Azərbaycanlı müğənni hönkürdü: "Atam faciəli şəkildə, işgəncələrlə öldürüldü" - FOTO

Azərbaycanlı müğənni hönkürdü: "Atam faciəli şəkildə, işgəncələrlə öldürüldü" - FOTO
23:03 3 Fevral 2017
75 Şou
Ölkə mətbuatı
A- A+

Publika.az Əməkdar artist Sevinc Sarıyevanın müsahibəsini təqdim edir:

- Sevinc xanım, bildiyimiz kimi Ağdam muğam mərkəzinin istedadlı yetirmələrindən biri olmusunuz. Bu torpaq daima sənətkar yetişdirib. Yəqin ki, evdə sizinlə yanaşı digər ailə üzvlərinizin də səsi olub.

- Bizim evdə hamının səsi olub. Biz 6 bacıyıq, hamımızın xoş avazı var. Anam hələ o vaxtlardan yas yerlərində mərsiyə deyərdi. Elə indinin özündə də. Bu da onun xoş avazının olması ilə bağlıdır. O, həm də muğamın bütün növlərini əzbər bilir.

- Bildiyim qədəriylə xanəndələrin bir çoxu mərsiyə deyir. Bəs siz necə?

- Bütün xanəndələrin axırı mərsiyə deyəndir də (gülür). Elə sənətkarlar var ki, mərsiyə deyib sənətə gəlib. Amma mərsiyə sənət növü deyil. Muğamı muğam kimi oxumaq lazımdır. Mərsiyəni, onsuz da, oxuyanda məclisdəkilər ağlayır, cəsarətləri varsa, muğamla insanları ağlatsınlar. Mən mərsiyə demirəm, deyənlər də, yəqin ki, müəyyən pul müqabilində deyirlər. Mənim ilk ustadım Vahid Abdullayev, sonra isə Arif Babayev olub. Arif Babayevin sinfində 4 il təhsil almışam.

- Kimlər sizlə bərabər oxuyurdular?

- İlahə Fəda, Lalə Məmmədova, Tural Salmanov, İlahə İbadova, hacı Nazim və s. xanəndələr mənlə eyni illərdə təhsil alıblar. Onu da deyim ki, biz Milli Konservatoriyanın ilk buraxılışlarıyıq.

- Nədənsə sənətçi toplumundan çox uzaq gəzirsiniz. Vəfasızlıq görmüsüz, yoxsa...

- Sözün düzü, sənətdə heç kimlə sırf dostluq etmirəm. Mən, sadəcə, onlarla yoldaşlıq edə bilərəm. Laləylə çox yaxınıq, vaxtaşırı görüşürük, danışırıq. Biz hətta tələbəlik illərində də birlikdə kitabxanaya gedib, mütaliə edirdik. Nədənsə İlahə Fəda ilə görüşə bilmirik. Bilirəm ki, depressiya keçirəndən sonra bir az sənətdə geri qaldı. Amma Fədayədən onu xəbər alıram, hətta bu yaxınlarda görüşəcəyik.

- Bilirəm ki, Qarabağ münaqişəsi digər ailələr kimi sizin ailənizə də böyük zərbə vurdu. Bir müğənni kimi Bakıya gələrkən hansı çətinliklərdən keçdiniz?

- Mən də digər Bakıda məskunlaşan insanlar kimi çox əziyyət çəkmişəm. Yadıma gəlir ki, bir müğənni də mənimlə birlikdə kirayə evdə yaşayırdı. Çox çətin günlər idi, geyimə, ayaqqabıya pul verə bilmirdik. Hətta həmin müğənni ilə ayaqqabımızı təmirə aparıb, yeni yamaq vurdururduq. Ayaqqabı ustası əlimizdən yaman bezmişdi. Həmin müğənninin adını çəksəm, bəlkə də yaxşı qarşılamaz.

- Kim idi ki, həmin müğənni?

- Mən Gülyaz və Gülyanaq bacılarıyla bir evdə kirayədə qalırdım. Həmin müğənni Gülyanaq idi, yəqin ki o da dediklərimi təsdiqləyər. Əsas odur ki, bugünkü gündə əziyyətlərimiz hədər getmədi. Bəzən Nəzakət Teymurova da bizimlə qalırdı. Halbuki, onların Bakının mərkəzində öz evləri var idi. O qədər Nəzakətin, Elza Qaybalıyevanın geyimləri ilə səhnəyə çıxmışam ki... Bu gün mən bunları utanmadan, fəxr hissi ilə deyirəm. Atam həmişə mənə deyirdi ki, yamaqlı ayaqqabılarını görünən yerə qoy ki, heç vaxt o günlərini unutmayasan. Yazıq atam, çox əziyyətlər çəkdi (ağlayır).

- Atanızdan danışarkən hönkürtü ilə ağladınız. Faciəli şəkildə dünyasını dəyişib?

- İndiyə kimi heç bir yerdə atamın faciəli şəkildə ölümünü danışmamışam. Ömür boyu bundan istifadə etməmişəm. Qarabağ münaqişəsində atam düşmənə əsir düşüb. Biz onu qaytarıb alsaq da, atama çox əziyyət vermişdilər. Buna görə də atam çox yaşamadı. Amma mən bunu heç vaxt gətirib deməmişəm. Atam sağlığında da deyirdi ki, mən heç vaxt arzu etməmişəm ki, mənim torpağımı düşmən alsın və mənə oradan pul kəssinlər, mən onu alım yeyim. Çox təəssüf ki, atam orada gördüyü işgəncəyə dözməyərək dünyasını tez dəyişdi (ağlayır).

- Həyat yoldaşınızın timsalında atanızı görürsünüzmü?

- Yox, deməzdim, atam tamam başqa insan idi. Ona heç kim çata bilməz. O dünyasını dəyişəndə el-oba dedi ki, nəsilin "peyğəmbəri" getdi. O evdə hazırlanan yeməyi əsgərlərdən ayrı yemirdi.

- Atanıza verə bilmədiyiniz hansı cavabsız suallarınız ürəyinizdə qaldı?

- Heç olmasa bircə dəfə də olsun bizim üstümüzə qışqırardı. Biz atamdan bu hərəkəti görməmişdik.

- Əslində, ciddi sənətlə məşğul olan insanlar da böyük qalmaqallarla üz-üzə qalırlar. Siz də nə vaxtsa həmkarlarınız tərəfindən bu cür təzyiqlərə məruz qaldınızmı?

- Bəzən olub, amma mən tez unutmuşam. Mənə daha çox paxıllıq ediblər. Mənim elə insanlara yazığım gəlir. Mən şəxsən heç bir sənət yoldaşım haqda pis heç nə danışmamışam. Bir sözlə, qeybətdən uzağam.

- Sevinc xanım, keçən il verilişlərin birində gənc Leyli və Məcnunları sərt tənqid etdiniz. Bir çoxları isə bunu sizin Leyli roluna böyük iddianızla əsaslandırdı. Əslində, məsələ necə idi?

- Əslinə qalanda, məni insanlar düzgün başa düşmədilər. İndiki dövrdə Leyli, Məcnun oyanamaq çox asandır. Xanəndələr əziyyət çəkmədən çıxıb səhnədə Leyli, Məcnun oynayırlar. Yadımdadır ki, o vaxt Mənsum, Gülyanaq tramvayla tamaşa oynamağa gedirdilər. İndiki Leylilər "cip"də gəzir, "Galenvagen" sürürlər. Mən sırf bunu nəzərdə tutmuşam. Hətta elə olub ki, Mənsum müəllim tamaşaya görə bahalı toylarından da imtina edib. 2-3 sərxoşun qabağında oxumaq sənətkarlıq demək deyil. O ki qaldı Leyli obrazına... Mənim üçün Leyli olmaq problem deyil. İstəsəydim, indiyə kimi oynayardım. Amma, maşallah olsun ki, Leylilərimiz çoxdur.

- Gəlin etiraf edək ki, 50 yaşında Leyli olmaz.

- Xeyr, sənətin yaşı yoxdur. Mənim 25 yaşda oxuduğum muğamla indi oxuduğum muğam arasında böyük fərq var. İndi əksinə dərk edib oxuyuram. Sənətkar həmişə səhnəyə lazımdır. Müasir dövrdə Nəzakət Teymurovanın Leylisi qədər Leylilərimiz çox azdır.

- Sevinc xanım, muğamı xarici dövlətlərdə necə təmsil edirsiz?

- Bu günlərdə Macarıstan, Türkmənistandan qayıtmışam. Almaniyada qastrol səfərində olarkən mənə orada yaşayıb, çalışmağımla bağlı təklif gəldi. Sentyabr ayında ailəmlə birlikdə Almaniyaya köçəcəyəm. Amma Azərbaycanla da əlaqəmi kəsməyəcəm, tez-tez gəlib-gedəcəm. Bu, mənim üçün böyük bir şansdır. Düzünü deyim ki, mənə yaxşı qonorar təklif ediblər. (milli.az)





































Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/186372.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR