Bakı-Sumqayıt yolunda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölən və xəsarət alanların bəzilərinin adları məlum olub.

Milli.Az xəbər verir ki, Abşeron rayon Təcili Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə nəticəsində ölənlərdən biri 1997-ci il təvəllüdlü Aygün Məmmədovadır.

Bundan başqa, 2 nəfər - 1997-ci il təvəllüdlü Canıyev Rəşad Füzuli oğlu və 1997-ci il təvəllüdlü Həmidov Emin Vaqif oğlu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə nəticəsində daha iki nəfər - 1998-ci il təvəllüdlü Mürsəlov Aydın Zahid oğlu və 1997-ci il təvəllüdlü Tağıyev Samir Məhəd oğlu Sumqayıt Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Qeyd edək ki, səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində baş verib. Qəza nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb, 21 yaralı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində