x
Loading...

SOCAR-ın idarə və müəssisələrində Xocalı faciəsinin qurbanları yad edilib

SOCAR-ın idarə və müəssisələrində Xocalı faciəsinin qurbanları yad edilib
18:22 24 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar SOCAR-ın idarə və müəssisələrində silsilə tədbirlər keçirilir, soyqırım qurbanları böyük ehtiramla yad edilir.
“Report” SOCAR-a istinadən xəbər verir ki, bu gün SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin akt zalında Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş anım mərasimi keçirilib. 
Birliyin İdarəetmə aparatı, Etilen-Polietilen zavodu, Təmir-Tikinti İdarəsi və Karbamid zavodu əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Anım mərasimində tədbir iştirakçılarına 1992-ci il il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində törətdikləri soyqırım haqqında geniş məlumat verilib. Natiqlər vurğulayıblar ki, 1 mart 1994-cü ildə Ulu öndər Heydər Əliyev Xocalı soyqırımı ilə əlaqədar Fərman imzalayıb, Azərbaycan Milli Məclisinin Qərarı ilə 26 fevral ''Xocalı soyqırımı günü'' elan olunub. Ümummilli lider Heydər Əliyevin ''Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır, bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir'' fikri Azərbaycan dövlətinin və xalqımızın bu dəhşətli faciəyə münasibətinin dəqiq ifadəsidir. Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən ''Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlər nəticəsində dünyanın bir sıra ölkələrində soyqırımla bağlı müvafiq qərarlar qəbul edilsə də, bu hərbi cinayət beynəlxalq miqyasda hələ ki, öz hüquqi qiymətini almayıb. Anım mərasimində Xocalı faciəsinə həsr olunmuş film nümayiş olunub.
Bakı Ali Neft Məktəbində keçirilmiş tədbirdə soyqırım qurbanları və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
BANM-in rektoru Elmar Qasımov bildirib ki, Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı soyqırımı XX əsrin insanlığa qarşı törədilmiş ən qəddar və ən dəhşətli cinayətidir. BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdar Şahverdiyev Xocalı soyqırımının tarixi aspektləri haqqında danışıb. O bildirib ki, bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gələrək qətliamın qurbanı olub. 
Ssonra BANM-in tələbələri “Xocalı tarixi və soyqırımın səbəbləri” və “Xocalı soyqırımının baş verməsi və nəticələri” mövzusunda çıxışlar ediblər. Tədbirdə tələbələrin ifasında Xocalı soyqırımına həsr olunmuş şerlər səsləndirilib, sosial video çarx nümayiş olunub.
Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində Xocalı soyqırımı qurbanlarına həsr olunmuş anım mərasimini giriş sözü ilə QRTM-nin müdiri Nəzakət Məmmədova açaraq, Xocalı faciəsi həqiqətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbirdə slaydlar nümayiş etdirilib.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu işğal olunmuş torpaqlarımızı erməni təcavüzkarlarından azad etməyə, Ali Baş Komandanın əmri ilə Lələtəpə kimi zirvələri fəth etməyə hər an hazırdır. Tədbirin sonunda QRTM-nin şagirdlərinin ifasında Xocalı faciəsinə həsr olunmuş şeirlər ifa olunub.
“SOCAR PETROLEUM” QSC-nin kollektivi əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. 
“SOCAR PETROLEUM” QSC-nin konfrans zalında davam etdirilən toplantıda soyqırım qurbanları və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Çıxış edən natiqlər bildiriblər ki, Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeridib, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar. Həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olub, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb. 
“SOCAR PETROLEUM” QSC-nin əməkdaşları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılmasında əhəmiyyətindən ətraflı söz açıblar.             

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-in-idare-ve-muessiselerinde-xocali-faciesinin-qurbanlari-yad-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR