Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlara 365 min manat güzəştli kredit verilib

Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlara 365 min manat güzəştli kredit verilib
18:32 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gün Xaçmaz rayonunun Xudat şəhərində növbəti işgüzar forum keçirib.
İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, forumda 90-a yaxın sahibkar iştirak edib. 
Forum çərçivəsində Xaçmaz rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, intensiv bağçılıq, cins heyvandarlıq, istixana təsərrüfatlarının, quru meyvə, şirniyyat məhsullarının istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
Fondun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bugünədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2300-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 184,2 mln. manat güzəştli kredit verilib: "Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, çörək zavodunun, istixana, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib".
İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 365 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən heyvandarlıq, bağçılıq, tərəvəzçilik və s. sahələrin inkişafına yönəldiləcək. Kreditlərin reallaşdırılması hesabına 30-a yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Xaçmazda güzəştli kredit ayrılan “Yalama Aqropark”ın faəliyyətinə baxış keçirilib. Artıq aqroparkda birinci mərhələ üzrə işlər başa çatdırılıb. Bu mərhələdə 3 min başlıq cins iri buynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sisteminin tətbiqi ilə 385 ha sahədə iri taxılçılıq təsərrüfatı, yem zavodu yaradılıb. Zavodun davamlı və fasiləsiz xammala olan tələbatının ödənilməsi məqsədilə taxıl anbarı və qurutma avadanlığı quraşdırılıb. Yem zavodunda istehsal olunan qüvvəli yem aqroparkın tələbatının ödənilməsi ilə yanaşı, regionda fəaliyyət göstərən təsərrüfatların tələbatının ödənilməsində əhəmiyyətli rol oynayır. Heyvandarlıq kompleksinin yem bazasının formalaşdırılması məqsədilə növbəli əkin sistemi tətbiq olunmaqla müxtəlif kənd təsərrüfatı bitkiləri (arpa, qarğıdalı) əkilir. Ötən il aqroparkda 100 ha sahədən Azərbaycan üzrə rekord səviyyədə məhsuldarlıq - hər hektardan 15,6 ton yüksək keyfiyyətli dənlik qarğıdalı tədarük olunub. İkinci mərhələdə aqroparkda müasir texnologiyanın tətbiqi ilə emal müəssisələrinin yaradılması nəzərdə tutulur. Bundan başqa, aqroparkın yem bazasının gücləndirilməsi məqsədilə 956 ha sahədə iri taxılçılıq təsərrüfatı yaradılacaq. Artıq ərazidə müasir suvarma sistemlərinin quraşdırılması üçün layihələndirmə işləri aparılır. Hazırda aqroparkda 150 nəfər çalışır və ikinci mərhələ başa çatdıqdan sonra 300-dən çox yeni iş yeri yaradılacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/quba-xacmaz-iqtisadi-rayonunda-sahibkarlara-365-min-manat-guzestli-kredit-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR