Yanvarın 6-sı həyatdan vaxtsız getmiş istedadlı şairimiz Mikayıl Müşfiqin vəfatı günüdür. Daha doğrusu, Stalin rejiminin yerlərdəki nökərləri tərəfindən güllələndiyi gündür.
Publika.az bununla bağlı tədqiqatçı Aslan Kənanın yazısını təqdim edir:
Məlumat üçün deyim ki, Mikayıl Müşfiq Qədir oğlu İsmayılzadə
1938-ci ildə Azərbaycan SSR Cinayət Məcəlləsınin 64, 70, və 73-cü
maddələri ilə təqsirli bılınib və SSRİ Ali Məhkəməsınin Səyyar
Hərbi Kollegiyasının 5 yanvar 1938-ci il saat 11:20-də başlanan
məhkəməsi saat 11:40-da onun güllələnməsi hökmü ilə başa çatır.
Diqqət edin: məhkəmə cəmi 20 dəqiqə çəkir. Hökm yanvar ayının 6-na
keçən gecə həyata keçirilir. Bəs hələ yaradacağı neçə-neçə əsərləri
yarımçıq qalan bu gənc, istedadlı şairi güllələnməyə qədər aparan
yollar haradan keçirdi? Onun «günahı» nə idi? Kimlər idi onun
torbasını tikənlər? Bu barədə S.Mümtaz adına Azərbaycan Dövlət
Arxivinin şöbə müdiri, tədqiqatçı Aslan Kənanın arxiv materialları
əsasında araşdırmalarını oxuduqca adam heyrətə gəlməyə bilmir. Siz
də oxuyun və görün ki, ədəbiyyata, poeziyaya yenilik gətirən
istedadlı bir şairə qarşı nə qədər haqsızlıqlar olub.
«Mikayıl Müşfiq oğlu Yalçının ölümü ilə uzun müddət barışa
bilmirdi. Həyatına sevinc gətirən, ilhamına yeni qanad verən bu
uşağın qəfil ölümü onu çox sarsıtmışdı. Qələm dostları tez-tez
yanına gələr, ona təsəlli verməklə ələmini, kədərini unutdurmağa,
çalışardılar. Həmin ərəfədə Moskvaya - ədəbi yığıncağa dəvət alan
bir qrup yazıçılar arasında M.Müşfiqin yaxın dostu Rəsul Rza onu bu
kədərli anlardan ayırmaqdan ötrü onlarla getməyi təkid edir.
O ilin yayında M.Müşfiqlə Mir Mehdi Seyidzadə Mərdəkan bağlarında
ailəvi ev tutub bir yerdə dincəlirdilər. Həmin yay günlərində Rəsul
Rza, Ənvər Əlibəyli, Ənvər Məmmədxanlı yaxınlıqdakı bağlarda
dincəldikləri üçün demək olar hər gün bir yerdə olurdular. Hərdən
buralara satirik şeirləri və meyxanaları ilə xalqın qəlbinə yol
tapan Əliağa Vahid də təşrif gətirər, dahi Füzulidən, buzovnalı
Azərdən, türk şeirinin görkəmli ədiblərindən söhbət açar, onlardan
şeirlər deyər, bəzən də yazıb, lakin hamıdan gizli saxladığı
qəzəllərıni bu məclisdə oxuyardı. Bu kiçik məclisdə Müşfiq və onun
yanındakılar Ə.Vahidin qəzəllərindən xüsusi zövq alırdılar. Ətraf
seyrəkləşəndən sonra Müşfiq Vahidlə bir tərəfə çəkilər, Xəyyamdan
yenicə tərcümə etdiyi rübailəri ona oxuyardı. Əkrəm Cəfərin
təbiırincə desək: «Müşfiq gözəl şeir oxumaq qabiliyyətinə malik»
idi.
Vəfasız aləmi gəzdim doyunca,
Ölçdüm öz ölçümlə hər şeyi bunca.
Parlaq üzün kimi bir ay görmədim,
Bir sərv bulmadım sənin boyunca…
Bağdan köçəndən sonra Müşfiqgildə şadyanalıq hökm sürürdü. Qəhqəhə
və alqış səsləri, bir-birinin ardınca səslənən şeirlər məclisə
xüsusi şənlik gətirirdi. Badələrin cingiltisi, alqış səsləri şeir
deyənləri daha da ilhamlandırırdı. Bakı Sovetindən M.Müşfiqin
ailəsinə ayrılmış mənzilin təbrikinə yaxın qohumları ilə yanaşı,
qələm dostları da gəlmişdilər. Hamı gülüb-danışır, sevinc içində
mənzil sahibinə gözaydınlığı verir, evin düşərli olmasını
arzulayırdılar.
Gecədən keçmiş qonaqlar dağılışır. Sevimli müəllimi Abdulla Şaiq
ayağa qalxır, əlini Müşfiqin çiyninə qoyub küçəyə çıxmağı təklif
edir.
Abdulla Şaiq bu qarışıq zəmanədə Müşfiqə ehtiyatlı olmağı məsləhət
bilir, Hüseyn Cavidin aşağıdakı beytini ona xatırladır və bu
misraları unutmamağı tövsiyə edir:
Göz, qulaq - görmək, eşitmək aləti
Daima aldatmış insaniyyəti.
Həmin görüşlərdən bir müddət sonra Azərbaycan Yazıçılar İttifaqının
plenumunda, dövri mətbuatda M.Müşfiqə qarşı kəskin, qərəzli, hətta
ifrat dərəcədə sərt tənqidlər təşkil olunmağa başlayır. Bu
tənqidlər bəzən təhqirlərə də keçirdi. Haqsız hücumlara məruz qalan
safqəlbli, genişürəkli, fitri istedad sahibi olan M.Müşfiq ona
qarşı bu cür sərt çıxışlara görə bədbinliyə qapılsa da özünü ələ
almağa çalışır.
Azərbaycan Yazıçılar İttifaqının yığıncaqlarından birində
İttifaqın sədri S.Şamilovun çıxışı ən azı, təəccüb doğurmaya
bilməzdi:
«Müşfiq nə üçün Səməndər kimi əfsanəvi bir quş ilə maraqlanır,
ancaq bızim sovet quruluşu ilə, bizim sovet qəhrəmanları ilə
maraqlanmır? Bax bu Səməndər sizin fikrinizə haradan gəlib? Biz
demirik sənin flankəsdir qohumun. Ola bilər demişik ki, sənin
qohumun müsavatçının qohumudur. Ancaq sən öz yaradıcılığın haqqında
danışmalısan. Sən bu gün Sovet ədəbiyyatının ifşa etməyə
çalışmırsansa, bəs bu Səməndəri nə üçün yazmısan, kim səni məcbur
etmişdir bunu yazasan».
Zənnimcə, bu sözlərin izaha ehtiyacı yoxdur. Yalnız onu xatırladım
ki, S.Şamilov özü də sonralar iki dəfə haqsız yerə həbs olunur.
Yazıçılar İttifaqının başqa bir plenumunda ədəbiyyat sahəsində heç
izi olmayan, «şeirlərini» mətbuat səhifələrində görmək arzusu ilə
«qovrulan», onun üçün də görkəmli şair və yazıçıların himayəsinə
ehtiyac duyan, bununla da ondan bir alət kimi istifadə edilən
Feyruz adlı «şair» əda ilə tribunaya qalxır..
O, ilk növbədə, bir neçə şairin ünvanına kəskin ifadələr
işlətdikdən sonra «əsas mətləbə» keçir. Bu «mətləb» onun gələcəkdə
«şeirlərinin» mətbuata çıxması üçün gözəl məqam idi. İlk zərbəni
yeni quruluşun bir nömrəli «düşməni» sayılan Əhməd Cavada yönəldir
və bundan sonra istedadı ilə neçə-neçə qələm sahiblərindən seçilən,
addımbaşı «dostlar»ı tərəfindən qısqanclıqla qarşılanan M.Müşfiqə
tərəf istiqamət götürür, onu «Ə.Cavadın qanadı altında yaşayan»
gənc şair adlandırır.
Natiq M.Müşfiqin «ədəbiyyatımızda və şeirimizdə ən inkişaf etmiş
şair» olduğunu etiraf etmək məcburiyyətində qalsa da, ünvanına
«əksinqilabçı» damğası vurmağı da unutmur. O dövrdə «əksinqilabçı»
damğası vurulan şəxsin həyatının nə ilə qurtaracağı heç kəsə gizli
deyildi.
