Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya iki
günlük səfəri başa çatdı.
Publika.az xəbər verir ki, Putinlə danışıqlarda
dörd mövzu əsas idi: ticarət-iqtisadi əlaqələr, mədəni-humanitar
məsələlər, hərbi-siyasi əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsi
ətrafındakı vəziyyət.
Medvedevin xəstəliyi
Serj Sarkisyan Moskvada Rusiya baş naziri Dmitri Medvedevlə də
görüşməli idi. Lakin Medvedev xəstələndiyini əsas gətirərək,
görüşdən imtina etdi. Rusların baş nazirinin xəstəliyini Putin
açıqladı və “gərək, özünü qorusun” deyə tövsiyələr də verdi. Lakin
bu xəstəliyin nə dərəcədə real olduğu, yoxsa görüşdən imtina üçün
bəhanə edildiyini dəqiq demək çətindir. Hər-halda son dövrlər
siyasətçilərin “xəstəlik” manevrlərindən tez-tez istifadə etməsi
müşahidə edilir.
Hərbi-siyasi məsələlər
Rusiyalı siyasi şərhçi Rostislav İşenko “RİA Novosti” agentliyində
dərc olunan məqaləsində qeyd edir ki, İrəvan hər şeydən öncə
hərbi-siyasi məsələlər və regional bloklarla bağlı müzakirələri önə
çəkir.
“Əlbəttə, Ermənistanda iqtisadi problemlər kifayət qədər kəskindir.
Bununla yanaşı, Ermənistanın Avrasiya İqtisadi İttifaqına təcili
girişi gözlənilənin əksinə olaraq, heç bir effekt vermədi. Bütün
bunlara baxmayaraq, Ermənistan üçün hər şeydən öncə hərbi-strateji
vəziyyət maraqlıdır”, - deyə o bildirib.
Rus bazası genişləndirilir
Rusiyalı şərhçinin açıqlaması fonunda martın 6-da Rusiya
Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin İrəvana səfəri
yada düşür. Patruşev İrəvanda regional məsələlər və Dağlıq Qarabağ
məsələsini müzakirə etmişdi. Sarkisyan Moskvaya gələndə isə Rusiya
və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəislərinin
danışıqları oldu. Danışıqlarda hərbi-siyasi əməkdaşlıq, həmçinin
rusların Gümrüdəki 102-ci hərbi bazasının genişləndirilməsi
məsələsi müzakirə edilirdi.
Sarkisyan “İzvestia” nəşrində dərc olunan məqaləsində Rusiya ilə
birlikdə Gürmrüdə müdafiə sənayesi kompleksinin yaradılması
arzusunu dilə gətirdi.
Müharibə, rusların qorxusu və Sarkisyanın
istəyi
Rostislav İşenko hesab edir ki, Ermənistanın hərbi-siyasi sferaya
xüsusi önəm verməsi Qarabağ münaqişəsində danışıqların dalana
girməsi ilə bağlıdır.
“Münaqişə tərəfləri barışmaz mövqedədirlər. Ötən il baş verən
müharibə də göstərdi ki, gərginlik istisna deyil. Bunun fonunda
Sarkisyan Moskvada səfərdə olarkən, Azərbaycan prezidenti İlham
Əliyevin Parisdə rəsmi səfərdə olması diqqət çəkdi. İlham Əliyev
danışıqların yenidən aktivləşməsi üçün Fransanın dəstəyini
qazanmağa çalışırdı. Səslənən fikirlər onun buna nail olduğunu
göstərir. Çünki Fransua Olland “status-kvo qəbuledilməzdir”
deməklə, Bakıya doğru aydın reverans etdiyini göstərdi. Bunu təkcə
Fransanın yox, ABŞ-ın da mövqeyi hesab etmək olar. Buna paralel
olaraq, Putinin Moskvada Sarkisyanla hərbi-siyasi məsələlər
ətrafında müzakirələr aparması kobud desək, Rusiyanın Ermənistanda
gücünü artırmaq cəhdləridir. Güman ki, Sarkisyan da mediaya qapalı
olan görüşdə Putindən hərbi-siyasi sferada dəstək istəyib. Putin də
belə dəstəyin veriləcəyini deyib”, - deyə siyasi şərhçi diqqətə
çatdırıb.
Lakin Rostislav İşenko əlavə edir ki, Rusiya Azərbaycanla
münasibətlərə xüsusi önəm verir.
“Moskva Qarabağda gərginliyin olmasını istəmir. Çünki bu, təkcə
Cənubi Qafqazda stabilliyi pozmur, həm də Rusiya sərhədlərində
regional böhrana gətirib çıxara bilər. Azərbaycan həmçinin, Rusiya
üçün Suriyada Türkiyə ilə ittifaqı gücləndirmək üçün də vacib
ölkədir. Amma istisna deyil ki, Moskva Azərbaycan ordusu ilə
müqayisədə daha zəif olan Ermənistan ordusuna dəstəyini davam
etdirəcək”, - deyə o bildirib.
Asif