Bakı. 9 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Yevlax rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
“Report” xəbər verir ki, sahibkarlardan iri taxılçılıq, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının yaradılması, soya əkini, yun qəbulu məntəqəsi və pendir istehsalı müəssisəsinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Bu gündən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172) müraciət edə bilərlər.
Qeyd edək ki, SKMF Yevlax rayonunun Yuxarı Bucaq kəndində martın 2-də işgüzar forum keçirib.