Salonda əyləşib bu ilhamsız «şair»in nitqinə istehza ilə qulaq asan
M.Müşfiqin qəlbindən aşağıdakı misralar doğulmağa başlayır:
Şairə ilhamdan maya gərəkdir
Anasız çocuğa dayə gərəkdir!
Şairəm söyləyir yerindən duran,
Adamın üzündə hayə gərəkdir!
Həmin plenumun səhərki iclasında çıxış üçün söz verilən şair
M.Rzaquluyev M.Müşfiqin Stalinə həsr etdiyi şeirin üzərində durur.
O, «Stalin»in müsbət cəhətlərindən qısa xülasə verəndən sonra
dolayı yolla əsərə, daha doğrusu, şəxsən M.Müşfiqə qarşı açıq
hücuma keçir. Xüsusi hazırlanmış belə çıxışa görə böyük istedad
sahibi olan bir şairin gələcək aqibətinin nə ilə nəticələnə
biləcəyi o illərdə yaşayan hər kəsə aydın idi. Maraqlıdır ki,
M.Rzaquluyev M.Müşfiqin iki əsərindən nümunə gətirməsinə
baxmayaraq, yalnız «Stalin»in üzərində «var-gəl» edir və bu, bizdə
təəssüf doğurmaya bilmir.
O dövr ictimaiyyətinin, tənqidinin müsbət rəyini almış bu əsər
nədənsə, müəyyən dairələri qane etməmiş, Müşfiqin nailiyyətlərinə
qısqanclıqla yanaşılmış, onu aradan götürmək üçün çoxdan gözlənilən
fürsəti əldən buraxmayaraq bu yolla şairin «topa tutulmasına»
göstəriş verilmişdi.
Natiq şeiri parça-parça, misra-misra «iynə ucundan» keçirir. Bu
azmış kimi, M.Müşfiqi rus dilini bilməməkdə, köhnə kitablar
oxumaqda və onlardan istifadə etməkdə də suçlayır. Onu da qeyd edək
ki, Rzaquluyev şairin hər bir müsbət fikrinə başqa don
geyindirdikcə vicdan əzabı çəkirdi. Çıxışçının başqa yolu yox idi.
Sonradan ona aydın oldu ki, bu simasız cəlladlar qardaşı qardaşın
üzünə durmağa məcbur etməkdən böyük həzz alırlar.
M.Müşfiqi «köhnə kitablar» oxumaqda suçlandıran ifadələrə biz
H.Nəzərlinin çıxışında da rast gəlirik. Görünür, o dövrdə M.Müşfiqə
qarşı xüsusi bir «maraq» var idi. Əks təqdirdə, gənc şairə qarşı
küll halında hücumlar olmazdı.
Bizə elə gəlir ki, bir qələm sahibi kımi, M.Rzaquluyevin də
M.Müşfiqi bu və ya başqa şəkildə tənqid etməyi öz üzərinə
götürməkdə məqsədi qarşıdan gələn repressiyalardan sığortalanmaq
idi. Yığıncaqda M.Rzaquluyevin haqsız hücumlarına dözə bilməyən,
həmin illərdə Yazıçılar İttifaqının sədri olmuş, bəzi yazıçılara
qarşı sərt çıxışlar etməyə məcbur edilən S.Şamilov «bir neçə kəlmə
də öz perestroykanızdan danışın» deməklə çıxış edənin sözünü kəsmək
məcburiyyətində qalır. Arxiv sənədlərini vərəqlədikcə əsərlərində
gənclərə yol göstərən, xeyirxahlıqdan, mərdlikdən, düzlükdən dəm
vuran, ikiüzlülükdən, yaltaqlıqdan, paxıllıqdan, simasızlıqdan uzaq
olmağa çağıran həmin şəxslərin yazılarını oxuduqca onların haqsız
ittihamlarına acımalı olursan.
Bu məqamda müəllifıni unutduğum bir hikmətli sözü xatırlamalı
oldum: «Haqqı deməyə cürətin çatmırsa, sus!».
Sənədlər arasında M.Seyidzadənin Yazıçılar İttifaqının
idarə heyətinə yazdığı məktubu oxuyanda istər-istəməz damarımda
qanım dondu. Onu da unutmaq olmaz ki, həmin məktub M.Seyidzadənin
həyatı bahasına başa gələnlər siyahısına daxildir.
«Sizin tələbinizə (məcbur etdiyinizə - A.K.) görə alçaq
kontr-revolyusioner Hüseyn Cavid və Müşfiqlə olan əlaqəm haqqında
aşağıdakı məlumatı verirəm: Alçaq Mikayıl Müşfiqi mən Yazıçılar
Cəmiyyətində tanımışam. Onunla birlikdə Firdovsinin (məşhur
fars-tacik şairi Əbülqasım Firdovsi - A.K.) şeirlərindən tərcümə
etmişik… Müşfiq haqqında plenumda danışmaq istəmişəm, iki dəfə
sədrə yanaşmışam, mənə söz verilməyib. Müşfiqin yazıları haqqında
yazdığım materialları iclasdan sonra yoldaş Məmməd Rahim məndən
alıb məqalə üçün istifadə edəcəyinə söz verdi».
Yazmağa məcbur edilən bu söz müəllifinin bir neçə il sonra
M.Müşfiq haqqında yazdığı xatirəyə nəzər yetirək:
«… Müşfiq bəzən gecələr də bizdə qalırdı».
«Mikayıl Müşfiq fitrətən şair yaranmışdı. O, bütün varlığı ilə
ədəbiyyata, sənətə bağlı idi. Müşfiq həyatında bir gün də ilhamsız
yaşamırdı».
«1934-cü ildə biz Müşfiqlə bərabər Mərdəkanda bir bağa köçmüşdük.
Səhərlər və axşamlar dəniz sahilinə gedərdik».
Bu, M.Seyidzadənin daxilindən gələn həqiqi bir səs idi. Bu
fikirləri demək üçün şair uzun illər gözləmişdi.
Gələcəkdə böhtan dolu yazılacaq məqaləsi üçün «danos» yığan, bunun
üçün də M.Seyidzadədən ustalıqla istifadə edən M.Rahim həmin
materiallardan lazımınca «bəhrələnməyə» müvəffəq olur.
Repressiya illərində danosbazlar bir neçə yerə bölünürdü; bir qismi
xüsusi tapşırıqla, bir qismi ona toxunulmasın deyə könüllü, bir
qismi istedadlılara qarşı paxıllıq, qısqanclıq yarandığına görə,
bir qismi isə yuxarılara xoş gəlmək, onların «adamı» olmaqla ev,
vəzifə, əsərlərini nəşr etdirmək üçün bu üsuldan istifadə
edirdi.
Həmin hadisədən bir ay keçməmiş «Ədəbiyyat» qəzetində Mikayıl
Müşfiqə həsr edilmiş «Kontr-revolyusioner, kontrabandçı, oğru…»
adlı heç bir haqqa, ədalətə sığmayan şairin yazısı dərc edilir.
M.Rahim öz yazısında prokuror rolunu oynayaraq M.Müşfiqə üç
maddədən ibarət «cinayət işi» açır. O, əksinqilabçı, kontrabandçı
və oğru kimi «hakimə» hökm çıxarmağa «yol göstərir».
M.Rahım M.Müşfiqi tənqid edirdi;
birinci «maddəyə» görə - «zahirən sovet, lakin bütün daxili
quruluşu etibarilə qəddar kontr-revolyusioner ruhu ilə dolu olan»
əsərlərin müəllifi kimi;
ikinci «maddəyə» görə - «dili və şeirlərindəki kontrabanda yolu ilə
gətirdiyi fikirləri etibarilə» «proletariata sadiq» olmadığını
sübut edən şair kımi;
üçüncü maddəyə görə - «sinfi qardaşı Çobanzadədən də «oğurluq»
etdiyinə görə.
M.Rahim «qatı millətçi «Şeirlər» kitabından «Buludlar»ı oğurlayaraq
«Küləklər» kitabçasına» köçürüb» iddiasından əl çəkmir. Belə
üzdəniraq çıxışlar o dövrdə «düşmən ovuna» çıxan NKVD-nin əlinə
əsas verirdi. Bundan da məharətlə istifadə edərək vətəni xarici
düşmənlərdən «qoruyan»lar və onların erməni havadarlarının əlinə
analoqu olmayan «sübutlar» ötürənlərin qayğısı nəticəsində «həqiqət
aydın olur» və sonda bu «xalq düşmən»ləri cəzalarına çatırdı.
Maraqlıdır ki, həmin faciəni törədənlərə havadar olanlar «sular
durulandan» sonra öz günahlarını görmək istəmir və nəticədə bütün
günahları NKVD-nin üzərinə yönəltməklə sudan quru çıxmağa
çalışırdılar. Daha düşünmürdülər ki, tarix əvvəl-axır həqiqəti
yerinə qoyur.
Bəs kim idi günahkar?
Əgər yuxarıda qeyd edilən qələm sahiblərinin hökmlü çıxışları
M.Müşfiqi «barmaqlıqar arasına» sürükləyirdisə, Xalq şairi Xəlil
Rza Ulutürkün təbirincə desək, «həmişə Müşfiq ilə gəzən bu
fitnəkarın (M.Rahim nəzərdə tutulur - A.K.) məkrli, xəbis
təbiətindən» gələn yazıları «Mənim sevimli Müşfiqim, mənim müqəddəs
Müşfiqim, pak Müşfiqim, nur heykəlli Müşfiqim»in (Əkrəm Cəfər)
ölümünə bir fərman idi. Bu yazı M.Müşfiqin getdiyi gedər-gəlməz
yolun qapılarını «üzünə taybatay açırdı».
Bu, ulu Hüseyn Cavidin vaxtilə dediyi «Müşfiq bir odur ki,
öz-özünü yandıracaq» ifadəsinə qısqanclıqla yanaşanların hökmü
idi.
Həmin hücumlardan bir müddət sonra oxucularla görüşdən evə dönən
M.Müşfiq yaşadığı Nijnı Priyutskaya (indiki Süleyman Rəhimov)
küçəsinin yaxınlığında dayanan qara maşının yanında iki iricüssəli
kişinin xısın-xısın söhbət etməsinə fikir vermədi. Müşfiq ondan
nigaran qalan Dilbərin həyəcanını sakitləşdirmək üçün evə
tələsirdi. Qapını açan Dilbər Müşfiqin yorğun gözlərinə baxıb -
«harada idin, niyə gec gələcəyini qabaqcadan bildirmədin, axı
Balacaxanımla (Müşfiqin bacısı - red.) mənim gözümüz yolda
qalmışdı» - deməsi ilə qapının döyülməsi bir oldu. Qapının belə
vaxtsız-vədəsiz döyülməsindən Dilbərin üzünə bir qorxu yayıldı,
bənızi ağardı. Müşfiq isə heç nə olmamış kimi Dilbəri sakitləşdirib
içəri otağa ötürdü və qapını açdı.
- Mikayıl Müşfiq İsmayılzadə sizsiniz?
- Bəli, mənəm!
Bizimlə getməlisiniz! - deyib heç ailəsinə xəbər verməsinə də lüzum
görmədilər.
Yolun kənarında dayanan qara maşın onları gözləyirdi. Qonşular
qorxularından qapılarını açmağa cürət etməsələr də, bəziləri
mənzillərin işığını söndürüb, pərdə arxasından bu təlatümlü gecənin
«qurbanı»na acıyırdılar…
27 may 1937-ci ildə NKVD-nin təhlükəsizlik kapitanı Çinmanın tərtib
etdiyi arayışda göstərilir ki, guya Mikayıl Müşfiq Qədir oğlu
İsmayılzadə hal-hazırda «Müsavat» gənclər təşkilatı ilə əlaqə
saxlayır. O, partiya və hökumətin ünvanına böhtanlar deməkdən
çəkinmir. Bundan əlavə, M.Müşfiq «Azərbaycanın öz azadlığı yoxdur,
o, Rusiyanın koloniyasında yaşayır» kimi qızışdırıcı sözləri ilə
xalq arasında narazılıq yaratmaq istəyir. M.Müşfiq burjua -millətçi
fikirləri, əksinqilabi düşüncələrilə ədəbiyyat sahəsində bu yöndə
iş aparmasında günahkar bilinir. O, əksinqilabi təşkilat qrupuna
daxildir. Həbs olunmuş müttəhimlərin «könüllü» surətdə yazdığı
izahatlar da nəzərə alınmış və müstəntiq tərəfindən hazırlanan
həmin arayışa əsasən, Mikayıl Müşfiqin adına iyunun 3-də 508
nömrəli order yazılmış, 4-də isə həbs edilmişdi.
NKVD rəisi Sumbatovun (oxu. Sumbatyan - red.) və SSRİ prokurorunun
baş köməkçisi Rozovskinin imzası ilə təsdiq olunan ittihamnamədə
deyilir:
«1936-cı ilin sonlarında NKVD guya Azərbaycanda fəaliyyət göstərən
trotskiçi-millətçi təşkilatını üzə çıxarıb zərərsizləşdirmişdir.
Azərbaycan SSR-in SSRİ tərkibindən ayrılması istiqamətində bir çox
millətçilər hərbi yolla inqilab, ziyankarlıq, partiya və dövlət
rəhbərlərinə qarşı terrora əl atmağı qarşılarına məqsəd
qoymuşdular.
İstintaq materiallarından o da «aydın olur» ki, 1926-cı ildən
1930-cu ilə qədər əksinqilabçıları müdafiə etmək nəticəsində Almaz
İldırımzadə və Nəsir Quluzadə tərəfindən İsmayılzadə Mikayıl Müşfiq
Qədir oğlu əksinqilabi müsavat ruhunda hazırlanmışdır. M.Müşfiq
1930-cu ildə Nəsirzadə tərəfindən dəvət almış və qanunsuz gənc
«Müsavat» təşkilatına cəlb edilmişdir.
1930-35-ci illərdə İsmayılzadə qəddar əksinqilabi millətçi
«Müsavat» təşkilatının üzvü olub. Bu əksinqilabi hərəkat keçmiş
müsavatçılardan Ə.Cavad, H.Cavid, həmçinin başqa millətçilər
tərəfindən dəstəklənib.
1935-ci ildə İsmayılzadə əksinqilabi «Milliyyətçi hərəkətlərinə
görə» Məmmədkazım Ələkbərli tərəfindən təşkilata cəlb olunub.
İsmayılzadə təşkilata M.Ələkbərli tərəfindən cəlb olunduğunu, onun
Sovet dövlətinə qarşı iş apardığını «boynuna almışdır».
İsmayılzadə Mikayıl Müşfiq «boynuna almışdır» ki, o, əksinqilabi
təşkilatın demək olar, bütün qərarlarını yerinə yetirib.
Buna görə də İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlu Azərbaycan SSR
Cinayət Məcəlləsinin 64, 70, 73-cü maddələri ilə təqsirli bilinir.
Bundan sonra SSRİ Ali Məhkəməsinin Səyyar Hərbi Kollegiyasının 5
yanvar 1938-ci il 11:20 dəqiqədə başlanan məhkəməsi 11:40 dəqiqədə
İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlunun güllələnməsi hökmü ilə
başa çatır. Hökm yanvarın 6-na keçən gecə həyata keçirilir.
NKVD divarları arxasında ifadə verən məhbuslar yaşından asılı
olmayaraq ağır işgəncələrə davam gətirə bilmir, «günahlarını»
boynuna almağa məcbur olurdular. Həmin ifadə verənlərdən biri
ömrünün son günlərini yaşayan şair Hacıkərim Sanılı edilən zülm və
məşəqqətlərə dözə bilməyərək aşağıdakı ifadəni vermək
məcburiyyətində qalır:
«Mikayıl Müşfiq qatı millətçi olub. Mənim iştirakımla hər dəfə
həvəslə Müşfiq əksinqilabi fıkirlərlə çıxış edərək deyirdi:
«Azərbaycan əhalisi başqa millətlərdən fərqli olaraq (rus, erməni)
gözdən salınmışdır. Başqa millətlər (rus, erməni) Azərbaycana öz
mədəniyyətini inkişaf etdirməyə imkan vermədiyindən nəticədə də
xalq gözdən düşmüş sayılır».
Həmin ifadədən sonra ağır işgəncələrə dözə bilməyən H.K.Sanılı
dünyasını dəyışir.
1937-ci il noyabrın 1-də artıq NKVD inspektoru Kolginanın təqdimatı
ilə M.Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin həbsi üçün rəis
müavini Borşev qərar çıxarır. Noyabrın 2-də isə Dilbər Rza qızı
İsmayılzadə-Axundzadənin həbsi üçün order yazılır.
M.Müşfiqin güllələnməsinə dörd gün qalmış Dilbər Axundzadə vətən
xaininin həyat yoldaşı kimi həbs edilir.
Həyat yoldaşının güllələnməsindən bir ay keçməmiş təhlükəsizlik
leytenantı Q.B.Avanesov tərəfindən ilk dindirilmə aparılır. Dilbər
xanım iki aydan bəri davam edən əzab-əziyyətli ingəncələrə
dözməyərək psixi gərginlik keçirir. O, 28 fevral 1938-ci ildə 1
saylı əsəb xəstəlikləri xəstəxanasına müalicəyə göndərilir. Həmin
xəstəxananın baş həkimi İ.İ.Antonov və qadın şöbəsinin müdiri
A.A.Əsgərovun 19 fevral 1939-cu il tarixdə tərtib etdiyi aktda
Dilbər Axundzadənin müalicə olunduğu zaman gəldikləri nəticədən
aydın olur ki, xəstə müalicə olunan zaman nitqi sistemsiz, suallara
cavabı anlaşılmaz olmuşdur. Onun heç nə ilə maraqlanmadığı,
suallara ötəri cavab verdiyi qeyd olunur. 1938-ci ilin oktyabrında
Dilbər xanım sakitləşəndən sonra hallyusinasiya (qarabasma,
gözəgörünmə) halları keçirir. Son zamanlar bir qədər fəallaşdığı,
ətrafındakılara qarşı marağının artdığı, qəzet oxuduğu, əl
hərəkətləri ilə məşğul olduğu da aktda göstərilir, bəzən onda
qəribəliklər də mövcud olunduğu bildirilir.
7 mart 1939-cu ildə Respublika Prokurorluğunun xüsusi işlər şöbəsi
D.Axundzadənin həbsdən azad olunması üçün təqdimat yazır. 10 mart
1939-cu ildə NKVD-nin rəis müavini Kərimovun imzaladığı qərara
əsasən, D.Axundzadə həbsdən azad edilir və istintaq işi arxivə
verilir.
D.Axundzadə həbsxanadan azad olandan sonra yenə də özünü təqsirli
bilməmişdi. Belə ki, növbəti sorğuda günahsız olduğını bir daha
bildirmişdi.
…M.Müşfiqin həbsindən sonra ailənin növbəti qurbanı 8 saylı
məktəbdə müəllimə işləyən bacısı Balacaxanım Qədir qızı İsmayılzadə
(Şükürlü) olur. Hər cür rəzalətə əl atan rejim Balacaxanım
müəlliməni məhz qardaşına görə şərləyib işdən xaric etdirir. İşdən
azad edildiyini bilən Balacaxanım Şükürlü həmin gün Voroşilov rayon
(keçmiş 26, indiki Səbail) Xalq Maarif Şöbəsinin müdiri Axundovaya
müraciət edir. Ondan da müsbət cavab ala bilməyən müəllimə
Voroşilov rayon Partiya Komitəsinin katibi Ankışeviçə müraciət
edir. Ankışeviç müəllimənin M.Müşfiqin bacısı olduğunu bilib, onu
xalq düşməni, əksinqilabçı, antisovetçi kimi təhqir edib
kabinetindən qovur. Bu azmış kimi, bir qrup öyrədilmiş şəxsləri
yanına çağırıb Balacaxanım Şükürlüyə qarşı akt tərtib etdirir.
Həmin şəxslər tərəfindən rayon milis şöbəsinə müəllimənin
«xuliqanlığı» barədə müraciət edilir.
Akta rayon xalq maarif şöbəsinin müdiri Səkinə Rüstəm qızı
Axundova, inşaatda fəhlə işləyən Vasili Pavloviç Straçennikov, 13
saylı məktəbin metodisti Sahib Hüseyn oğlu Hüseynov, 10 saylı
məktəbin dərs hissə müdiri Çələbi İbrahim oğlu Qasımov, teleqrafda
texnik işləyən Mariya Yevlamkovna Tarasova, rayon partiya
komitəsinin təlimatçısı Yakov İosifoviç Qolumb, bölmə müdiri
Natalya Afanasyevna Abramova, Voroşilov rayonunda təbliğatçı
işləyən, ştatlı «danosbaz» Ruben Cümşüdoviç Ayriyan imza
atırlar.
Həmin hadisənin bilavasitə iştirakçısı olan Ankışeviç nədənsə, akta
imza atmır. Lakin bu hadisədən heç xəbəri olmayanları akta imza
atmağa cəlb edirlər.
13 sentyabr 1937-ci ildə 3 saylı şəhər milis şöbəsi belə nəticəyə
gəlir ki, doğrudan da 1906-cı ildə Bakı şəhərində anadan olmuş,
bitərəf, evli, orta təhsilli müəllimə İsmayılzadə (Şükürlü)
Balacaxanım Qədir qızı Axundova Ankışeviçi təhqir etmiş,
əksinqilabi, antisovet sözlər deməklə kifayətlənməmiş,
mürəkkəbqabını onlara tərəf atmışdır. Qərara alınır ki, Balacaxanım
İsmayılzadə (Şükürlü) həbsə alınsın.
Məhz «İttihamnamə»də də İsmayılzadə (Şükürlü) əvvəlcə «sestroy
razoblaçennoqo vraqa naroda İsmailova Mikaila» yazmaqla
B.İsmayılzadəni xuliqanlıq etdiyinə görə yox, məhz xalq düşməni
Mikayıl İsmayılzadənin bacısı olduğuna görə həbs edildiyi bir daha
aydın olur. Şahverdiyanın sədrliyi ilə məhkəmə Balacaxanım Qədir
qızı İsmayılzadənin altı il müddətinə azad- lıqdan məhrum edilməsi
üçün qərar çıxarır.
5 iyun 1954-cü ildə bəraət alan Balacaxanım İsmayılzadə
haqqında H.Abramova, S.Hüseynov, Q.İ.Qolusi tərəfindən verilən
şahid ifadələrindən məlum olur ki, müəllimə «doşlo do takoqo
stepeni çto razbila qrafin».
Amma yuxarıdakı şahidlərin imza atdığı aktdan məlum olur ki,
Balacaxanım İsmayılzadə (Şükürlü) mürəkkəbqabını rayon partiya
komitəsi katibinə və xalq maarif şöbəsinin müdirinə
«atmışdı»??
Maraqlıdır, necə olur ki, müəllimə ayrı-ayrı binalarda, ayrı-ayrı
kabinetlərdə əyləşən bu iki məmuru bir mürəkkəbqabı ilə vurmağa
nail olmuşdu?
Buradan belə bir nəticəyə gəlmək olar ki, B.İsmayılzadə heç də
məmurlara mürəkkəbqabı atmamış, həmin hadisə nəticəsində
müəllimənin əsəbləri o qədər gərilmişdir ki, su içmək üçün stolun
üstündə olan qrafini götürərkən hə-
yəcandan onu əlində saxlaya bilməyib yerə salmışdır. Bu vəziyyətdən
məharətlə istifadə edən partiya katibi B.İsmayılzadənin
hərəkətlərinə yuxarıdakı şəkildə don geyindirərək onu həbs
etdirməyə müvəffəq olmuşdur.
…Dilbər Axundzadə bəraət alandan sonra həyat yoldaşı olmuş
M.Müşfiqin şəxsi ev əşyalarını yazılı surətdə tələb etsə də,
Balacaxanım İsmayılzadə bu tələbə etiraz etmiş və əşyaların ona
çatacağını xatırlatmaqla onlardan imtina etdiyini də
bildirmişdi».
Belə, dəyərli oxucu! Mikayıl Müşfiq yaşasaydı, yəqin ki, hələ bir
çox şedevr əsərlər yaradacaqdı. Bu da taleyin bir qisməti, alın
yazısı idi. Ölümünü də sanki qabaqcadan duyurdu, hiss edirdi
şair.
Ah, mən gündən-günə bu gözəlləşən,
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən,
Dostdan, aşinadan necə əl çəkim?