlar və bəylər geyim seçməkdə elə də çətinlik çəkmirlər. Çünki dizaynerlər insanların alıcılıq qabiliyyətini və nəyə üstünlük verdiklərini nəzərdən keçirərək geyimlər hazırlayırlar. Bu gün mağazaya girib yalnız eyni geyimlər görmürük, qarışıq formalar istehsal olunur. İstehsalçı bilir ki, yalnız özəl geyimlər hazırlamaqla qazanc götürmək olmaz, alıcının ehtiyacı olan çeşidli geyimlər də istehsal etmək lazımdır.
- Yeni modellərin dəbdə olması gözlənilirmi? Son zamanlar əvvəlki illərin dəbi gündəmə gəlir...
- Davamlı olaraq müxtəlif dövrlərin geyim formaları dəbə düşür və aktual olur. Təbii ki, əvvəlki illərin dəbi olduğu kimi təkrarlanmır. Keçmiş illərin dəbinə müasir kəsim formaları, ornamentlər, elementlər əlavə edilir. İllər öncə istifadə olunan modellər olduğu kimi, günümüzün dəbinə qayıtsa, bu dizaynerlərin sözünün qurtarması demək olar. Təbii, bəzi geyimlər var ki, illər sonra həmin geyimi geyinirsən və görürsən ki, öz aktuallığını qoruyub saxlayır.
Son dövrlər omba nahiyəsindən yerə qədər enli gələn və ya omba nahiyəsində oturan aşağıya doğru balağı enli olan şalvar modelləri də gündəmdədir. Bu cür şalvarlar geyinən insanlar mütləq bilməlidirlər ki, onların ayaqqabıları qəti şəkildə görünməməlidir. Ayaqqabılar göründüyü zaman həmin insanın görünüşü xoş təsir bağışlamır. Boyu qısa adam bu tip şalvarı yastıdabanla geyinə bilməz. Bu şalvar modeli hündürboy xanımlara daha çox yaraşır, ortaboylu və ya bəstəboy xanımlar isə mütləq hündürdaban ayaqqabı geyinməlidir və ayaqqabı görünməməlidir. Belə olanda geyim düzgün təqdim olunur və bunu geyinən insanın boyu olduğundan daha uca görünür.
- Bəs, ayaqqabı və çantaların eyni rəngdə olması şərtdirmi? Geyimdə nələri dəstləşdirmək lazımdır və ya mütləqdir?
- Bu gün dəbdə qadağalar yoxdur. Bəzi adamlar paltarla kapron corabın geyinilməsini uyğun görmür. Ziyafət geyimini kapron corabsız geyinmək olmaz. Müasir dövrdə ən incə olan “3-8 den” corablardan istifadə olunur. Yay fəslində açıq ayaqqabılarla don geyinərkən kapron corablardan istifadə etməmək olar, amma onun da çarəsi tapılıb. Qeyd etdiyim ayaqqabılarla geyinmək üçün ayaqaltının döş hissəsi silikonlu olan corablar istehsal edilir və bu corabları satışdan rahatlıqla əldə etmək mümkündür. Əgər bundan dünyada istifadə edirlərsə, bu o deməkdir ki, corab mütləq geyinilməlidir.
Çanta ilə ayaqqabının rəng uyğunluğuna gəldikdə isə mən bu uyğunluğu sevirəm. Mənim üçün zövq çox önəmlidir, geyimlərim öz zövqümə və tərzimə görə hazırlanır. Bunun dəb olub-olmaması mənim üçün önəmli deyil. Mənə aid olan və hər zaman söylədiyim “Güzgü bizim ən yaxın dostumuzdur” sözünü elə-belə demirəm. Güzgüdə insan özünün bütün əyrilərini və düzlərini görə bilir. Lakin bunun üçün insan özünə tənqidi yanaşmağı bacarmalıdır. Əgər insan özü çətinlik çəkirsə, yaxınları və ailə üzvlərindən də məsləhət ala bilər. Bəzən fikirlərin üst-üstə düşməməsi mümkündür. Əgər çox adam deyirsə bunu etmə, geyinmə, bu maraqlı deyil, o zaman ətrafdakıların sözünü dinləmək lazımdır. Özünə və zövqünə güvənirsənsə, bu zaman seçimini düzgün etmiş olursan. Bəzən mən özüm də yaxınlarımdan ümumi görünüşüm haqqında fikirlərini soruşuram. Çünki özümə çox tənqidi yanaşan insanam. Amma görünüşümü bəyənmişəmsə və beynimdə təsdiqləmişəmsə, neçə nəfər onun əksini desə belə, öz fikrimdə qalacağam.
- Hazırda idman üslublu geyimlər də çox istifadə olunur. Bunu da bir dəb saymaq olarmı?
- Son zamanlar insanların idmana olan marağı artıb və idman geyimlərindən gündəlik istifadə çoxalıb. Bu səbəbdən də idman geyim mağazalarından çox fərqli, sırf idman forması olmayan, tüllərlə, naxışlarla, maraqlı kəsim formaları ilə hazırlanmış idman geyimləri tapmaq olar. Amma gündəlik geyimlərdə sırf idman formasından istifadəni məsləhət görmürəm. "İdman tərzi" deyəndə idman formaları deyil, rahat, gündəlik geyim forması nəzərdə tutulur. Məsələn, cinslərlə köynəklər, rahat şalvarlarla koftalar, jaketlər, topuğa qədər və ya topuğun üstündə olan ətəklər belə geyimlərdən sayıla bilər. Bu geyim formalarının hamısını idman tərzinə aid etmək olar, amma bunların klassik formaları da var.
- Gülnarə xanım, hansı məşhurlarla işləyirsiniz və bunun çətinlikləri varmı? Kişi məşhurlarla işləmisinizmi?
- Bir çox sənət adamları ilə calışmışam. Azərbaycanın xalq artisti Səkinə İsmayılova və əməkdar artist Tünzalə Ağayeva, Samirə Allahverdi ilə işbirliyimiz bu günə kimi də davam edir. Gülüstan Əliyeva, Mələkxanım Əyyubova, Simarə İmanova, Aşıq Samirə, Nazpəri Dostəliyeva, Nəzakət Teymurova, Röya Ayxan, Könül Kərimova ilə işləmişəm. Demək olar ki, bu gün sənətdə olan çox ifaçılarla çalışmışam. Kimlərinsə ismini unuda bilərəm üzürlü saysınlar. Xalq artisti Flora Kərimovanın “Bakının işıqları” klipində geyimləri mən hazırlamışdım. Mərhum xalq artisti İlhamə Quliyeva ilə də bir neçə dəfə iş birliyimiz olub. Kişilərdən məşhur aparıcılarla, müğənnilərlə də bəzi layihələrlə bağlı işbirliyim olur.
- Kollektivlər üçün geyim hazırlamısınızmı? Məsələn, rəqs qrupu, teatr və kinoda oynayacaq aktyorların geyim rəssamı olmusunuzmu?
- Təbii ki, kollektiv geyimlər hazırlayıram. “Canbala” pop qrupu və bir çox qruplarla işləmişəm. Bir neçə filmdə və teatr tamaşalarında oynayanlar üçün geyimlər hazırlamışam. Ssenari müəllifi İlqar Fəhmi, rejissoru Rövşən İsak olan “Aktrisa” filminin modelyer-rəssamı olmuşam. Bu filmin geyimləri, bəzək əşyaları mənim eskizlərim əsasında seçilib. Eskizlərə uyğun aldığımız geyimlər də var idi, amma bəzi geyimləri və əsas rolun xanım ifaçısına aid geyimlərin çoxu xüsusi olaraq hazırlanmışdı. Hətta ölüm səhnəsində aktrisanın üstündə olan geyim də tikilmişdi. Çünki satışda mənim düşüncəmə uyğun pinuar tapa bilmədik. "Aktrisa" filmi modelyer-rəssam kimi filmdə mənim ilk işim idi. Filmdə işləmək mənə daha çox zövq verdi. Bir çox tamaşaların geyim rəssamı olmuşam. 2008-ci ildən etibarən Azərbaycan Dövlət Musiqili Teatrının modelyer rəssamıyam.
- Toxunma işlərinə maraq çoxdurmu? Özünüz toxuyursunuzmu?
- Təbii ki, özüm də toxuyuram. İlk kolleksiyam öz əl işlərim idi. Sonralar vaxt məhdudiyyətinə görə, bu işi tək edə bilmədim, köməkçilərim də yardım edirdi. Mən ilk dəfə toxunma əl işlərindən ibarət “İlmələrin sehri” kolleksiyamla tanınmışam. Onu da qeyd edim ki, həmin kolleksiyam mənim üçün çox dəyərlidir. Hər bir hazırlanan geyimdə əl əməyi, göz nuru, insanın qəlbinin və əlinin istiliyi var. Bir geyim bir aya, bəzən üç aya başa gəlir. Hətta elə olur ki, geyimin üzərindəki bütün bəzək əşyaları saplardan əl ilə hazırlanır.
