Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya arasında telefon danışığı olub.
Bu barədə “Report”a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
QMİ sədrinin təşəbbüsü ilə baş tutan söhbət zamanı Şeyxülislam A.Paşazadə Qafqazın ağsaqqal dini liderinin səhhəti, əməliyyat sonrası əhvalı ilə maraqlanıb. Qardaşı II İliya həzrətləri üçün Uca Allaha dualar etdiyini bildirən Şeyxülislam A.Paşazadə Patriarxın səhhətinin qaydasında olmasından və Azərbaycan dindarlarının salamlarını ona yetirməkdən məmnun olduğunu dilə gətirib. Şeyxülislam ən yaxın zamanda – qarşıdakı həftələrdə II İliya həzrətlərini ziyarət etmək üçün Gürcüstana gedəcəyini Patriarxın diqqətinə çatdırıb.
Söhbət əsnasında Şeyxülislam A. Paşazadə II İliya həzrətlərinə Azərbaycanda elan olunmuş İslam Həmrəyliyi ili çərçivəsində QMİ tərəfindən keçiriləcək Beynəlxalq Konfrans barədə məlumat verib, gürcü Patriarxlığına da dəvət göndərildiyini xatırladıb. Patriarx II İliya məmnuniyyətlə konfransda təmsil olunacaqlarını, onun işində yaxından iştirak edəcəklərini bildirib, Konfransın ünvanına təbrik məktubu ünvanlayacağını diqqətə çatdıraraq tədbirə uğurlar diləyib.
Telefon bağlantısı zamanı Patriarx II İliya həzrətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya səmimi salamlarını çatdırmağı Şeyxülislamdan rica edib Mehriban xanımın ali məqama təyin olunması münasibətilə xeyir-dualarını bildirib.