Azərbaycanda yazarlar nə qədər qazanır, bu qazanc onları qane edirmi? Ümumiyyətlə, yazar olmaq maddi ehtiyacların qarşılanması baxımından sərfəlidirmi? Mətbuat.az bu barədə yazarlar arasında keçirilmiş sorğunu təqdim edir:


​Azərbaycanda yazarlar nə qədər qazanır?

Şərif Ağayar

Kitabdan çox az pul qazanmışam. Əsasən, işləmişəm və düşəndə redaktələr etmişəm. Bir də arada dostlar kömək edib.

​Azərbaycanda yazarlar nə qədər qazanır?


Fəxri Uğurlu
Yazıçılar qazanmır, mənim yadıma gələnlər elə itirənlərdir.

​Azərbaycanda yazarlar nə qədər qazanır?


Aqşin Yenisey
Söhbət bizim ölkədən gedirsə, bizdə qazanc və yazıçı sözünü bir yerdə işlətmək özü əla zarafatdır. Çünki bizdə yaxın yüz ildə yazıçı hökumətin ağzına və əlinə baxıb. Dediyini yazıb və əlindəkindən umub. Bu gün isə nisbətən bazar azadlığı var və bundan yazıçılar deyil, yazıçı işləyənlər qazanır. Yəni, bu gün pul gətirən əsərlərin heç bir ədəbi dəyəri yoxdur. O pul gətirən kitabların heç birini dünyaya çıxarıb "Azərbaycan ədəbiyyatı budur" deyə bilmərik. Əsl yazıçılara hökumət də diqqət göstərmədiyindən bu gün onlar cəmiyyətin ən səfil təbəqəsi həddində yaşayır və qazanırlar. Ciddi elm kimi, ciddi sənət əsəri də heç kimə lazım deyil. Bugünki mədəni tənəzzül də bununla bağlıdır. Əsl yaradıcılığa cəmiyyətdə cahil bir münasibət var. Şəxsən mənim özümə gəlincə, indiyədək beş kitabım çıxıb, onlarda heç beş qəpik də qazanmamışam. Oxucuların verdiyi pul ancaq çap xərcini ödəyib. Buna görə də kitab çap etmək üçün heç bir marağım yoxdur. Yazdıqlarımı heç evdəkilərə də göstərmirəm.

​Azərbaycanda yazarlar nə qədər qazanır?


Nərmin Kamal

Fəlsəfə müəllimi kimi universitetdən aylıq maaşım 400 manat, mətbuatda oxuduğunuz publisistik yazılarıma görə qonorar alıram, redaktorlar həmişə yaxşı qonorar yazırlar, sağ olsunlar. Kitablarımdan isə həmişə nəşriyyatlar qazanıb, mən yox. Həyatımın böyük hissəsini şifahi və ya yazılı tərcüməçilikdən pul qazanmışam. Orta aylıq qazancım - mincə manat. Pul heç olmasa da mən xoşbəxt yaşayıram.


​Azərbaycanda yazarlar nə qədər qazanır?


Sahilə İbrahimova

Ya zəlzələdən, ya vəlvələdən aylıq gəlirim 2000 AZN dir.


​Azərbaycanda yazarlar nə qədər qazanır?

Sevinc Elsevər
Bizdə çox az yazıçı var ki, ədəbiyyatla pul qazansın. Onlar tərcümələr edirlər, köşələr yazırlar. Kitabdan pul gəlmir. Kitab təqdimatları keçirirlər, kitabın nəşrinə xərcələnən pulu belə çətinlikləəldə edirlər. Öz adıma onu deyə bilərəm ki, bu günə qədər ədəbiyyatdan pul qazana bilməmişəm. Qazandığım pullar kənar işlərdən olub. Köşə yazmışam, əsərim əsasında serial çəkiblər, müsabiqədən pul mükafatı almışam və s. Təxminən 15 il əvvəl bir neçə dəfə "Ulduz", bir dəfə "Azərbaycan" jurnalında çap olunmuşdum. Ordan qonorar almışdım. Onu da zülümlə alırdım. AYB-nin üzvü deyildim. Təxəllüslə çap olunurdum. Mühasibatçı qadın hər dəfə deyirdi ki, sübut elə ki, sən o şeirləri yazan qızsan. Tələbə bileti, şəxsiyyət vəsiqəsi - heç birini etibarlı sənəd kimi qəbul etmirdi. Axırda düşürdüm, Yazıçılar Birliyini gəzirdim, bir qoca şair tapırdım, xahiş edirdim ki, gəl, bu xanıma sübut elə ki, qonorar almalı olan adam mənəm. Əlbəəttə ki, o yaşlı şair də məni tanıyan biri olmalıydı. Yoxsa ona da sübut eləməli olurdum. Bu minvalla mən daha AYB orqanlarında da çap olunmaqdan usandım. Haqqım olan qonorarı güclə alırdım. O qadın indi də yadımdan çıxmır. Yaza-yaza yadıma düşdü ki, bir neçə dəfə də "Kulis" şeirlərimə görə qonorar verib. Amma bu da müvəqqəti olub. Çox qazanan yazıçılar da var. Varisdən danışırdılar o gün. Sovet dövrünün yazıçılarının kitablarının tirajı qədər kitab buraxır. Biz ona çata bilmərik, əlbəəttə ki.