- Öz geyiminizi özünüz tikirsiniz? Ürəyinizə yatmayan geyim tikmisiniz?
- Adətən geyimlərim mənim brendimə aid olur. Hesab edirəm ki, mən öz moda evimin simasıyam. Ona görə də başqa brendlerden çox istifadə etməyim düzgün olmazdı. Bu günə kimi mənim üçün hazırlanan geyimlərimin içində ürəyimə yatmayanı olmayıb. Mən ancaq gözəl və qeyri-adi geyimlərə üstünlük verirəm.
- Bəzi sahələrdə çalışan insanlar arasında sağlam rəqabətlə yanaşı, qısqanclıq, bir-birilərinin işini bəyənməmək kimi hallar olur. Modelyerlik sahəsində vəziyyət necədir?
- Mən hamı ilə dost münasibətindəyəm. Azərbaycanda çox az sayda tanınmış dizayner var. Amma sevindirici haldır ki, gənclərimiz bu sahəyə maraq göstərir. Gənclərə həmişə deyirəm ki, kimə kömək lazım olsa, mən hər zaman əlimdən gəldiyi qədər dəstək olmağa hazıram. Amma onlar da özlərindən böyüklərə hörmət etməlidirlər. Hər zaman hörmətdə, münasibətdə qüsuru olmayan gənclərimizin yanındayam.
- Özünüzü sənətinizin tam peşəkarı hesab edirsinizmi? Azərbaycanda bu sahədə peşəkarlar kimlərdir?
- Özümü sənətimin peşəkarı hesab etsəm də, heç vaxt demirəm ki, mən hər şeyi bilirəm. Çünki bu gün də öyrənəcək çox şey var. İnsan həyatının sonunadək öyrənməlidir. Özümə çox tənqidi yanaşan insanam. Sənətimi çox sevirəm, işim mənim üçün hər şeydən vacibdir.
- Azərbaycanda modelyerlik inkişaf edibmi? İnsanlar geyim seçəndə modelyerlərin təklifindən istifadə edirlərmi?
- Azərbaycanda son illərdə modelyer sənəti dəb halına gəlib desək, daha doğru olar. Amma inkişaf çox zəif formada gedir. Amma əsas odur ki, hərəkətlilik var. Əlbəttə, bu da sevindirici haldır. Fərqli və özünə xas görünmək istəyən insanlar var. Bu insanlar hər zaman modelyerlərə müraciət etməyi sevirlər.
- Azərbaycan əhalisinin geyim zövqünü necə dəyərləndirirsiniz?
- Bizim insanların geyim zövqünü əksər hallarda bəyənirəm. Təbii ki, geyim maliyyə ilə bağlıdır. Amma müşahidə edərkən görürəm ki, insanlar zövqlü geyinməyə çalışırlar. Mənə görə daha çox zövqlə geyinmək yaxşıdır. Mən hər zaman söyləyirəm: “Zövq ən böyuk trenddir”. Çünki zövqlü olmaq həmişə dəbdədir.
- Sənətinizlə bağlı hansı ölkələrə səyahət edirsiniz? Yeni səfərlər gözlənilirmi?
- Əlbəttə, işimlə əlaqədar bir çox Avropa və Şərq ölkələrinə səyahətlərim olur. Bakıda bir çox layihələr var, hazırda onun üzərində işləyirik. Heç vaxt elə bir arzum olmayıb ki, hansısa ölkədə olum. Amma Şərq ölkələrini daha çox sevirəm. Bu yaxınlarda Rumıniyanın mədəniyyət mərkəzi sayılan İassi şəhərində keçirilən "Kasta Morrely 2016" moda həftəsində iştirak etdim. Yeni kolleksiyam olan “Xalçaların dili” bütün avropalıları heyran etdi. Vətənə isə orada layiq görüldüyüm “Creative İndustries Awards” mükafatı ilə döndüm.
Bu gün mənim milli geyimlərimin çoxu xarici ölkə prezidentlərinə, tanınmış insanlara hədiyyə olaraq verilir. Azərbaycan Milli Geyim Mərkəzində işlənən divar əsərlərimin çoxu Azərbaycana gələn bir çox məşhurlara hədiyyə şəklində təqdim olunur. Milli ornamentlə olan işlərim, parça üzərində hazırlanmış divar əsərlərim hər kəs tərəfindən çox bəyənilir. Bu yolla hər zaman Azərbaycana aid olan abidələri, naxışları, milli-mənəvi dəyərlərimizi təbliğ etməyə çalışıram.
- İşlərinizin çoxluğu ailənizə ayırdığınız vaxtı qısaltmır? Yoldaşınız sizi qısqanmır ki?
- İşimin çox olmasına baxmayaraq, evlə bağlı işlərimdə də aktivəm, xörəkləri də evdə özüm hazırlayıram. Uşaqlıqda anam bizə bunların hamısını öyrədib. Mən bunun üçün valideynlərimə çox minnətdaram. İşgüzar olmaq gözəl şeydir, istəyərəm ki, indiki gənclər də belə olsun.
Yoldaşımla mənim aramda qısqanclıq olmayıb, hər zaman qarşılıqlı hörmət, sevgi və inam olub.
- Neçə övladınız var?
- İki övladım var, oğlum və qızım.
- Fəaliyyətiniz dövründə yaddaqalan hadisələr olubmu? Bir hadisəni bizimlə bölüşə bilərsinizmi?
- Əlbəttə, olub. Bir dəfə müğənni Samira Allahverdi geyimin ölçülərinin uyğunlaşdırılması (primerka) üçün gələndə mən ona əvvəlcədən bildirdim ki, ayaqqabısını da özü ilə gətirsin. Gələndə gördüm ki, bir tay ayaqqabı gətirib, soruşdum ki, bəs ayaqqabının digər tayı hanı, dedi sən demədin axı hər ikisini gətirim. Bu hadisə heç vaxt yadımdan çıxmır. Hələ də bu hadisəni deyib gülürük.
Bir dəfə isə geyim üçün eskiz hazırlayanda donun bir qolunu çəkmədim ki, eyni formadır ehtiyac yoxdur. Geyimin ölçülərinin uyğunlaşdırılması zamanı baxdım ki, geyimin qolunun biri yoxdur, soruşdum ki, bəs geyimin digər qolu hanı, köməkçim təəccüb etdi ki, axı siz bir qol çəkmişdiz. Əslində, maraqlı məqamlar çox olub, amma bu ikisi daha çox yadımda qalıb.
- Çəkinizi necə tənzimləyirsiniz?
- Mən sağlam qidalanıram, bu səbəbdən də formada qalmağı bacarıram. Buna görə sağlam qidalanma mütəxəssisi bacim Mələk Xəlilə minnətdaram. O, həm də bir çox məşhurların da artıq çəkidən azad olmasına yardım edib. Misal olaraq, Tünzalə Ağayevanın adını çəkə bilərəm.
- Başqa hansı sahələrə maraq göstərirsiniz?
- Toxumaq, tikiş peşələrini özüm öyrənmişəm. Bu peşələrin təhsilini almamışam. Allah verən istedadı əmək və zəhmətlə bu günə gətirmişəm. Ümumiyyətlə sənət və yaradıcılıqla bağlı bir çox peşələrin öhdəsindən gəlmək qabiliyyətinə malikəm. 7 il fortepiano üzrə musiqi məktəbinə getmişəm. Pianinoda çalmaqdan çox oxumağa marağım var idi, mən oxumağı sevirəm, bu səbəbdən də uşaq vaxtı daha çox xor dərsində solist olurdum. Ailədə 4 uşağıq, hamımızın musiqi təhsilimiz var. Ali təhsilimi isə pedaqogika və psixologiya üzrə almışam.
2000-ci ildən modelyerlik fəaliyyətinə başlamışam. Ondan əvvəl və sonra da pedaqoji fəaliyyətim olub. Bu günə kimi 30-a yaxın tələbəm olub. Yəni onlarla sənətimlə bağlı sirlərimi bölüşmüşəm, düz yol göstərmişəm. Onların içində işi tez qavrayan da olub, gec qavrayan da. Onların çoxu həyatda öz mövqelərini tutublar. Əlbəttə bu da məni çox şad edir.
Modelyer Gülnarə Xəlilova: “Bu gün dəbdə qadağalar yoxdur”
Modelyer Gülnarə Xəlilova: “Bu gün dəbdə qadağalar yoxdur”
Modelyer Gülnarə Xəlilova: “Bu gün dəbdə qadağalar yoxdur”