​Azərbaycanda yazarlar nə qədər qazanır?

Azad Qaradərəli

Mən bir neçə ildir ki, işləmirəm. Bu ilin martında təqaüd yaşım çatır. Qismət olsa, təqaüdə çıxacağam. Dolanışığımdan isə narazılığım yoxdur. Yaşadığım bu 63 ildə o qədər insanlara yaxşılığım keçib ki, indi həmin "əkdiklərim barını verir." Yəni, istər kitablarımın çapı zamanı, istərsə də təqdimatında və satışında tanıdığım və tanımadığım oxucular, tanış-bilişlər yaxından iştirak edir və kitablarım sürətlə olmasa da. satılır. Bəzi nəşriyyatlardan sifarişlər də olur: kitab redəktəsi-filan.

Bütün bunları üst-üstə gəlsək, yaşamağa stimul var hələ ki.

Lap sonda: mənim etibarlı ailəm və övladlarım var. Onlardan aldığım mənəvi dəstək mənimçün nəyə desən dəyər.

​Azərbaycanda yazarlar nə qədər qazanır?

Əli Şirin Şükürlü
Mənim əmək haqqım 500 manat təşkil edir, ayr-ayrı vaxtlarda isə dünya ədəbiyyatından tərcümələrə və jurnallarda dərc olunan əsərlərə görə qonarar almışam. Bir də, 2011-ci ildə verilən "Prezident təqaüdü"nə görə bir il ərzində hər ay 300 manat almışam. Sonuncu kitabım 2011-ci ildə nəşr olunub və satışdan yadda qalan bir məbləğəldə etməmişəm. Arzu edirəm ölkəmizdə kitab mədəniyyəti və marketinqi elə səviyyəyə çatsın ki, hər bir yazıçı zəhməti və istedadı sayəsindəərsəyə gətirdiyi əsərlərdən maddi və mənəvi qazanc əldə eliyə bilsin.


​Azərbaycanda yazarlar nə qədər qazanır?

Varis Yolçuyev

Azərbaycanda hər hansı bir yazarın yazıçılıqdan qazanması indiki halda inandırıcı deyil. Bu, 2014-cü ilədək mümkün idi. Tirajlar böyük idi, metro satış şəbəkəsi var idi, əhalinjn alıcılıq qabiliyyəti yüksək idi. Amma indi durum çox sıxıcıdır.

Şəxsən mənim Türkiyədə, Rusiyada, Özbəkistanda müntəzəm nəşriyyat hesabına kitablarım çıxır, 10-12 faiz də qələmhaqqı alıram. Daha 2 ölkədə də kitablarıma tələbat var, müqavilə gözləyirəm. Bu qədər.


​Azərbaycanda yazarlar nə qədər qazanır?


Kənan Hacı

Azərbaycanda kitab satışı var ki, yazıçı da pul qazansın? Yazıçılıqla pul qazanmaq yox, ac qalmaq olar.

Heç yazılarımıza düz-əməlli qonorar verən qəzet, sayt yoxdur. Bir yazıya elə məbləğdə qonorar yazılır ki, onu adam dilinə gətirməyə belə utanır.Bu saat süpürgəçi yazıçıdan yaxşı yaşayır.

​Azərbaycanda yazarlar nə qədər qazanır?

Ayxan Ayvaz

Mən kitabdan heç nə qazanmıram. Bİr qəpik belə. Ancaq iş. O da yazıdan çıxır.

​Azərbaycanda yazarlar nə qədər qazanır?

Mübariz Örən
Başqalarını bilmirəm, mənim bu vaxtacan ədəbiyyatdan qazancım vur-tut qırx neçəsə manat olub. Onu da, sağ olsunlar, "Ulduz" jurnalından yazmışdılar, aldım, alan kimi də birbaş "Qanun" nəşriyyatına gedib qəpiyinəcən kitablara xərclədim. İnanmağım gəlmir ki, bizdə hansısa yazıçı, yaxud hansısa şair - hətta ən çox satılanlar belə - kitab çıxarmaq hesabına pul qazana, minimum tələbatlarını ödəyə bilsin. Təəssüf ki, bu reallıqdır və reallığı göz altına alıb dolanışığımızı başqa sahələrdə axtarmağa məhkumuq! Konkret mənə gəldikdəisə, hazırda sahibkarlıq fəaliyyətindəyəm, ədəbiyyatla biznesin ortaq sərhədləri olduğuna özümü inandırıb... ya
zıram.

​Azərbaycanda yazarlar nə qədər qazanır?

Cəlil Cavanşir

Kitab satışından ciddi qazancım olmayıb. Ümumiyyətlə hazırda qazancımdan narazı deyiləm. Həddindən artıq çox işləyirəm və bunun müqabilində qazancımdan şikayətçi deyiləm.

​Azərbaycanda yazarlar nə qədər qazanır?

Emin Piri
Kitabdan qazanc söyləyə bilmərəm. Çünki özüm bir iki aya dərc etdirəcəm. O zaman daha dolğun deyərəm. Amma qazancım redaktələrdən və qonorarlardan olur. Şeirlərimdən əsasən dövlət jurnallarından çapa görə hər dəfə təxminən 200 ala bilirəm. Kənddə müəlliməm, 600 müəllim maaşı, uşaq hazırlığı birtəhər dolanıram.

​Azərbaycanda yazarlar nə qədər qazanır?

Ömər Xəyyam

Kitab bitib, 500 tirajla çıxmışdı. Hamısı keçən il satıldı. İndiki maaşıma qonararı da əlavələsək, 1000-1200 AZN qazanıram.

​Azərbaycanda yazarlar nə qədər qazanır?

Oğuz Ayvaz

Qonarara görə yazmışam. İndinin özündə belə yazılarıma görə dolanıram. Əgər səsim olsaydı, populyar mügənni olardım. Əlimdən yazmaqdan savayı heç nə gəlmir.


​Azərbaycanda yazarlar nə qədər qazanır?


Məsudə Cabbar

Mənim fəaliyyətim sadəcə kitab işindən ibarətdir. Ondan da qazancım çox azdır. Qazancım ən yaxşı halda 450-500 azn olur. 1 il işləyib bir ayın maaşını almaq kimi bir şey. Kitab çapı üçün çox pul ödəyirik təəssüf ki.


​Azərbaycanda yazarlar nə qədər qazanır?

Raqif Raufoğlu


Belə deyim, sırf kitabdan gələn gəlirdən danışsaq, çox gülməli rəqəm olduğu üçün demək istəmirəm, amma yazar mütəmadi köşə yazıları yazmaqla haradasa həftəyə 200 AZN qazana bilər. Onu da verən qəzet, sayt olarsa. Mənim qazancım aparıcılıqdandır. Burada da gəlir tədbirlərdən, partnyorların təkliflərindən asılı olur.

​Azərbaycanda yazarlar nə qədər qazanır?

Tural Sahab

Kitab satışından demək olar ki, heç nə qazana bilməmişəm. Rayonda yaşadığımdan satışı ilə məşğul ola bilmədim və pulsuz olaraq payladım kitabımı.

Digər işim isə müəllimlikdi. Ayda 300- 400 manat arasında gəlirim olur.

​Azərbaycanda yazarlar nə qədər qazanır?

Tural İsmayılov

Bizim ölkədə yazıçıların yaradıcılıqdan maddi gəlir əldə etməsi, bu gəlirlə yaxşı demirəm, normal yaşayışı təmin etməsi çox çətindir. Təbii ki, kitabları yaxşı satılan yazarlar da var, ya da illər keçdikdən sonra öz imzasını təsdiq edən vəədəbi potensialını maddi gəlirə çevirən yazıçı nümunəsi də var. Amma bu da nəinki dünya səviyyəsi ilə müqayisə oluna bilməz, heç qardaş Türkiyə ilə də rəqabət apara bilmərik. Guya bizdə yaxşı əsərlər yazılmır? Qətiyyən belə deyil. Adı bir misal deyim, Aysel Əlizadə yaxud Nərmin Kamal Elif Şafakdan zəif yazıçıdır? Məhz qazanc yeri olmadığı üçün bir çoxumuz jurnâlistika ilə məşğuluq, başqa sahələrdə çalışırıq. Ədəbiyyat sevgi və xobbidir indi bir çoxumuz üçün, təəssüf ki, bu acı faktoru dana bilmərik.


Sorğunu keçirdi: Dəniz Pənahova